Dünən, 16:10 0 Köşə / Mədəniyyət

Sabir Rüstəmxanlının Əsərlərində Zamanla Söhbət - FOTO - VİDEO

Sabir Rüstəmxanlının Əsərlərində Zamanla Söhbət  - FOTO  - VİDEO
Sabir Rüstəmxanlının 15 cildlik “Seçilmiş Əsərləri”nin təqdimat mərasimi, sadəcə bir kitab təqdimatı deyildi. Bu, ədəbiyyatın canlı nəfəs aldığı, sözün ürəkdən-ürəyə keçdiyi bir gün idi. AMEA-nın Şuşa zalında baş tutan bu tədbir, müəlliflə oxucu arasında qurulan səmimi bir körpü idi. Zalda tanıdığım simaları görmək, sanki öz evimdə keçirilən bir şeir bayramına qatılmışam kimi hiss etdirdi.

Sabir Rüstəmxanlının Əsərlərində Zamanla Söhbət  - FOTO  - VİDEO

Tədbirin ən yaddaqalan anı isə, yanımda oturan və şeirləri sanki özü yazmış kimi əzbər söyləyən bir kişi oldu. Əvvəlcə onun şairin yaxın qohumu olduğunu düşündüm, lakin sonra anladım ki, o, sadəcə Sabir müəllimin sözlərinə dərin bir sevgi ilə bağlıdır. Arada cibindən çıxardığı iri hərflərlə yazılmış vərəqə baxır, sonra yenidən əzbərə davam edirdi. O qədər emosional idi ki, az qala səhnəyə çıxıb Sabir müəllimə sarılacaqdı. Mən isə düşündüm: söz adamını sözsüz yormaq olmaz; nə şəkil çəkdirdim, nə də onu narahat etdim. Lakin iç dünyamda elə səmimi bir bağ yaranmışdı ki, sanki həm onunla, həm də Sabir müəllimlə yaddaşıma çəkilmiş bir şəkil vardı artıq.


Müsahibə zamanı söhbətə məsuliyyətlə yanaşıram. Sual vermək də bir məsuliyyətdir. Xüsusilə qarşında Anar Rzayev kimi ədəbiyyat karifeyi dayanırsa. Amma bu dəfə, necə deyərlər, mikrofonu unutmuşdum. Nə sual verdim, nə də cavab aldım. Amma maraqlısı budur ki, cavab elə vardı Anar müəllimin çıxışının içində, sanki birbaşa mənim sualıma yönəlmişdi.


Sabir Rüstəmxanlının 15 cildlik “Seçilmiş Əsərləri” toplusunun təqdimat mərasimində Anar bəy o qədər səmimi və içdən danışdı ki, elə bil soruşdum: “Sabir müəllimin hansı əsəri sizi xüsusilə təsirləndirib?” – o da cavab verdi. Əslində, bu suala cavab vermək üçün yüz cild də az ola bilərdi. Amma Anar bəyin cavabı qısa, aydın və ədəbiyyatın içindən idi.


O bildirdi ki, Sabir Rüstəmxanlının yaradıcılığı ilə “Azərbaycan dilinə” şeiri vasitəsilə tanış olub. Bu tanışlıq bir rəğbətlə bitməyib, zamanla dərin bir hörmətə çevrilib. “Ömür yolu”nu ictimai fikrin inkişafında bir mərhələ saydı. Ən çox diqqətimi çəkən isə “Göy Tanrı”ya verdiyi qiymət oldu. Anar müəllim bu əsəri dərsliklərə salınmalı bir yazı kimi dəyərləndirdi. Sualım olsaydı, yəqin elə bu cür cavab almaq istəyərdim.


Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Sabir Rüstəmxanlının şəxsiyyətini və yaradıcılığını milli təəssübkeşlik məktəbi kimi təqdim etdi. O, Sabir müəllimin ana sevgisinin, keçmişə duyulan ehtiramın və sadə, lakin dərin duyğularından bəhs edərək, "Çox da xətti pisdi, kağızı sarı" misrası ilə ana məktublarının vizual olaraq bəlkə də estetik baxımdan qeyri-mükəmməl olduğunu desə də, "Ana məktubları mənim gözümdə – Dünyanın ən nadir əlyazmaları!" misrası Sabir müəlliminin içindəki ailəyə, anaya bağlılığını və bu məktubların mənəvi dəyərinin hər şeydən üstün olduğunu poetik təcəssüm etdirdiyini bildirdi.


O, Sabir müəllimi polemikaya açıq, anlayışlı və dəyər verən bir insan kimi xarakterizə etdi. Tədbirdə Sabir müəllimin Ulu Öndərlə Çin səfərində baş vermiş maraqlı bir epizodu paylaşaraq onun uzaqgörənliyini vurğuladı: “Sabir müəllim Ulu Öndərə demişdi ki, siz Çin boyda ölkəyə rəhbərlik etməyə tam qadirsiniz ,mən bunu sizin danışıqlarınızdan və ünsiyyət tərzinizdən gördüm”. Ulu Öndərin cavabı isə belə olub: “Sabir, mən bunu bilirəm. Sən gərək görəsən". Bu xatirə tədbirin havasına bir az nostalji, bir az da gülümsədən müdriklik qatdı – sanki tarix özü gülümsədi.”

Rafael Hüseynov məni 90-cı illərdən tələbəsi kimi tanıyır və görünür, bu tanışlıq zamanla təkcə yaddaşda yox, ruhda da iz qoyub. Bu tədbirdə ona sual verməyi düşünürdüm, amma hər dəfə olduğu kimi, Rafael müəllim mənim düşündüklərimi öncədən hiss edərək bütün suallarıma özü cavab verdi. Danışığında həm müəllim həssaslığı, həm də ədəbiyyat sevgisinin dərinliyi duyulurdu.


O, Sabir Rüstəmxanlının 15 cildlik “Seçilmiş Əsərləri” toplusunu “Azərbaycanamə” adlandırdı və bu əsərləri xalqın yaddaşı ilə kimliyini əks etdirən salnamə kimi dəyərləndirdi. Xüsusilə “Qan yaddaşı” şeirindən danışdı və bu ifadənin sadəcə poetik təsir yaratmadığını, millətin genetik yaddaşını ifadə etdiyini vurğuladı. Alim Xudu Məmmədovun bu şeirə verdiyi dəyəri xatırladaraq onun sözlərini sitat gətirdi: “Bu, möcüzə səviyyəli bir tapıntıdır.”

Rafael müəllim Sabir Rüstəmxanlının hər əsərini azərbaycançılıq ideyasının güclü daşıyıcısı hesab etdi. “Qan yaddaşı” onun sözündə təsadüfi ifadə deyil, dərindən gələn, tarixin içindən süzülüb gələn bir düşüncədir. Sabir bəy özü bu yaddaşın simasıdır – köklərə bağlı, gələcəyə açıq bir millət obrazı kimi.

Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, tələbəlik illərindən bəri Sabir Rüstəmxanlını tanıyır və sevir, amma onu sevən təkcə o deyil, bütün tələbələr idi.


Çünki Sabir bəy, təkcə şair yox, milli azadlıq hərəkatının önündə gedən, fikri, duyğunu və mübarizəni birləşdirən bir yol göstərən idi.

Xalq yazıçısı Çingiz Abdullayev Sabir Rüstəmxanlının mərdliyini və qorxmaz söz adamı kimi mövqeyini vurğulayaraq, xalq hərəkatının əslində yazıçıların hərəkatı olduğunu xatırlatdı və bu qələbədə qələmin də, şeirin də ön cəbhədə olduğunu dedi.

1991-ci ilin martında, Azərbaycanın müstəqillik arzularının hələ də qaranlıqda olduğu bir dövrdə, Sabir Rüstəmxanlı ilə həmin dövrdə "Azərbaycan" qəzetində çalışan jurnalist Elmira Axundova arasında səssiz, lakin cəsarətli bir razılaşma baş verdi. Millət vəkili, "Bunu çap edəcəyik, amma heç kimə demə," dedi, çünki bilirdi, əgər bu material öncədən açıqlansa, senzura dərhal onun qarşısını alacaqdı.


Beləcə, 1 mart 1991-ci ildə qəzetdə cəmi bir səhifəlik, lakin tarixi yükü böyük olan material dərc olundu. Yazıda Qarbaçovun sonunun yaxın olduğu, SSRİ-nin dağılacağı və Azərbaycanın müstəqillik uğrunda ayağa qalxacağı açıq şəkildə proqnozlaşdırılırdı. Bu yazı ilə Sabir Rüstəmxanlı və Elmira Axundova böyük riskə getmiş, amma gerçək hünər sərgiləmişdilər. Ulu Öndər Heydər Əliyev bu yazını görəndə çox sevinsə də, hər iki şəxsiyyətin taleyindən narahatlıq keçirmişdi. Çünki o dövrdə belə bir addım məhz müstəqilliyə aparan yolda sözlə edilən inqilab idi.


Professor Fazil Rüstəmov Sabir Rüstəmxanlının əsərlərinin fəlsəfi dərinliyini vurğulayaraq, onların əlçatmaz bir səviyyədə olduğunu qeyd edib. O, Rüstəmxanlının yaradıcılığını yalnız ədəbi deyil, həm də fəlsəfi baxımdan yüksək qiymətləndirərək, onun əsərlərindəki fikirlərin və ideyaların dərinliyini və mürəkkəbliyini önə çəkib. Bu fikirlər, Rüstəmxanlının yaradıcılığının təkcə ədəbiyyat sahəsində deyil, həm də fəlsəfə və düşüncə sahəsində də önəmli bir yer tutduğunu göstərir.


Sabir Rüstəmxanlı tədbirin sonunda yaddaşların tozunu alıb, illərin dərinliyindən bir sandığın sirrini paylaşdı, anasının sandığını. Dedi ki, o sandıqda saxlanılanlar sadəcə vərəqlər deyildi, savadsız bir qadının ana ürəyiylə qoruduğu bir ömrün ilk izləri idi. O vərəqlərdə uşaq Sabirin qeydə aldığı ilk misralar, məktub parçaları, özü belə unudulmuş sətirlər vardı. Anası kiril hərfini tanımadan belə, o yazılarda bir gələcək görmüş, bir söz yolçusunun ilk addımlarını duyub illərlə saxlamışdı. Vərəqlər saralmışdı, amma o ana məhəbbəti, o duyğu heç vaxt solmamışdı. Bu sandıq, Sabir müəllimin sözə doğmalığının, həyatın içindən gələn poeziya duyumunun ilk qibləgahı idi.






R.Daşdəmirova
Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: