19-04-2024, 11:36 0 Gündəm / Hadisə / Cəmiyyət / Analitika

“Gözəgörünməz ölüm”ün qurbanına ÇEVRİLMƏYƏK! EKSKLÜZİV

 Uzun illər Azərbaycanın 20% torpağı işğal altında qalmış, bu azmış kimi, təmas xətti mütəmadi olaraq atəş altında saxlanılmışdır.  Lakin sərhəd boyunca “öz qurbanı”nı gözləyən minalar müharibədən daha dəhşətlidir. Elə bir həftə yoxdur ki, ölümcül və qanlı mina partlayışı xəbəri almayaq... Və acınacaqlısı budur ki, “mina  tələsi”nə əsasən, mülki şəxslər düşür. Keçmiş təmas xəttində, azad edilmiş yerlərdə və əvvəllər döyüşlərin getdiyi ərazilərdə xeyli minalar basdırılsa da, bu bir faktdır ki, sözügedən ərazilərin daimi sakinləri və hər hansı səbəbdən həmin ərazilərə yolu düşən insanlar var.

Ulusum.az saytı “gözəgörünməz ölüm”ün qurbanına çevrilməməyin yollarını araşdırıb. Minaların və Partlamamış Hərbi Sursatların yaratdığı təhlükələrlə mübarizə proqramının koordinatoru Məmməd Kətanovun müsahibəsini təqdim edirik:

-         Məmməd bəy, mina və partlamamış hərbi sursatlarla bağlı təhlükəli vəziyyətlərin intensiv hal alması nə ilə əlaqədardır?

-         Əvvəla, qeyd etmək istəyirəm ki, ANAMA tərəfindən keçmiş təmas xəttində, əvvəllər döyüşlərin getdiyi yerlərdə və əsasən də,  azad edilmiş torpaqlarımızda minalardan və partlamamış hərbi sursatlardan təmizlənmə işləri aparılmaqdadır. Buna baxmayaraq, həm minaların həddən artıq çox olması, həm də əhalinin ehtiyatsızlığı səbəbindən, təəssüf ki, xoşagəlməz hadisələr qaçılmaz olur. İnsanlar, xüsusən uşaqlar təhlükənin ciddiliyini tam anlamadıqları üçün müəyyən ərazilərə gedir və əşyalara maraq göstərirlər. Adətən, döyüşlər getmiş və keçmiş təmas xəttinə yaxın ərazilərdə yerli sakinlər və azad edilmiş ərazilərə qayıdan məcburi köçkünlər əkin işləri, mal-qaranı örüşə aparmaq, ağac kəsmək üçün təhlükəli zonaya daxil olur. Hazırda bizim işimiz vətəndaşlar arasında bununla bağlı maarifləndirmə işlərini aparmaqdır.

-         Bəs vətəndaş minalanmış əraziləri necə müəyyən edə bilər? Bunun üçün rəsmi nişanlara əsasən, hərəkət etmək kifayətdirmi?

-         Elə yerlər var ki, minalanması dəqiq bilinməsə də, oralar mina təhlükəsi baxımından daha çox qorxu yaradır. Ona görə də, əvvəlki döyüş yerlərinə, hərbi bina və qurğuların ətrafına, körpü tağlarının arasına, altına, çay sahilinə və çay qollarına, elektrik xətləri və dirəklərinin ətrafına, dəmir yolu xətlərinə, tərk edilmiş, dağıdılmış ev və binalara, sahədə qalmış hərbi maşın və avadanlığın yanına, əvvəllər döyüş meydanı olmuş tarlalara və üzüm bağlarına, əvvəllər səngər olmuş yerlərə, “Minalanmışdır!” və ya “Mina təhlükəsi!” işarəsi qoyulan ərazilərə getmək təhlükəlidir. Ola bilsin, qeyd etdiyimiz yerlərdə rəsmi nişanlar olmasın, amma ayaq basılmamış, ot-alaq basmış, hərbi texnika və heyvan qalıqları olan ərazilər minalanmış ola bilər. Bundan əlavə, ərazidə olan yad cisimlərə toxunmaq olmaz! Qeyri-rəsmi nişanlar da mina xəbərçisi ola bilər. Yəni, sadə insanlar tərəfindən daşların üst-üstə yığılması, dik şəkildə ağacın basdırılması, təkərlərin qoyulması və s.

-         Vətəndaş özü minaya düşübsə və ya kiminsə “mina tələsi”nə düşdüyünü görərsə, o zaman necə davranmalıdır?

-         Əgər vətəndaş minaya  düşübsə, o zaman qətiyyən qohum-qardaşı köməyə çağırmaq olmaz. Çünki minalar tək basdırılmır, köməyə gələn vətəndaş da zərər görməsin deyə, yalnız mütəxəssis çağırılmalıdır. Bunun üçün 102, 112 və 805 qaynar xətt nömrələrindən birinə zəng edərək, dərhal təhlükə barədə məlumat verməlisiniz! Yaxud kiminsə minalı əraziyə düşdüyünün şahidi olursunuzsa, bu vaxt qətiyyən, yaxınlaşmırsız, kömək gələnə qədər sadəcə uzaqdan həmin şəxsə “Səbrli ol”, “mütəxəssislər indi gəlir”, “yerindən tərpənmə” kimi ifadələr işlədə bilərsiniz.

Unutmayaq ki, ətrafda çoxlu mina ola bilər. Hərəkəti dayandırın, həyəcanlanmayın, sadəcə kömək gözləyin.. Maariflənməklə və öyrəndiklərimizi daha çox insanla bölüşməklə təhlükədən qaynaqlanan zərərləri minimuma endirmək bizlərin əlindədir. Bacardıqca, laqeyd qalmayaq ki, sonda dəmir parçasının qurbanına çevrilməyək...

Aymirə Ağamirova





Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: