İRAQ MƏTBUAT TARİXİ (1869-2019) - Dr. Şəmsəddin KUZƏÇİ

İRAQ  MƏTBUAT TARİXİ (1869-2019) - Dr. Şəmsəddin KUZƏÇİ
İraq dünyanın ən qədim mədəniyyətlərinə malik Aşağı Mesopotamiya bölgəsində qurulmuş dövlətdir. Bu gün İraq Yaxın Şərqdə özünün strateji mövqeyi ilə yanaşı zəngin neft ehtiyatları ilə körfəz ətrafında yerləşən ən mühüm ölkələrdəndir.
1535-1917-ci illərdə Osmanlı tərəfindən idarə edilib, Lozanna sazişindən sonra isə İngiltərənin idarəçiliyi altına keçib. İngiltərə 1971-ci ildə Yaxın Şərqdən çəkildikdən sonra bu bölgədə ABŞ hakim güc olmağa başlayıb. Soyuq müharibə dövründən sonra Yaxın Şərqdə öz təsir gücünü daha da artıran ABŞ-ın İraqla bağlı xüsusi siyasi marağı vardır. İraq Osmanlı dövlətindən alındıqdan sonra, ingilis mandatına daxil olub. 1932-ci ildə Millətlər Cəmiyyətinə üzv olan İraq Yaxın Şərqdə rəsmi dövlət statusunu qazandı. Tarixdə daha öncə İraq dövləti yaxud da İraq xalqı olmayıb. İraq Osmanlı İmperatorluğu dövründə coğrafi baxımdan mərkəzdən uzaq yerləşdiyi üçün “İraq” adlandırılıb.
İraq Osmanlı dövründə Mosul, Bağdad və Bəsrə əyalətlərindən ibarət idi. Üç nəcib və bir neçə etnik qrupun birgə yaşamaları İraqı mozaik bir ölkəyə çevirmişdi. Təxminən 30 milyon əhalisi olan İraqın 97-%-i müsəlman, 3%-i qeyri-müsəlmandır. Əhalinin 50%-i şiə, 40%-i sünni və 10%-i digər məzhəblərə bağlı qruplardan ibarətdir. İraqda yaşayan əhalinin etnik tərkibinə gəlincə, 61%-i ərəb, 18%-i kürd, 13%-i türkman, 4%-i arami (süryani), 4%-i yezidi, erməni və digər etnik azlıqlardır. Şiə məzhəbinə aid əhali ölkənin güneyində yaşadığı halda Bağdad ətrafında sünni ərəblər, quzeydə isə kürd və türkmanlar üstünlük təşkil edir.
İraqda çox əhəmiyyətli neft ehtiyatları var. Səudiyyə Ərəbistanı Krallığından sonra dünyada ikinci neft ehtiyatı olan ölkə İraqdır.
Ölkə məhz bunun sayəsində ayaqdadır. ABŞ ikinci körfəz hərəkatından sonra Səddam Huseyn hakimiyyətini devirərək İraqı işğal etdi. Bundan sonra İraq tarixinin ABŞ tərəfindən yenidən formalaşdırıldığını söyləmək olar.
1918-1921-ci illərdə İngiltərə idarəçiliyində olsa da, 23 avqust 1921-ci ildə İraqda Krallıq dövrü başladı. Ölkənin ilk Konstitusiyası İraqın Əsas Qanunu adı ilə 1925-ci ildə qəbul edildi. 1932-ci ildə İnsan Hüquqları Deklarasiyasını qəbul edərək Millətlər Cəmiyyətinə üzv oldu. Beləliklə 1932-ci il 3 oktyabr tarixi İraq dövlətinin yaradıldığı gün kimi tarixə yazıldı. 1958-ci il iyulun 14-də baş vermiş inqilabla İraq Cümhuriyyəti elan edildi.
Cümhuriyyətin əsas qanunu 1958-ci ildə müvəqqəti konstitusiya olaraq qəbul edildi. 1964, 1968 və 1990-cı illərdə İraq konstitusiyaları respublikaya rəhbərlik etmiş iqtidar qüvvələrinin maraqları istiqamətində yazıldı. 1968-ci ildə Abdulkərim Qasımı devirmiş Bəəsçilər hakimiyyətə gələrək ölkəni idarə etməyə başladı. Bu vəziyyət 2003-cü ilə qədər davam etdi. 2003-cü ilin aprel ayında İraq rejimi (Səddam Huseyn hakimiyyəti və Bəəs partiyası) devrildikdən sonra 30 iyun 2003-cü il və 31 yanvar 2005-ci illəri əhatə edən 62 maddədən ibarət müvəqqəti konstitusiya işğalçı qüvvələrin direktivləri ilə tərtib edildi.
Daha sonra mübahisələrə səbəb olan referendum nəticəsində 2005-ci il oktyabrın 15-i İraq dövlətinin hazırkı Konstitusiyası olan 144 maddədən ibarət Anayasa qəbul edildi. İraq dövlətinin yaranmasından bu yana qəbul edilmiş bütün Konstitusiyalarda hüquq və azadlıqlar çərçivəsində söz və fikir azadlığı, mətbuat azadlığı öz əksini tapıb. Ancaq bu hüquq və azadlıqlar heç vaxt qanunlarda olduğu şəkildə icra edilməyib. Bütün hakimiyyət gücləri bu haqq və hüquqları öz maraqlarına uyğun istifadə etmişlər. Öz maraqlarına uyğun olanda mətbuata azadlıq vermişlər, lazım olmayanda isə senzura tətbiq etmişlər.
