Bələdiyyələrin birləşməsi nə vəd edir? EKSKLÜZİV
Son zamanlar bir çox bələdiyyələrin maliyyə-iqtisadi potensialının zəif olması və fəaliyyətlərinin davam etdirilməsinin mümkünsüzlüyü ölkədə bələdiyyələrin birləşdirilməsi məsələsini şərtləndirmişdi. Bununla bağlı məsələ Milli Məclisdə müzakirələrə səbəb olmuş, təkliflər irəli sürülmüşdü.
Artıq Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.
Ulusum.az saytına xüsusi açıqlama verən "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirib ki, bu, beynəlxalq təcrübəyə əsaslanan dəyişiklikdir. Çünki hazırda maliyyə-iqtisadi potensialı zəif olan bələdiyyələrin əhali sayının aşağı həddi əsas götürülərək birləşdirilməsi təcrübəsi Türkiyə, İtaliya, Kanadada, qonşu Gürcüstanda mövcuddur:
“Beynəlxalq təcrübədə əhali sayının aşağı həddi əsasən, 2000-5000 aralığında müəyyən edilir. Bu prosesdə vacib amillərdən biri kimi, bələdiyyə vahidinə düşən əhali sayının nəzərə alınmasıdır. Həmin ölkələrin müvafiq statistikasına nəzər salsaq, bələdiyyə vahidinə düşən əhali sayının orta hesabla Türkiyədə 60,7 min nəfər, Gürcüstanda 55,4 min nəfər təşkil etdiyini görərik”.
Müsahibimizin sözlərinə görə, sözügedən sərəncam bələdiyyələrimizin qarşılaşdığı problemlərin həllini aradan qaldıracaq.
“Bu gün bələdiyyələrimizin qarşılaşdığı müəyyən problemlər var ki, həllini gözləyir. Güman edirəm ki, o problemlərin həllinin başlanğıcı məhz bələdiyyələrin birləşdirilməsindən keçir. Bu addım istənilən halda, bələdiyyələrin səlahiyyətlərinin artırılması, onların yerlərdəki nüfuzuna da müəyyən mənada öz təsirini göstərəcək. Beləliklə, Cənab Prezidentimizin bu sərəncamı ilə xeyli vaxt idi ki, bələdiyyələrlə bağlı gedən söz-söhbətlərə son qoyuldu. Birləşdirmənin davamlı olacağı istisna edilmir”.
Qeyd edək ki, “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla, Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcək.
Mütəxəssislər hesab edir ki, sözügedən layihənin icrası bələdiyyə ərazisinin abadlaşdırılması, bələdiyyə yollarının tikilməsi və saxlanılması su təchizatı, kanalizasiya xətlərinin yaxşılaşdırılması, məişət tullantılarının idarə edilməsi, yerli infrastrukturun, digər sahələrinin inkişafı sürətlənəcək. Eyni zamanda işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılmasına yönəlib.
Bu da ümumilikdə, Azərbaycan bələdiyyəsinin problemlərinin həllində öz töhfəsini vermiş olacaq.
Rəşid Qarayev