Bu gün, 17:04 0 Ədəbi sənət

Dəniz Ticarətindən Xeyriyyəçiliyə: Hacıağa Dadaşovun Həyat Yolu

Dəniz Ticarətindən Xeyriyyəçiliyə: Hacıağa Dadaşovun Həyat Yolu
1828-ci ildə İçərişəhərdə doğulan Hacı Hacıağa Dadaşov, Bakı milyonçuları arasında özünəməxsus yeri olan bir şəxsiyyət idi. O, neft sənayesindən uzaq duraraq, dəniz ticarəti və mülk tikintisi sahəsində fəaliyyət göstərmişdir. Xəzər dənizindəki gəmiləri və Bakıda 40-a yaxın mülkü ilə tanınan Hacıağa, sərvətini nümayiş etdirməkdən çəkinmiş, xeyriyyəçilik fəaliyyətlərini isə gizli saxlamışdır.

🏠 Azərbaycanda İlk Qocalar Evi - Bir dəfə, güclü yağışda Bakıda piyada gedərkən bir qocaya rast gəlir. Qoca suyun içində bir küncdə oturub. Hacıağa yaxınlaşır və niyə burada oturduğunu soruşur. Qoca cavab verir:

Evim yoxdur, getməyə yerim yoxdu, ağam.

Bu sözlər Hacıağanın ürəyinə ox kimi dəyir. Evə qayıdanda düşünür, düşünür... Və elə həmin gün Bilgəhdəki 12 hektarlıq bağ evini qocalar üçün ayırır. Oranı ilk qocalar evi edir. Sadə otaqlar, isti çörək, rahat bir dam — evsizlər üçün ümid qapısı açılır.

Beləliklə, Bakıda ilk qocalar evinin banisi, zahirdə xəsis kimi tanınan, amma əslində malına qənət edib, onu ehtiyacı olanlarla səssiz-səmirsiz bölüşən, yalnız Allahın bilməsini yetərli sayan xeyriyyəçi — Hacıağa Dadaşov olur.

Onun xəsisliyi ilə bağlı dəqiq olmasa da, lətifələrdə tez-tez adının çəkilməsi maraqlıdır. Amma Hacıağa Dadaşov haqqında deyilənlərə əhəmiyyət vermədən, öz yolunu gedirdi. Onun hekayəsi göstərir ki, sərvət yalnız şəxsi rifah üçün deyil, cəmiyyətin inkişafı və ehtiyac sahiblərinə yardım üçün də istifadə oluna bilər.

Hacıağanın həyatı dürüstlük, xeyriyyəçilik və insanlara xidmət prinsipləri ilə zəngin idi. Bəlkə də çoxları onu sadəcə milyonçu kimi tanıyırdı, amma qəlbində gizli bir Hacıağa vardı – qocaya baxanda əlləri əsən, yetimin gözündə kədər görəndə, yuxusuz qalan bir insan. Onun bu şəhərdə əbədi iz buraxan tərəfi sərvəti yox, insanlığı oldu.

✍️ R.İkramlı

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: