Üzgüçülük bel əyriliklərinə ÇARƏ DEYİL! EKSKLÜZİV
Son vaxtlar əsasən, vitamin çatışmazlığı, düzgün qidalanmama və ya raxitlik əlamətləri səbəbindən insanlarda, xüsusən də, uşaqlarda bel əyrilikləri hallarına tez-tez rast gəlinir. Ən faydalı idman növlərindən sayılan üzgüçülük isə insanı sakitləşdirir və ümumi bədən ağrılarını aradan qaldırır. Bu baxımdan valideynlər ilk növbədə, çıxış yolunu övladlarının üzgüçülüklə məşğul olmalarında görürlər. Bəs həqiqətən, məsələ bu qədər bəsitdir? Onurğa və ya fəqərə əyriliklərinin məhz üzgüçülüklə aradan qaldırılması mümkündür?
Ulusum.az bu suallara aydınlıq gətirmək üçün Həkim-Fizioterapevt Aynur Qarayevanın müsahibəsini təqdim edir:
- Dr. Aynur Qarayeva, məlum olduğu kimi, bel əyrilikləri növünə və dərəcəsinə görə, skolioz, kifoz, lordoz olmaqla, ayrı-ayrılıqda təsnif edilir. Üzgüçülük xəstələrə hansı hallarda təyin edilir?
- Üzgüçülük onurğaya yaxşı təsir edən bir idman növüdür və üzmə zamanı Yerin cazibə qüvvəsi azaldığına və bədənimizin ağırlığını su öz üzərinə götürdüyünə görə, onurğaya düşən yükün də miqdarı azalır. Bu zaman ağciyərin həcmi artır, qan dövranı yaxşılaşır, əzələ və toxumaların qidalanması artır, ancaq bu spesifik olaraq, skoliozlu xəstələrə şamil olunmur. Qeyd edim ki, üzgüçülük onurğa əyriliklərini düzəltmək üçün deyil, qarşısını almaq üçün daha məqsədəuyğun hesab edilir. Bu zaman belə bir nəticəyə gəlirik ki, əgər onurğa sağlamdırsa, düzənli idman hərəkətləri ilə onun sağlamlığını qoruyaraq skoliozun əmələ gəlməsini önləmək olar. Amma artıq skolioz yaranıbsa, xüsusən, skolioz bucaqları böyükdürsə, II dərəcəli skolioz və daha çoxdursa, bu zaman üzgüçülüklə onu aradan qaldırmaq qeyri-mümkündür.
- Bunu necə əsaslandırmaq olar?
- 20 ildən çoxdur ki, sırf bununla bağlı dünya üzrə araşdırmalar və tədqiqat işləri aparılır. Ümumiyyətlə, xüsusilə məktəblilər arasında müntəzəm olaraq qamət pozğunluğu, bel əyriliyinə meyillilik və bel əyriliklərinə (skolioz, lordoz, kifoz) rast gəlinməsi mütəxəssisləri düşündürmüş, nəticədə, elə məktəblilər arasında təcrübələrin aparılmasına, önləyici tədbirlərin təhlillər yolu ilə araşdırmasına sövq etmişdir. Bunlardan ən önəmlisi - 2015-ci ildə İtaliyada, 2020-ci ildə Türkiyədə aparılmış müvafiq araşdırmalardır, nəticədə müəyyən edilmişdir ki, üzgüçülüyün onurğa əyriliklərində effekt verməsi mümkün deyil. Bunun üçün yalnız fizioterapiyanın digər növləri – müalicəvi idman, elektrikli massaj, korset və s. müsbət nəticə verə bilər.
- Aynur həkim, qarşıdan isti aylar gəlir. Və qeyd etdiniz ki, üzgüçülük aşağı dərəcəli skolioz xəstələrinə təyin oluna bilər. Bəs onların müddəti necə müəyyən edilir?
- İlk növbədə, həmin xəstələrə məsləhət görürük ki, bu idman növü ilə qısa müddətli məşğul olsunlar, həftədə iki dəfə üzmək kifayət edir. Bundan başqa, bu idman növü ilə məşğul olarkən arxası üstə üzməyə üstünlük versinlər ki, kürək əzələləri güclənsin və aşağı tempo ilə üzsünlər.
Sonda həkim bildirdi ki, onurğa əyriliyi şiddətli olduğu və ya digər müalicə üsullarının nəticə vermədiyi hallarda cərrahi müdaxilə düşünülə bilər.
Odur ki, bel əyriliyinə dair hər hansı əlamət yaranarsa, mütləq mütəxəssis müayinəsindən keçmək tövsiyə olunur.
Aymirə Ağamirova