22-04-2024, 15:27 0 Gündəm / Cəmiyyət

Problemə biganəlik.. Vətəndaş narazılığı.. AYNA isə hələ SUSUR... - FOTO EKSKLÜZİV

Problemə biganəlik.. Vətəndaş narazılığı.. AYNA isə hələ SUSUR... - FOTO EKSKLÜZİV

AYNA vətəndaşların probleminə biganə yanaşır: Laqeyd yanaşma nə vaxta qədər davam edəcək?

10 ilə yaxındır ki, Bakıda marşrut xətləri kartla ödəmə sisteminə keçib. Lakin terminal problemi bu gün də yaşanmaqdadır. Xüsusilə Biləcəri dairəsində problem pik həddə çatıb. Belə ki, 10-dan çox marşrut xəttinin keçdiyi ərazidəki dayanacaqların heç birində “BakıKart” ödəmə terminalı yoxdur.

ULUSUM.az xəbər verir ki, şəhərin mərkəzindən 3-4 km məsafədə olan Biləcəri dairəsində ödəmə sisteminin olmaması sadəcə məsuliyyətsizlik və minlərlə insanı çətin vəziyyətdə qoymaqdır. Hər səhər insanlar bu problemdən əziyyət çəkir. Hətta yüzlərlə insanın ləngiməsinə səbəb olan problemə aidiyyəti qurumlar illərdir biganə qalıb. Bundan başqa, insanlarda olan balans problemi marşrutların da gecikməsinə səbəb olur. Aidiyyatı qurum isə marketlərdə olan "MilliÖN" ödəniş terminallarından istifadə etməyi tövsiyə edir.

Nəzərə alsaq ki, marketlər dayanacaqların içində yerləşmir, eyni zamanda “BakıKart” ödəmə terminalının tez və daha keyfiyyətli olması insanların rahatlığına birbaşa təsir göstərir, ona görə qurumlar məsələyə daha ciddi yanaşmalıdır. Məsələ ilə bağlı AYNA-ya müraciət etdik, bu dəfə də qurumdan “BakıKart” terminalı ilə bağlı konkret cavab ala bilmədik. 

Qurumun ULUSUM-un sorğusuna cavabında deyilir: 

“İctimai nəqliyyatda təmassız texnologiyanı dəstəkləyən, bank kartları və mobil cihazlardan ödəniş etmək imkanı yaradan yeni sistem hazırlanır. Bu il bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur.  

Hazırda vətəndaşlar ictimai nəqliyyatda ödənişlərini həm mobil tətbiq, həm də “BakıKart” plastik kartları vasitəsilə edə bilirlər. Sərnişinlərimiz hazırda “BakıKart”ın balansını artıra bilməsi üçün daha çox imkanlara sahibdirlər. Əgər əvvəllər yalnız dayanacaqlarda 250-ə yaxın terminal var idisə, hazırda Bakı şəhərinin bütün ərazisini əhatə edən xeyli sayda “MilliÖn” ödəmə terminalı “BakıKart” ödənişini qəbul edir”.

Beləliklə, qeyd etdiyimiz problem yenə öz yerində qalır.

Qurumun cavabı xoş səslənsə də, reallıq budur ki, Bakı yalnız gənclərdən, texnologiyadan sərbəst istifadə edən sakinlərdən ibarət deyil.  Yaşlı vətəndaşlar onlayn ödəmə sistemindən hələ də istifadə edə bilmir, bundan başqa “BakıKart”ın onlayn ödəmə sistemində məbləğin yükləndiyi vaxtdan 1 saat sonra balansa köçməsi əlavə vaxt itkisidir.

Bundan başqa, gələcəkdə görüləcək işlər bu günün problemini həll etmək iqtidarında deyil. “MilliÖn” terminallarında olan gecikmələr, ödəniş zamanı pulun dərhal balansa oturmaması və müvafiq aparatların dayanacaqlarda quraşdırılmaması insanları çətin vəziyyətdə qoyur.

ULUSUM.az olaraq məsələni həll olunanadək diqqətdə saxlayacağıq. 

Ağa Dadaşzadə



Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: