Bu xəstəliyə hər yaşda RAST GƏLİNİR - SƏBƏB EKSKLÜZİV
Onurğa xəstəlikləri niyə sürətlə artır?
Yəqin ki, siz də hər gün qarşılaşdığınız insanlarda “belim ağrıyır, sümük ağrılarından bezmişəm, əyiləndə qalxa bilmirəm, nə qədər müalicə alıramsa, sağalmıram, disk yırtığım var, ağrılar məni öldürür” və s kimi şikayətləri eşidirsiniz. Elə biz də müşahidələrimizdən sonra bu mövzuda ictimaiyyəti daha geniş məlumatlandırmaq üçün üz tutduq onurğa, sümük xəstəlikləri uzmanlarına ki, görək bu xəstəliyin gerçək səbəbi nədir və necə sağalması mümkündür?
ULUSUM.az saytına özəl açıqlama verən fizioterapevt, mütəxəssis Dr. Seyid Məhəmməd Monifərdlə müsahibəmizi təqdim edirik:
- Həkim, son vaxtlar onurğa, fəqərə xəstəlikləri sürətlə artır. Bunun səbəbi nədir və bu gedişat nədən xəbər verir?
- “Adətən Qafqaz xalqları, ağ dərili millətlər revmatizm xəstəliklərinə meylli olurlar. Bu, elmi isbat olunmuş faktdır. Fəqərə xəstəliklərinin sürətlə artması bir yandan revmatizma ilə, digər tərəfdən həyat tərzi ilə bağlıdır. Məsələn, davamlı kompüter və telefona bağlı olanlarda osteoxondroz, osteartroza aparır. Bir digər səbəb də fastfood qidalardır. Çünki bu cür qidalanma piylənmə yaradır, belə olanda isə onurğaya düşən təzyiq, yük artır. Bundan əlavə, alkoqol və siqaret istifadəsi də əzələ, bağ sisteminə çox mənfi təsirlər göstərir ki, diskdə qan axışını azaltmaqla əzələdə spazmalar, sinir sıxılmaları yaradır. Stres faktoru da bu sistemi pozmaqda vasitədir. Xülasə, oturaq həyat tərzi, gündəlik qayğılar fonunda idman edə bilməmək də stressə əlavə olunur və onurğa, fəqərə xəstəliklərinə birbaşa yol açır”.
Burdan belə qənaətə gəlinir ki, əvvəllər fiziki əməklə daha çox insan məşğul olduğu üçün, telekommunikasiyalar da daha az olduğu üçün, siqaret istifadəsi indiki qədər olmadığına görə bu xəstəliklər də nisbətən az idi. Artıq insan əməyini daha çox süni intellektin əvəzləyəcəyini, insanlarda qidalanmadan tutmuş digər vərdişlərə qədər hər sahədə tənbəlliyin artacağını da nəzərə alsaq, deməli, bundan sonrakı mərhələdə onurğa sistemi xəstəlikləri qaçılmaz olacağı və hər yaşda özünü göstərəcəyi ehtimalı yüksəkdir.
P.S. Bu yerdə Hippokrat demiş, sağlamlıq hər şey deyil, amma sağlamlıq olmayanda hər şey heç nədir. Odur ki, yaşamınız, işiniz və qayğılarınız nə olursa, olsun, mütləq sağlığınızı da diqqətdə saxlamalısınız. Yoxsa…
Rübabə SAHİB