Güclü zəlzələyə HAZIRIQ? EKSKLÜZİV
Azərbaycan növbəti zəlzələyə hazırdırmı?
Dünyada, demək olar ki, hər gün dağıntılara və insan tələfatına səbəb olan təbii hadisələr baş verir. Azərbaycanda qeydə alınan təkanlar əsasən, antropoloji – yəni insanların fəaliyyəti nəticəsində baş verir. Bu baxımdan günü-gündən inkişaf edən Bakımızda yeni iş yerlərinin açılması, göydələnlərin ucaldılması onun təhlükəsizliyi məsələsini ortaya qoyur.
ULUSUM.AZ saytına özəl açıqlama verən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızının sözlərinə görə, yeraltı təkanlar hər gün qeydə alınır. Sadəcə onların gücü zəif olduğuna görə, hər zaman hiss olunmur.
- Bakının hazırda infrastrukturu, xüsusən yeni tikilən binalar neçə ballıq zəlzələyə davamlıdır?
- Bizim mərkəz tərəfindən yeni tikilən binaların ərazisinin seysmik qiymətləndirilməsi 2019-cu ilə qədər aparılıb. Ondan sonra bu proses dayandırılıb. Çünki qanunvericilikdə tikinti şirkətləri üçün belə bir tələb qoyulmayıb. Ona görə də bizim tərəfimizdən yalnız hansısa tikinti şirkəti öz təşəbbüsü ilə seysmik qiymətləndirmə aparılmasına dair müraciət etdiyi təqdirdə ərazidə iş aparılır və onun seysmik qiymətləndirilməsinə dair müvafiq rəy təqdim olunur. Bakı şəhərinin ərazisi geoloji baxımdan mürəkkəb quruluşa malik olduğuna görə, hesab edirik ki, hər bir binanın yerləşdiyi ərazidə seysmik qiymətləndirmə aparılmalıdır. Çünki paytaxtımızda elə ərazilər var ki, eyni küçədə bir hissə 7 ballıq, digər hissə isə 8 ballıq təkanlara davamlıdır.
- Yaxın zamanda zəlzələ gözlənilirmi?
- Bir sutkada bizim stansiyalar tərəfindən bəzən 20, bəzən ondan da çox xırda təkanlar qeydə alınır. Hansı ki, onların gücü çox zəifdir və yer səthinə gəlib çatmır. Zəlzələ proqnozuna gəlincə isə, dünyada zəlzələnin dəqiq proqnozu yoxdur. Heç kim hansısa dəqiq ərazi, zəlzələnin gücü və başvermə vaxtı ilə bağlı dəqiq proqnoz verə bilməz. Bu birmənalıdır. Çünki zəlzələ ocaqları yerin dərin qatlarında yerləşir və Yer daxilində tektonik proseslər davamlı olaraq getməkdədir.
Müsahibimiz Vüsalə Rafiqqızı həmçinin vurğulayıb ki, zəlzələ mövzusundan danışan və bu yöndə açıqlamalar verən "ekspertlər"in əksəriyyəti ümumiyyətlə zəlzələ dalğası nədir, o dalğanı yeraltı səs-küylərdən necə seçmək olar və dalğa məlumatlarının emalı necə gedir, bunu bilmirlər. Çünki Azərbaycanda seysmoloji tədqiqatlar aparan və 84 stansiya, 24 GPS, 6 geofiziki paliqon, 5 geokimyəvi paliqon üzrə məlumatlar yalnız Respublika Seysmoloji Xidmət Mərkəzinə daxil olur və həmin məlumatlar əsasında tədqiqatlar aparılır. Heç kim deyə bilməz ki, zəlzələ olacaq yaxud olmayacaq. Çünki bunun dəqiq proqnozu yoxdur. Sadəcə hansı bölgə aktiv zonadadırsa, orada vaxtaşırı zəif, hiss olunan və hiss olunmayan zəlzələlər baş verə bilir.
Odur ki, təhlükəsizlik qaydalarına ciddi riayət etməkdən başqa çarəmiz yoxdur. Adətən ilk sınan və dağılan şüşə və pəncərələr hesab edildiyinə görə, bu yerlərdən uzaq durmaq, yerindən tərpənməmək və s. davranış qaydalarına əməl etmək tövsiyə olunur. Beləliklə, təbii fəlakətdən doğan təhlükələrin nəticələrini, ən azından, azaltmış olarıq...
Rübabə SAHİB