12-05-2024, 12:37 0 Gündəm / Siyasət

"Mişustin Azərbaycan üçün də münasib FİQURDUR" EKSKLÜZİV

"Mişustin Azərbaycan üçün də münasib FİQURDUR"  EKSKLÜZİV

"Vladimir Putin prezident seçkisindən bir neçə gün sonra Mixail Mişustini yenidən baş nazir təyin edib. Dövlət Dumasında Mixail Mişustin mütləq səs çoxluğu ilə vəzifəsinə təsdiq olunub. Onun əleyhinə səs verən deputat olmayıb. Putinin prezident seçkisindən sonra hökuməti bu dəfə Moskva meri Sergey Sobyanina etibar edəcəyini söyləyənlər var idi. Ancaq Putin baş naziri dəyişdirmədi".


Ulusum.az xəbər verir ki, bu açıqlamanı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu verib.

Kreml sahibi nədən Mişustinə bu qədər etibar edir?


"Mixail Mişustin Vladimir Putin prezidentliyi dövründə beşinci baş nazirdir. Ancaq Putin digər baş nazirlərdən fərqli olaraq Mişsutinlə növbəti müddətdə də işləməyə qərar verib. Kreml sahibi Mixail Mişustinin fəaliyyətindən razıdır. Misal üçün Mişustindən əvvəl baş nazir Putinin dostu Dmitri Medvedyev idi. O prezident kreslosunu baş nazir kreslosu ilə dəyişdi və ona görə Putin bir müddət dostuna toxunmadı. Ancaq Medvedyevin iqtisadi bilik və bacarıqları Putini qane etmirdi. Kreml sahibinə baş nazir kreslosunda siyasətçi deyil, iqtisadi problemlərdən başı çıxan texniki fiqur lazım idi. Mixail Mişsutin Federal Vergilər Xidmətinin rəhbəri kimi özünü müsbət mənada təsdiq etdirmişdi. Onun uğurlu fəaliyyəti Putinin dəqqətindən yayınmadı. Digər tərəfdən Putinə həm də elə baş nazir lazım idi ki, gələcəkdə varisliyə iddia etməsin. Bu səbəblərdən Putin 2020-ci ildə Mişustini baş nazir vəzifəsinə gətirdi.
Mişustin siyasi fiqur deyil, o, sırf iqtisadi mövzularla məşğuldur. Təsadüfi deyil ki, Mixail Mişustin siyasi mövzularda heç zaman açıqlama vermir. Rusiya iki ildən çoxdur Ukraynada işğalçı müharibə aparır və Rusiya rəsmiləri bu mövzuda müxtəlif açıqlamalar verirlər. Mişustin bu məsələyə qarışmır və müharibə ilə bağlı açıqlamalar vermir. O öz işiylə məşğuldur",
- deyə politoloq vurğulayıb.


Elxan Şahinoğlu bildirir ki, Mixail Mişustin baş nazir olduğu müddətdə iki gözlənilməz olayla üzləşdi. Onun təyinatı koronavirusun dünyada və Rusiyada yayıldığı günlərə təsadüf etdi və Mişustin hökumətin ilk gündən fəaliyyətini xəstəliklə mübarizəyə yönəltdi. Virus geri çəkildikdən az sonra Mişustin ikinci ciddi sınaqla üzləşdi: Rusiya Ukraynaya qarşı müharibəyə başladı. Mixail Mişustin bu dəfə Qərbin sanksiyaları ilə üzləşdi və bu Rusiya iqtisadiyyatı üçün koronavirusla mübarizədən daha ağır sınağa çevrildi ki, baş nazir bugünə qədər mövcud problemlərin həlliylə məşğuldur.
Buna baxmayaraq, Mixail Mişsutin Rusiya iqtisadiyyatını iflasdan qoruya bildi. Halbuki, Qərb ölkələri müharibə və sanksiyalar fonunda Rusiya iqtisadiyyatının qısa müddətdə çökəcəyini proqnozlaşdırırdı. Rusiya Avropaya sata bilmədiyi qaz və nefti Asiya bazarlarına yönəldib və itirdiyi gəlirlərinin əvəzinə çıxmağa çalışır.


Politoloq bildirib: "Mixail Mişustin Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə də ticarət əlaqələrinin inkişafını hədəfləyib. Mişustin bu ilin martın əvvəlində Azərbaycana iki günlük səfəri zamanı Bakıda iqtisadi əməkdaşlığı və ticarəti genişləndirmək mövzularını müzakirə edib. Mişustin Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələrlə, o cümlədən Azərbaycanla ortaq iqtisadi layihələrin reallaşmasına çalışır. Rusiyanın Azərbaycanın kənd təsərrüfatı məhsullarına ehtiyacı var".

Elxan Şahinoğlu həmçinin qaeyd edir ki, Azərbaycan Rusiya ilə ticarət əlaqələrini genişləndirməyə hazırdır. Önəmli olan Mixail Mişustinin iki ölkə arasında idxal-ixrac əməliyyatlarında Rusiyanın müxtəlif strukturlarının yaratdıqları süni maneələri aşmasıdır.
"Mişustin Azərbaycan üçün də münasib FİQURDUR"  EKSKLÜZİV


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: