3-05-2024, 14:20 0 Gündəm / Türk dünyası

Əkbər QOŞALI:"Misilsiz “Şuşa Bəyannaməsi” bütün Türk dünyasının uğurudur" - EKSKLÜZİV

Əkbər QOŞALI:"Misilsiz “Şuşa Bəyannaməsi” bütün Türk dünyasının uğurudur" - EKSKLÜZİV
3 May - Türkçülük Günüdür.. Hələ 80 il bundan öncə qardaş Türkiyənin paytaxtı Ankarada baş vermiş ideoloji hadisələrdən qaynaqlanaraq, hər ilin bu günü Türkçülük Günü olaraq vurğulanır. Tarixən olduğu kimi, bu gün də Türkün adını çəkmək yetər ki, qeyri-türklər özünü səliqə-səhmana salmasın... Bu gün türkçülük ideyaları dünyada yaşayan bütün türk xalqlarının milli şüurunun formalaşmasında və inkişafında misilsiz rol oynayıb...

Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, şair-publisist, türkoloq Əkbər QOŞALININ ULUSUM.az saytına eksklüziv açıqlamasını təqdim edirik:

- Uzun illər yeganə müstəqil türk dövləti olmuş qardaş Türkiyəni bəlkə öz “Misaki-milli”sindən də dar coğrafiyada görən ehtiyatlı zehniyyətə qarşı, Türkiyənin dünyaya açılması ehtiyacı – öz qardaşlarını qiyabən də olsa qucaqlaması istəyi Anadolunun ruh gücüylə şəkillənirdi. Əlbəttə, “Vətən nə Türkiyədir türklərə, nə Türküstan... Vətən böyük və müəbbət bir ölkədir: TURAN!” – deyən Ziya Göyalp çox haqlıydı.

Dəqiq Yol Xəritəsini Ankara olaylarından 11 il öncə - Cümhuriyyətin 10-cu il bayramındakı nitqində Mustafa Kamal Paşa Atatürk cızmışdı: “Bu gün, Sovetlər Birliyi dostumuzdur, qonşumuzdur, müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız vardır; fəqət yarın nə olacağını kimsə bu gündən kəsdirəmməz: eynən Osmanlı kimi, eynən Avstraliya-Macarıstan kimi parçalana bilər, xırdalana bilər; bu gün əlində bərk-bərk tutduğu millətlər ovuclarından qaça bilər. Dünya yeni bir dəngəyə yetişə bilər. Bax, o zaman, Türkiyə nə yapacağını bilməlidir. Bizim, bu dostumuzun idarəsində, dili bir, özü bir qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq. Hazır olmaq, yalnız o günü susub gözləmək deyildir; hazırlanmaq lazımdır. Millətlər buna necə hazırlanır? – mənəvi körpülərini sağlam tutaraq. Dil bir körpüdür, inanc bir körpüdür. Köklərimizə enməli və olayların böldüyü tariximizin içində bütünləşməliyik. Onların, yəni dış türklərin bizə yaxınlaşmasını gözləyə bilmərik, bizim onlara yaxınlaşmamız gərəkdir”!

Bəs 1944-cü ildə nə baş verirdi?

– Məlumunuz – II Dünya Savaşı gedirdi, dünya yenidən bölünmək ərəfəsindəydi. Artıq SSRİ-nin və müttəfiqlərinin qələbəsi, Almaniyanın uduzacağı dəqiqləşəmək üzrə idi. Hətta, Türkiyə Almaniyaya savaş elan etmişdi. Belə bir dönəmdə 21 yaşlı Türkiyə Cümhuriyyəti dövlətinin ehtiyatlı davranışları başa düşüləndi; bununla belə, Hüseyn Nihal Atsız və dava arkadaşları siyasətdə (necə deyərlər) 21 illik Cümhuriyyət tarixindən daha öncələrə - ulu tarixə, ulu coğrafiyaya və Turan mədəniyyət iqliminə köklənməyi uyğun bilirdi. Burada təzad yaranırdı. Elə dəyərləndirmək olar, Cümhuriyyət dövlətində hakimiyyətdə olanlar da, turançılar da –hər biri özünə görə haqlıydı, deyilə bilər. Elə də dəyərləndirmək olar, ya o vaxtkı hakimiyyət ya da türkçülük “süç”u ilə istintaqa cəlb olunmuş aydınlar haqlı çıxar... Zamanla hər şey öz yerini, hər kəs öz qiymətini aldı... Bu günlərdən baxanda o dönəmin gerçəkliklərini nəzərə alaraq, kimisə qınamaqdan daha çox, anlamaq istəmək bəlkə daha düzgün olardı...

Beləliklə, Turançılıq davasının gərəkcələrindən biri olaraq göstərilən Hüseyn Nihal Atsız – Səbahəddin Əli davasının 3 May 1944-cü il tarixli duruşmasından sonra yaşanan “Ankara Nümayişi” – türkçülərin etiraz aksiyası tarixə keçdi. “Ankara Nümayişi”ni anmaq məqsədilə, ilk dəfə 3 May 1945-ci ildə Topxana Hərbi həbsxanasında Nihal Atsız, Zəki Vəlidi Toğan, Nejdət Sançar və Reha Oğuz Türkqan başda olmaqla, 10 məhkum 3 Mayı qutladı. Daha sonrakı illər mayın 3-də keçirilən anma toplantıları əsasında 3 May – Türkçülük Günü, başqa sözlə, Türkçülər Günü elan edildi.

Türk dünyasının BAYRAMI

Bu əlamətdar gün 90-cı illərədək Türkiyədə qeyd edilən bir bayram günüdür. Onu Türk dünyasına könül vermiş aydınlar, gənclər keçirirdi. Azərbaycan və Türküstandakı qardaş respublikalar öz dövlət müstəqilliyini qazandıqdan sonra 3 May – Türkçülük Günü (necə deyərlər) yeni ünvanlar qazanmış oldu. Bir sıra ictimai qurumların davamlı olaraq keçirdiyi 3 May – Türkçülük Günü tədbirləri Turan sevdalılarını ortaq keçmişdən ortaq gələcəyə gedən qutlu yolda birgə addımlamağa çağırmaqdadır.

Əlamətdar tarixin anlamının yeni nəsillərə çatdırılması, milli şüurun, milli qürur hissinin daha da yüksəldilməsinə nail olmaq, vətənpərvərlik ruhunun yüksəldilməsi müxtəlif tədbirlər, yazılar, çıxışlarla çiçəklənir.

Son 4 ildə digər əlamətdar günlər kimi, 3 May – Türkçülük Gününü də bir ayrı şövqlə, qürurla keçiririk!

“Qarabağ – Türk dünyasının ortaq problemi” dediyimiz günlər, xüsusi məzmunlu çağırışlar artıq keçmişdə qalıb. İndi Qarabağ, Gündoğar Zəngəzur Türk dünyasının işbirliyi meydanına çevrilib. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan dövlət başçılarının işğaldan azad olunmuş torpaqlarımıza səfərləri unudulmazdır. İşğaldan azad olunmuş torpaqlarımızda azadlıqdan abadlığa, erməni işğalçılıq mədəniyyətsizliyindən – vandallığından azərbaycanlı quruculuq mədəniyyətinə sürətli, keyfiyyətli keçid əcdadımızın ruhunu şad edir, gələcək nəsillərimizə aydın yol göstərir. Bəli, işğal illəri keçmişdə qalıb. Müzəffər Ali Baş Komandanımızın müdrikliyi, örnək vətəncanlılığı, Dövlət-Xalq birliyi, şanlı Ordumuzun misilsiz qəhrəmanlığı sayəsində böyük Zəfər qazanmışıq. Biz bilirik ki, 2020-ci ildə qazanılan Zəfər nə o ildə, nə o coğrafiyada (Qarabağda, Gündoğar Zəngəzurda) qalmayıb. Ötən illər içində Azərbaycanın da, Türk dünyasının da əldə etdiyi uğurlarda o Zəfərin əlamətləri vardır. Bəli, şəhidlər ölmədi, Vətən bölünmədi. Bir türk respublikasının öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, güclənməsi digər qardaş respublikaların problemlərinə də çözüm imkanları qazandırmaqdadır. Misilsiz “Şuşa Bəyannaməsi” yalnız Azərbaycanla Türkiyənin deyil, bütün Türk dünyasının uğurudur.

Azərbaycan-Türkiyə qardaşlığı bir örnək olaraq, digər qardaşlarımız üçün də əsaslar yaratdı. Heç təsadüfi deyil ki, Azərbaycanla Türkmənistan arasında uzun illər çözümü aranan – bizim “Kəpəz”, türkmən qardaşlarımızın “Sərdar” dediyi neft-qaz yatağı “Dostluq” adını məhz bizim Zəfərdən sonra qazandı. “Dostluq” artıq 3 ildir müvafiq pay bölgüsü əsasında birgə işlədilir.

Azərbaycan-Qazaxıstan, Özbəkistan-Qırğızıstan, Özbəkistan-Türkiyə, Azərbaycan-Qırğızıstan, Qazaxıstan-Türkiyə və b. ikitərəfli, çoxtərəfli qardaşlıq bağları, o cümlədən ortaq türk qurumları son illər daha da güclənib, yeni sənədlər imzalanıb, yeni məzmun qazanıb. Əlbəttə, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının bizim Zəfərin birinci ildönümü ərəfəsində Türk Dövlətləri Təşkilatına çevrilməsi də təsadüf əsəri deyil. İnşallah qarşı dönəmdə Türk Dövlətləri Təşkilatının Türk Dövlətləri Birliyinə çevrildiyini görməyimiz də təsadüf əsəri olmayacaq.

Bütün bunlar bir daha göstərir ki, Türk dünyası daha da geniş imkanlara malikdir və hazırda öz yüksəliş dönəmini yaşayır.
80 il öncə Ankarada türkçülük davası aparan fikir adamlarının, yazarlarının ruhunun şadlandığına inanıram. İnanıram ki, onlar bu günləri görsəydilər çox sevinərdilər. Çünki onlar Türk birliyini arzulayır və bu birliyə inanırdılar.

Türkçülük davası, Türk birliyi ideyası, əlbəttə, 1944-cü ildən öncələr də mövcud olub. Elə, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, Nuru Paşanın komandanlığındakı Türk-İslam Ordusunun öncüllüyündə Bakının qurtuluşu, Türkiyə Cümhuriyyətinin quruluşu, İstiqlal Savaşı, ondan öncə Çanaqqala Savaşı, Qazax qardaşlarımızın “Alaş” hərəkatı, “Alaş Orda”sı, ümumən Türküstanda yadellilərə qarşı aparılan mübarizələr, Ənvər Paşanın da o mübarizəyə qoşularaq orada şəhid olması və onlarla digər hadisələr türkçülük, turançılıq sevdasının, davasının tarixində altun hərflərlə yazılmış pək şanlı səhifələrdir".

Əkbər Qoşalı vurğulayıb ki, son illər Azərbaycan ilə Türkiyə, eləcə də digər türk dövlət və topluluqları arasında işbirliyi sahəsində çox ciddi, önəmli işlər görülüb, belə işbirlikləri davam və inkişaf etməkdədir. Bu işbirliklərin dərinləşdirilməsi, yeni üfüqlər qazanması xalqlarımızın rifahının yüksəlməsinə, eyni tarixi kökə malik olan insanların yenidən və daha möhkəm yaxınlaşmasına səbəb olmaqdadır.

"3 May – Türkçülük Gününün bayram edilməsi, müxtəlif tədbirlərin təşkili bizim türkçü fikir adamlarının irsinə yiyələnməyimizi, onu qorumağımızı ifadə edir. Tarixi keçmişimizin öyrənilməsi, tariximizdəki qəhramanlıq səlnamələrinin gələcək nəsillərə çatdırılması üçün 3 May – Türkçülük Günü ilə bağlı tədbirlərin keçirilməsinin özünəxas önəmi vardır.

Əlbəttə, Türk dünyasında inteqrasiya yönündə atılan addımlarda, Azərbaycanın danılmaz rolu vardır. Gəlin bu il 14 fevralda Milli Məclisdə Andiçmə törənində cənab Prezidentin dediyi tarixi sözləri xatırlayaq: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir”. – Azərbaycan Respublikasının yürütdüyü dövlət siyasəti Türk Dövlətləri Təşkilatına baxışımızı çox aydın şəkildə göstərməkdədir. – Məhz bu məqamı vurğulayan dövlət başçımız Türk Dövlətləri Təşkilatını yeganə ailəmiz adlandırdı: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”!

Mən də bu parlaq sözlərin işığında 3 May – Türkçülük Günü ilə bağlı bu günü bayram edən bütün türkçüləri, turançıları qutlayır, ən xoş diləklərimi yetirirəm! Bu anlamlı gündə, Turan, Türk birliyi yolunda şəhid olmuş qardaş-bacılarımızın ruhuna şadlıq diləyirəm!"

TÜRKÜN BİRLİK BAYRAĞI UCA OLSUN!

Aymirə Ağamirova
Əkbər QOŞALI:"Misilsiz “Şuşa Bəyannaməsi” bütün Türk dünyasının uğurudur" - EKSKLÜZİV


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin:
Son xəbərlər daha çox