İraqda ilk qəzet 1869-cu ildə o dövrün Bağdad valisi Midhət Paşanın Osmanlı dövləti tərəfindən İraqa vali təyin edilməsindən sonra nəşr edilib. İslahatçı Vəli Midhət Paşa yeni vəzifəyə təyin edilməsindən 2 ay sonra Parisdən İraqa ilk mətbəə avadanlığı gətirtmişdir. Vilayət mətbəəsi adı ilə fəaliyyətə başlamış mətbəədə İraqda “Zevra” adlı ilk qəzet 1869-cu il iyunun 15-i ərəb və türk dillərində nəşrə başlayıb . Ancaq bəzi mənbələrə görə, İraqda işıq üzü görmüş ilk qəzet “Zevra” deyil, “Jurnal İraq”dır.
Osmanlı dövründə İraqda mətbuat sisteminin əsas cəhətləri bunlardır: mətbuat işçiləri qəzetçiliyi sözün həqiqi mənasında, bir peşə olaraq, mənimsəmişlər. Onların əksəriyyəti həvəskar olaraq bu işi görürdülər. Osmanlı dövlətində məmur olaraq fəaliyyət göstərən şəxslər cəmiyyətin ziyalı təbəqəsi kimi mətbuatda fəaliyyət göstərmişlər. Bu səbəbdən də Osmanlı dövründə nə hər hansı bir qəzet bir sənaye layihəsinə yönəldildi, nə də bu sahədə çalışan jurnalistlər tacir və sənayeçi oldu.
1865-ci ildə Mətbuat Nizamnaməsinə edilmiş düzəlişlərdən sonra türk mətbuat həyatı yeni bir dövrə qədəm qoydu. İraq (Bağdad, Bəsrə, Mosul) vilayətləri o dövrkü Osmanlının idarəsində olduğuna görə, Mətbuat Nizamnaməsini olduğu kimi tətbiq etməkdə idi. Bu nizamnamə senzuranı tamamilə ləğv edib əcnəbi mətbuatın məsuliyyətsizliklərini də məhdudlaşdırmışdı. Nizamnamənin üçüncü maddəsi əcnəbilərin də yerli şəxslər kimi məsuliyyət daşıdıqlarını nəzərdə tutduğuna görə, əcnəbilərin toxunulmazlığının mətbuat sahəsinə sirayət etməsinin qarşısı alınırdı.
Nizamnamə bir senzura qoymasa da yüksək pul və həbs cəzası tətbiq etməklə əsas padşah olmaqla bütün idarəni (nazirlər, məclislər, məhkəmələr, dövlət qurumları və məmurlar), əcnəbi dövlət nazirlərini və nümayəndələrini ittihamedici və pisləyən mətbu orqanlardan qoruyurdu. Sözügedən nizamnamə 1909-cu ilə qədər qüvvədə qaldı. 1869-cu il iyunun 15-i Osmanlı dövründə İraqda mətbuat tarixinin başlanğıc tarixi, eyni zamanda da Mətbuat Günü bayramı olaraq qəbul edildi. “Zevra” adlı mətbu orqanın ərəb və türkcə yayımlanması eyni zamanda İraqda türk mətbuat tarixininin başlanğıcı sayılır.
Qırx səkkiz il ərzində 2607 sayı çıxmış “Zevra”nın son sayı 1917-ci il martın 11-də Bağdadda işıq üzü görüb. O həm də 1908-ci ildə Osmanlı Konstitusiyası qəbul edilənə qədər Bağdadda işıq üzü görmüş tək qəzet idi. Bununla yanaşı, eyni vaxtda Bağdad ordusunun çap tələbatını ödəmək üçün bir daşbasma mətbəəsi də Midhət Paşa tərəfindən Bağdadda təsis edildi. Bu mətbəədə hərbiyə aid sənədlər, broşür və xüsusi kitablar çap edilirdi ki, bunlar çox vaxt xalqdan gizli saxlanılan qanunları əhatə etdiyinə görə ancaq yüksək rütbəli zabitlər arasında paylanırdı.
İraqda çap işi əvvəlcə daşbasma mətbəələr vasitəsilə həyata keçirilib. Kamil Təbrizlinin mətbəəsi 1861-ci ildə Abbas Mirzə adlı bir şəxs tərəfindən Bağdada gətirilib. 1859-cu ildə isə Mosulda ilk daşbasma mətbəəni əcnəbilərdən ibarət Dominikalı keşişlər təşkil edib. Mosul vilayətində Osmanlının rəsmi qəzeti olan “Mosul” 1885-ci il iyunun 25-də işıq üzü gördü. “Mosul” “Zevra” qəzetindən sonra İraqda çap edilmiş ikinci qəzet idi.
Osmanlı dövründə Mosul şəhərində eyni zamanda 5 qəzet fəaliyyət göstərirdi. 1918-ci ildə İngiltərənin Mosulu işğalına qədər “Mosul” fəaliyyət göstərdi. Bununla yanaşı Cəmaləddin Baban 1913-cü ildə Mosulda 15 gündən bir ərəb və türk dillərində yayımlanan bir dərginin təsisçisi və baş redaktoru idi.
Dərginin 5 sayı işıq üzü gördükdən sonra qeyri-müəyyən səbəblərdən fəaliyyəti dayandırıldı.
Kərkük şəhərində isə ilk mətbəə 1878-ci ildə vali Feyzi Paşa tərəfindən yaradılıb. Bu mətbəə “Vilayət mətbəəsi” adlandırılıb. 1911-ci ildə Abdullah Kazım Paşa Kərkükə vali təyin edildikdən sonra sənaye mətbəəsini qurdu. Bu mətbəədə “Havadis” və “Maarif”lə yanaşı, bir sıra dini və ədəbi kitablar da işıq üzü gördü.
Osmanlı dövründə Kərkükdə bir qəzet və iki dərgi işıq üzü görüb. 1911-ci il fevralın 24-də Kərkükdə çap edilmiş “Havadis” burada türkcə işıq üzü görmüş ilk qəzet idi. Bu qəzetin sahibi Məhməd Qüdsizadə idi. Qəzetin ədəbiyyat redaktoru isə Ahmet Mədəni Qüdsizadə idi. “Havadis” yeddi il ərzində 1918-ci il noyabrın 25-i ingilis qüvvələrin Kərkükü işğal etdiyi dövrə qədər işıq üzü görüb. O dövrdə ən uzun müddət yayımlanan qəzet məhz “Havadis” olub. Qəzetin yuxarı hissəsində “İslami qəzetdir. Müvəqqəti olaraq, həftədə bir dəfə işıq üzü görür” qeydi yer alırdı. Qəzet zəngin mövzuları ilə Kərkükdəki siyasi, mədəni, sosial xəbərləri əhatə etməklə yanaşı, dünyada baş verən yeniliklərə də yer verilirdi. Bununla yanaşı, Kərküklü Hicri Dədə, Muhittin Kabil, Seyid Mahmud Urfi və Nəsimi Qudsizadə kimi türkman şairlərin yaradıcılığına tez-tez yer verirdi. “Havadis”də Bağdad və Kərkükdə işıq üzü görmüş kitab, qəzet və dərgilərlə bağlı xəbərlər də yer alırdı.
Kərkükdə “Havadis”lə yanaşı 1913-cü ildə 15 gündən bir mədəniyyət, ədəbiyyat və sənətlə bağlı yenilikləri əhatə edən “Maarif” dərgisi də fəaliyyətdə idi. Dərgi tanınmış türkman jurnalist, şair Əhməd Mədəni Qudsizadənin zəhməti sayəsində çap edilirdi. Təsisçisi Məhməd Cavad Nəciboğlu olmuş bu dərginin ömrü qısa olub.
Yeddi ay ərzində 13 sayı yayımlanıb və onu “Kevkebul Maarif” əvəz edib. Bu dərgi “Maarif”in bağlanmasından sonra Kərkükdə mədəni boşluğu doldurmaq məqsədilə meydana gəlib. ”Kevkebul Maarif” Kərkük sənaye mətbəəsində ayda üç dəfə işıq üzü görürdü. Sözügedən dərginin hansı səbəbdən fəaliyyətinə son qoyulması haqqında dəqiq məlumat yoxdur. Dərginin cəmi 10 sayı işıq üzü görüb.
Osmanlı dövlətinin Bağdaddan sonra İraqın ikinci böyük şəhəri olan Bəsrə vilayətində dekabrın 31-i 1889-cu ildə “Bəsrə” qəzeti yayımlanıb. “Bəsrə” “Zevra” və “Mosul”dan sonra ölkədə üçüncü, Bəsrədə isə ilk qəzet idi. Qəzet 25 il işıq üzü görüb.
Osmanlı dövründə Bəsrədə 12 qəzet çap edildi. Bu qəzetlərin altısında çalışmış əməkdaşların türkman olduğu məlumdur. Qəzetlərin ya təsisçiləri, rəhbərləri yaxud da redaktorları türkman jurnalistləri idi.
Kərkük əsilli türkman jurnalist Məktubizadə Ömər Feyzi Bəsrə şəhər mətbuatının öncüllərindən hesab edilirdi. O, 1909-cu ildə Bəsrədə ikinci qəzet və Məşrutiyyə dövründən sonra ilk qəzet sayılan “İkaz”ın türkcə bölməsinin redaktoru idi. Bu qəzetin sahibi və rəhbəri Hacı Süleyman Əl-Mosullu idi.
1910-cu ildə Məktubizadə Bəsrədə işıq üzü görmüş “Tezhip”in türk dilində redaktoru, “Yeni Feyz”in məsul redaktoru, “Attı”nın təsisçisi və məsul redaktoru vəzifəsində çalışırdı. Məktubizadə 1913-cü ildə Abdulvahab Əl-Tabtabai tərəfindən çıxarılan “Seda Əl Dəstur”un məsul baş redaktoru və türkcə redaktoru oldu. Bu qəzet ingilislərin 1914-cü ildə Bəsrəni işğal etməsinə qədər fəaliyyət göstərib. Bəsrədə fəal olaraq mətbuatla məşğul olmuş digər türkman jurnalist Ərbilli vəkil Davud Niyazi idi. O, “Yeni Feyz”in təsisçisi olmasına rəğmən, Bəsrədə “İzharulhak” adlı qəzetin məsul baş redaktoru vəzifəsində işləyib. Bu qəzetin təsisçisi Mosuldan olan Qasım Cəlmiran idi.
1910-1913-cü illərdə Bəsrədə yayımlanmış “Bəsratul Feyha” Kərkükdə çap edilmiş “Havadis”dən sonra İraqda rəngli işıq üzü görmüş ikinci qəzet idi. 1918-ci il mayın 14-ü ingilis ordusunun İraqı işğal etməsi ilə bölgədə Osmanlı dövrü sona çatdı. 1918-ci il mayın 14-ü və 1921-ci il 28 avqust tarixləri arasında İraq ingilis mandatı altında idarə edildi.
İngilis mandatı altında İraqda yayımlanmış ən önəmli qəzetlərdən ərəbcə və türkcə iki gündən bir çap edilmiş “Arab” və “Avukat Əl Bəsriye” (“Time” qəzetinin fars və ingilis dillərində tərcüməsi) qəzetləri dövrün əsas mətbu orqanlarından idi.
Bu dövrdə ingilislər Osmanlı dövründə fəaliyyətə başlamış bir çox qəzet və dərgini bağladı. Bəzi mətbəələri isə ələ keçirərək öz siyasi məqsədləri üçün istifadə etdi. Onlar bir sıra bildiriş və əl elanları, sonralar isə yeni mətbu orqanlar çap etməyə başladılar.
Demək olar ki, Osmanlı dövründə İraqda mətbuat səs-küylü bir dövr yaşadı. Xüsusilə də həmin dövrün mətbuatı mətbuat azadlığı ilə bağlı iqtidarı xəbərdar edərək tənqidi müzakirələr etmək, məsələnin həlli istiqamətində təklifləri yazmaqla, ölkənin bir çox problemlərinin həllini tapdı. Xalqın dünya görüşünü, maariflənməsini daha da artırdı.
Osmanlı dövründə 1869-1917-ci illərdə Bağdadda 51 qəzet və 11 dərgi, Bəsrədə 16 qəzet, Mosul və Kərkükdə 6 qəzet və iki dərgi olmaqla, İraqda çap edilmiş mətbu orqanların sayı cəmi 87-dir. Ancaq apardığımız araşdırmalara görə, təkcə 50-yə yaxın mətbu orqanı ilə bağlı məlumat əldə edilib.
1921-ci ilin avqustunda I Feysəlin taxta çıxması ilə İraqda krallıq dövrü başladı. Bu müddətdə İraq mətbuatı fərqli bir dövrə qədəm qoydu. Bir sıra qəzetlər işğalçı ingilislər tərəfindən bağlandı. Bəzi özəl mətbəələr ingilislərə satıldı. O dövr qəzet və dərgiləri ərəbcə və türkcə ilə yanaşı, ingilis və fransız dillərində də işıq üzü gördü. Krallıq dövrünün əvvəlində İraqda ancaq çap mediasının fəaliyyətindən danışmaq mümkündür.
1925-ci ildə “İraqın Əsas Qanunu” adı altında formalaşmış İraq Konstitusiyasının maddələrində hüquq və azadlıqlara yer verilib; bu dövrdə mətbuat azadlığı uğrunda bəzi iraqlı jurnalistlərin apardığı mübarizə həqiqətən də təqdirəlayiqdir. O dövrdə çox dəyərli qələm sahiblərinin fəaliyyəti və hakimiyyətə qarşı tənqidi fikirləri ilə tanınan qələm ustalarının dövrü İraq qəzetçilik tarixinin “qızıl dövrü” hesab edilə bilər. Bu dövrdə İraqda ulduzları parlayan ərəb, kürd, türkman və süryani jurnalistlərdən Məhəmməd Mehdi Əl-Cəvahiri, Əhməd Mədəni Qüdsizadə, Şakır Sabır Zabit, Sami Hondə, Cəfər Əsəd Əl-Xəlili, Ata Tərzibaşı, Sadiq Məhəmməd, Əl-Əzdi, Səlim Hassün, Rofail Batti, vəkil Cavad Hibəttin Əl-Şəhristani, Baba Əntas Mari Krımlı, Tevfik bin Mahmud Ağa Həmzə (Piremird), Hicri Dədə və digərləri kimi bir çox jurnalist şəxsi imkanları çərçivəsində onlarla nəşrə imza atmışlar.
Kral və tərəfdarları dəfələrlə mətbu orqanları bağlamışlar. Jurnalistlərdən kimisi sürgün edilmiş, kimisi həbsə atılmış, qətlə yetirilmiş, intihar etmişdir. Bəziləri isə var gücləri ilə mübarizələrini davam etdirmiş, hətta xalqın maariflənməsi və rifahı üçün çıxardığı qəzetlərə görə, iki bölgədə birdən millət vəkili seçilmiş, daha sonra Xarici işlər naziri olaraq İraq hökumətində yer alan şəxslərdən olmuşlar. Məsələn, Mosulda doğulmuş jurnalist Rəfail Batti kimi məşhur imza onlardan biridir.
İraq mətbuatında qadınlarla bağlı da ciddi mənada mətbu orqanlar meydana gəldi. Qadınlara aid bəzi mətbu orqanlar 1940-cı illərdən sonra dərgi formatına keçdi. “Leyla”, “Fətatül İrak”, “Rihap” dərgiləri bu dövrə aiddir.
Bu dönəmdə Bağdadda çap edilmiş mətbu orqanların sayında yüksəliş müşahidə edildi. Son 10 ildə, yəni 1949-1958-ci illərdə Bağdadda 105 qəzet, 58 dərgi işıq üzü görüb. İraqda ilk radio 1932-ci il martın 22-i 8.30-10.30 saatlarında “İraq radiosu” adı ilə sınaq yayımına başlayıb. Həmin il aprelin 1-i İraqda sənaye və əkinçilik sərgisinin açılışı ilə əlaqədar kral Feysəl İraq radiosunda xalqa müraciət edərək radionun açılışını edib. 1936-cı ildə İraq radiosu müntəzəm olaraq yayıma başlayıb. Əvvəlcə ərəb, daha sonra türkmən, kürd və süryani dillərində yayımını davam etdirib. Radionun türkman dilində olan bölməsi isə 1959-cu il fevralın1-i bazar günü qısa dalğa ilə yarım saatlıq (15:25-15:44 ) ilk yayımına başlayıb.
İraqda audiovizual media 1952-ci ilə təsadüf edir. O illərdə ingilislər tərəfindən Kərkükdə təşkil edilmiş ilk sənaye sərgisində bir televiziya stansiyası hədiyyə edilmişdi. Bununla da 1953-56-cı illərdə “İraq” televiziyası qurulub, 1956-cı ildə ölkədə ağ-qara formatda televiziya yayıma başlayıb.
Hakimiyyətin nəzarəti altında fəaliyyət göstərən “İraq” TV Kərkük-Mosul və Bəsrədə öz bürolarını açdı. O yerlərdən də bir sıra proqramlar hazırlamaqla yanaşı, müəyyən vaxtlarda yayıma başladı. İraq televiziyasının Kərkük bürosu gün ərzində 8 saat yayım həyata keçirirdi. Bu yayım Kərkük vilayəti sərhədlərindən kənarda, İraqın şimalı Ərbil, Süleymaniyə, Duhok vilayətlərində də izlənilirdi. Altı saat kürd, 75 dəqiqə ərəb, 15 dəqiqə süryani və 30 dəqiqə türkman dillərində yayımlanan Kərkük televiziyası İraqın quzey hissəsini əhatə edirdi.
1958-ci il iyulun 14-də Cümhuriyyətin elan edilməsi ilə İraqda kütləvi informasiya vasitələrinin inkişafı fərqli istiqamətlərə yol açdı. İraqın bir çox icraedici rəsmiləri tərəfindən mətbuat azadlığı yox hesab edildi. İraqdakı hakimiyyət (Bəəs Partiyası) ölkədə mövcud olan çap və audivizual medianın istiqamətini öz siyasətinə uyğun formalaşdırdı.
Cümhuriyyət dövründə nüfuzu olan Bəəs Partiyası mətbu və yayım orqanlarını dövlətin əliylə idarə edirdi. Ərəb Bəəs Partiyası rejiminin fikir və ideyaları xalqa zorla təlqin edilirdi. O dövrdə müstəqil fikirli hansısa qəzetin fəaliyyəti, demək olar ki, mümkün deyildi. Həmin illərdə İraqda işıq üzü görmüş mətbu orqanlar, digər yayımlar dövlət nəzarəti altına alınmışdı. Dövlətin təyin etdiyi bəəsçi məmurlar bu sahənin “mütəxəssis”i adı altında Mədəniyyət və Tanıtma Nazirliyinə bağlı “Rəqabət Əl-Mətbuat” dairəsində fəaliyyət göstərərək İraqda işıq üzü görən bütün orqanları əllərində cəmləşdirmişdilər. Çap mediası, xüsusilə də türkman və kürd dillərində kitablar çap edilməzdən əvvəl iki nüsxə əl yazısı ilə sözügedən rəsmi dairəyə təqdim edilirdi. Bir neçə ay sonra həmin qurum əl yazısına icazə verərdisə, kitab mətbəəyə əlavələrlə birgə göndərilir, daha sonra işıq üzü görürdü. Çap edilmiş kitabların 5 nüsxəsi kitabxanaya vermək üçün “Rəqabət Əl-Mətbuat” dairəsinə göndərilirdi. Ancaq əsas məqsəd çap edilmiş kitabın məzmununun əl yazısı ilə müqayisəsi idi. Dövlət kitabxanalarında türk və kürdcə az kitabların olması bir həqiqətdir.
1968-ci ildə hakimiyyətə gəlmiş Bəəs Partiyası Cümhuriyyətə sahib çıxdı. İraq Mətbuat Gününün 100-cü ildönümündə “Cümhuriyyət” adlı yeni bir qəzet meydana gəldi. İlk sayı 1969-cu il iyunun 15-də çap edilmiş qəzet ilk dəfə ofset üsulu ilə və İraqda yayımlanmş ilk qəzet “Zevra”nın ilk sayınin orijinalı (eynisi) kimi çap edildi. O dövrdə bəzi qəzet və dərgilər də fəaliyyətdə idi. Onlar “Muarif”, “Misbah”, “Təcəddüd”, “Nəcmət Kərkük Şaip”, “Hurriyyə, “İraq”, “İstiqlal”, “Yakza”, “Rafideyn”, “İnkaz”, “İraq Əl-Yövm”, “Təqəddum”, “Səda Əl-Ahid”, “Afaq”,”Ayan”, “Mənar”, “Saut Əl-Vahdə”, “Muhatar”, “Şuulə”, “Həyat”, “Saut Əl-Əhali”, “Misaq”, “Nida”, “Saut Əl-İslam”, “Qəza”, “Ədəb”, “Fikir” və s. mətbu orqanlar. Bəəs Partiyasının 35 illik hakimiyyəti ərzində müstəqil və azad fikirli qəzetin çap edildiyini söyləmək çətindir.
İraq dövlətinə aid universitetlər, cəmiyyətlər və dövlət idarələrinin çap edəcəkləri orqanın İraq Jurnalistlər Cəmiyyəti tərəfindən qeydə alınması məcburi qayda idi. Cümhuriyyət və Bəəs Partiyası dövründə İraqda 1990-cı ildə 219 qəzet və dərgi çap edilirdi. Bu rəqəm həm də Səddam rejiminin çökdüyü dövrün reallığını əks etdirən faktdır. Yəni, 2003-cü il aprelin 10-a qədər İraqda bəzi önəmli qəzetlər işıq üzü görüb: “Cümhuriyyət”, “Saura”, “İraq”, “Qadisiyyə”, “Əlifba”, “Turas uş-Şəbi” dərgiləri ərəb dilində, “Yurd”, “Birlik səsi” və “Qardaşlıq” türkməncə, “Haükari” kürd dilində, “Beytul Nəhreyn” süryani dilində fəaliyyət göstərirdi. Bununla yanaşı, ingilis dilində gündəlik “Baghdad Observer” və iki aydan bir çıxan “Gilgamesh” dərgisi çap edilirdi.
1991-ci ildə birinci körfəz müharibəsindən sonra ABŞ, İngiltərə BMT və Türkiyənin tərəf olduğu İraqın quzeyində formalaşmış “Təhlükəsizlik bölgəsi”ndə Səddam qüvvələrinin yoxluğu, orada mövcud olan türkman, kürd, süryani və müxalif ərəblərin Bəəs hakimiyyətinə qarşı apardıqları milli mübarizə çərçivəsində təxminən 50 qəzet, dərgi və bülleten çapa başlamışdı. BMT-nin qərarı ilə İraq ordusunun Ərbil, Süleymaniyyə və Duhokdan Kərkük və Mosula çəkilməsilə bölgə Talabani və Bərzani qüvvələrinə qaldı. Orada müxaliflər əvvəlcə öz dillərində mətbuat formalaşdırdılar. Daha sonra audiovizual media da yaradılmaqla tam təchiz edilmiş bir media sistemi meydana gəldi. Dünyaya yayımlanan “Kürdüstan” TV Hotbird vasitəsilə yayıma başladı. Mətbuat sahəsində isə türkmanlardan çox geridə qaldılar; beş qəzet və bir neçə dərgi çap edə bildilər. Türkmanlar isə Türkiyənin dəstəyi ilə həm təhsil, həm də informasiya sahəsinə əhəmiyyətli dərəcədə diqqət ayırdılar.
Əvvəlcə “Doğuş”, daha sonra “Türkmaneli” adlı qəzetləri də daxil olmaqla, 20-yə yaxın qəzet və dərgi çap etdirdilər. TERT adlı yerli TV kanalı yaradıldı. Ərbil və Süleymaniyyədə FM radio stansiyası vasitəsilə səslərini və mübarizələrini İraq ictimaiyyətinə çatdırmağa başladılar. Dünyada informasiya texnologiyaları sahəsində gedən proseslər İraqın quzeyində özünü fərqli bir şəkildə büruzə verdi. Bölgədəki müxalif qruplar yüksək səviyyəli informasiya texnologiyalarından yararlanmağa başladı. Çap və audiovizual media ilə yanaşı elektron mediadan da faydalanmağa cəhd etdilər. Bununla bağlı xaricdəki müxalif qrupların təmsilçilərinin lobbi fəaliyyəti sayəsində səmərəli nəticə əldə etdilər. Türkmanlar və kürdlər öz veb saytlarını açaraq mübarizələrini beynəlxalq aləmə çatdırmağa çalışdılar. Kürd saytları kürdlərə, turkmencephesi.org və kerkuk.net saytları İraq Türkman Cəbhəsinə bağlı olub türkmanlar üçün önəmli bir informasiya vasitəsi oldu. Onlar bu fəaliyyətlərin nəticəsində İraq müxaliflərinin səsinin dünyaya çatdırılmasında mühüm informasiya vasitəsinə çevrildi. Mətbuat sahəsində də irəliləyişlər əldə edildi. Senzuranın olmadığı bölgədə mətbuat azadlığınının da tam olduğunu hiss edən, “Təhlükəsizlik bölgəsi”ndə yaşayan müxaliflər bir çox önəmli mətbu orqan və kitab dərc etdilər.
Türkmanlar kürdlərin təzyiq xarakterli davranışlarına baxmayaraq, mövcud imkandan səmərəli şəkildə yararlana bilmişlər. Bu dövrü 1991-2003-cü illər arasında haqqında danışılan “Təhlükəsizlik bölgəsi”ndə İraq müxaliflərinin dönüş nöqtəsi adlandıra bilərik. 2003-cü il aprelin 9-u “demokratiya” və “azadlıq” adı ilə İraqı işğal etmiş ABŞ və müttəfiqləri əvvəlcə İnformasiya Nazirliyini ləğv edərək əvəzində İraq Kommunikasiya Şəbəkəsini qurdu. Senzuranı ortadan qaldırdı. Mətbuat Qanununu yox hesab edərək İraqda çap və audiovizual medianı sonuna qədər sərbəst buraxdı. Səddam rejimindən sonra bir sıra qəzet, dərgi və TV kanalları, radio və digər informasiya vasitələri dövlətdən icazə almadan sərbəst fəaliyyət göstərdilər və hələ də fəaliyyətlərini davam etdirirlər. Dövlətə aid TV kanalları, radio stansiyaları İraq Kommunikasiya Şəbəkəsinə bağlı olaraq fəaliyyət göstərir. Ancaq İraqda yayım orqanları ticari fəaliyyətlə məşğul olduqları üçün Planlama Nazirliyinin tabeliyində olan Vətəndaş Cəmiyyəti İdarəsindən fəaliyyət razılığı və icazə sənədi almaq məcburiyyətindədir. Dövlətdən kənar fəaliyyət göstərən qəzetlərin çətinlikləri təhlükəsizlik və iqtisadi məsələlərlə bağlıdır. Təhlükəsizlikləri və çap xərcləri təmin edilərsə, mətbu orqanlar müntəzəm olaraq fəaliyyət göstərər. Bu gün bir çox mətbu orqanlar iflas edib. Bir çox yayım orqanları isə əməkdaşlarının həyatlarının təhlükədə olması səbəbindən bağlanıb.
İraqda 2003-2007-ci illərdə təxminən 2000-ə yaxın qəzet, dərgi, bülleten və s. gündəlik, həftəlik, 15 gündən bir, aylıq olaraq siyasi partiya və hərəkatlar, qeyri-hökumət təşkilatları tərəfindən ölkədə yaşayan müxtəlif etnik qrupların dillərində çap edilir. Bu qəzetlərin sayı qədər qəzet və dərgi də müxtəlif səbəblərdən bir neçə ay çap edilərək bağlanmaq məcburiyyətində qalıb. Ancaq 2003-2007-ci illərdə İraq Jurnalistlər Cəmiyyətinə fəaliyyət göstərmək üçün rəsmi icazəylə müraciət edən qəzet, dərgi, xəbər agentliyi, TV, radio və informasiya şirkətlərinin sayı 367 olaraq müəyyən edilib.
Xalqın diktatura rejimi qorxusu ilə yaşadığının fərqində olan İraq rejimi və İraq dövlət naziri - Səddam Huseynin oğlu Uday, “Şəbab” adlı TV kanalı açdı. Bəəs Partiyasının əleyhdarlarını, xüsusilə də İraqın ziyalı təbəqəsini nəzarətə almaq istəsə də bu cəhd uğursuz oldu. “Şəbab” TV-nin dəfələrlə Səddam rejiminin nazirlərinə qarşı yayımlarına görə, ata və oğul arasında ciddi mübahisələr yaşandı. Dolayısıyla Uday gündüz vaxtı zirehli avtomobilində vuruldu. Təxminən iki il yataqda qaldı.
Dünyada informasiya texnologiyaları inkişaf edərkən İraq xalqı bu texniki tərəqqidən uzaq düşdü. Səddam və Bəəs Partiyası xalqı qapalı və təcrid olunmuş mühitdə saxlayaraq dünyada gedən proseslərdən və ölkədə baş verən hadisələrdən xəbərsiz qalmasına nail olmuşdur. Demokratiyanı mənimsəyən xalqlar peyk və internet vasitəsilə dünya ilə əlaqə qurarkən İraq xalqı peyk sistemindən istifadə etdiyi üçün həbs və pul cəzasına məruz qalma təhlükəsi ilə üzləşmişdi. Səddamın təlimatı ilə yayımlanmış xəbərdarlığa əsasən kim peyk vasitəsilə xarici kanal və ya kommunikasiya vasitəsi istifadə etdisə, vətənə xəyanətdə ittiham edilirdi. Bu qərar həqiqətən də İraq xalqını qorxutmuşdu. Səddam rejimindən sonrakı dövr iraqlıların ilk işi evlərinə bir çanaq anteni alaraq bu sistemdən istifadə etmələri oldu.
Səddam rejimindən sonra ABŞ işğalı dövründə ölkə əhəmiyyətli yerli TV və radio stansiyalarının sürətli artımı müşahidə edildi. ABŞ qüvvələrinin siyasi partiya və qruplara, kütləvi informasiyaya əhəmiyyət verməsinin nəticəsidir ki, onlara maliyyə dəstəyi ayırmağa başladı. Ancaq bu dəstək daha sonra məhdudlaşdırıldı. Çünki bir çox mətbu orqanlarda ABŞ-ın işğalçı güc olması xəbərlərdə ifadə olunurdu. Daha sonra bəzi kəsimlərə dəstək verməyə başlamış ABŞ bir çox kütləvi informasiya vasitələrinin fəaliyyətini dayandırdı və ya dolayı yollarla əngəllədi.
Kütləvi informasiya texnologiyaları ilə birgə inkişaf edən internet mediası Səddam Huseyn dövründə 1990-cı ildən sonra İraqa daxil olmuş kompyuter texnologiyası ancaq dövlət idarələrində və təhsil qurumlarında istifadə edilməyə başlandı. İnternet xidməti isə 2000-ci ildən sonra məhdud saatlarda və dövlətin nəzarəti altında aylıq 100 dollar olmaqla ev və iş yerlərində xalqın istifadəsinə verildi. 2003-cü ildən əvvəl İraq dövlətinin yeganə veb saytı www.uruklink.net idi. İndi bu sayt İraq dövlətinin rəsmi qəzetinin saytıdır, ancaq aktiv deyil. Sözügedən saytda İraqla bağlı bəzi məlumatlar əlçatan idi.
Xüsusilə də dövlətin mətbu orqanları olan “Cümhuriyyət”, “Savra”, “Kadisiye” və “İraq” qəzetlərini izləmək mümkün idi. Səddam dövründən sonra ölkənin hər tərəfinə yayılmış internet xidməti fərdi istifadəyə verilməklə, böyük marağa səbəb oldu. İraq sərhədləri çərçivəsində və xaricdə İraqla bağlı yüzlərlə veb sayt fəaliyyətə başladı.
ABŞ-dan başqa digər Qərb gücləri İraqda kəşfiyyat faktorunu ələ almaq məqsədi ilə bəzi TV, radio, qəzet, jurnal və veb saytlara sponsorluq etməyə başladılar və bu proses indi də davam edir.Məsələn; “Seva” radiosu və“Hurra” TV kimi.
2003-cü ildən sonra İraqla bağlı fəaliyyət göstərən veb saytların ardınca nazirliklər, xəbər saytları, çap mediası (qəzet və dərgilər), audiovizual media (radio və TV), siyasi partiyalar, qeyri hökumət təşkilatlarına məxsus saytlar meydan gəldi. Bununla yanaşı, İraqda və xaricdə onlarca fərdi, təşkilati və kommersiya məqsədli veb saytlar da var. Bu saytlar o qurumların fəaliyyəti və bəzi məlumatları ilə diqqət çəkir. Məsələn; “İraqın Milli Təhlükəsizlik Strategiyası Planı 2007-2010” və Kərkük neft şirkətinin gizli qalmalı olan vacib məlumatları saytlarda yer alır.
Bu gün İraqda baş verən prosesləri anlamaq və izləmək üçün yüzlərcə veb sayt fəaliyyətdədir. Ancaq çox az sayda müstəqil sayt İraq cəmiyyətində baş verən prosesləri həqiqi mənada əks etdirir. Onlardan ikisi www.nahrain.com və www.kitabat.com saytlarıdır.
ABŞ işğalından sonra İraqda audiovizual media xeyli inkişaf edib. İraq xalqı tarix boyu yalnız bir televiziya kanalını məcburi olaraq izləyirdisə, indi dövlətin 10 televiziya kanalından başqa təxminən 100-ə yaxın özəl, yerli və ölkə əhəmiyyətli televiziya kanalları mövcuddur. İraqın rəsmi dövlət kanalı “İraqiyyə” TV-nin mərkəzi Bağdad şəhəri olmaqla, 10 rayonda televiziya ötürücüləri var. Bu kanalların ilk sırasında Kərkük TV dayanır. Dörd dildə yayımlanan “Kərkük” TV İraq media tarixində ilk yerli müstəqil TV olaraq 1967-ci ildə Kərkükdə yaradılıb.
İraqın quzeyindəki bölgələri əhatə edən “Kərkük” TV bu gün eyni temp və həyəcanla fəaliyyətini davam etdirir. İşğal dövründən sonra İraqda fəaliyyət göstərən özəl kanallar xeyli irəliləyişə nail olmuşdur. Bu kanallar əsasən xəbər jurnalistikasında uğur qazanmışlar. Onlardan ərəblərin “El-Diyar”, “Şarqiye”, “Feyha”, “Bağdadiyyə”, “Sümeriye”, “El-Hurre”, kürdlərin “Kürdüstan, “Kürdsat”, “Zaqros”, süryanilərin “Aşrur”, türkmanların isə “Türkmaneli” TV kimi media orqanlarımüsbət və mənfi rəylərə məruz qalsa da, “İraqın aydınlıq üzü” şüarını özünə hədəf seçərək cəsur yayım siyasəti ilə türkmanların səsi olub.
Radio yayımı sahəsində böyük irəliləyişə nail olunub. 1932 –ci ildən yayımlanan İraq radiosu 60 il hakimiyyətin tribunası olub. İşğaldan sonra televiziya kanallarının sayını dört dəfə artıran radio ötürücüləri var.Elə partiya var ki, binasının damında bir ötürücü, sadə bir mikşer, bir neçə cihaz və bir aparıcı ilə partiyasının təbliğatını aparır. Elələri də var ki, İraqda nəzarət, yayım qanunu və yayım qadağasının olmamasından istifadə edərək fərqli məqsədlər üçün yayım həyata keçirirlər.
Bugün İraqda 200-dən çox radio stansiyası və ötürücülər mövcuddur. Bu radiolar siyasi partiyalar, universitetlər, qeyri-hökumət təşkilatları, dini cərəyanlar və kommersiya məqsədlə siyasi, sosial, iqtisadi, qadın və gənclik-idman, tələbə, mədəniyyət-sənət, qəhrəmanlar və uşaqlara aid müxtəlif verilişlər hazırlayırlar. Televiziya kanallarının, demək olar ki,hamısının bir FM radiosu var və yerli və ölkə əhəmiyyətli yayım həyata keçirən bir çox radio stansiyası da fəaliyyətdədir. Bu radioların yayım siyasətlərinə siyasi partiyalar tərəfindən bəzən maneələr olur, yayımdan sonra nəzarət mexanizmi işə düşür.
Bu mexanizm qanuni olmayan vasitələrlə İraqın bütün media sahəsində hakimdir. Bəzi radiolar iqtisadi və siyasi dəstək ala bilmədiklərinə görə yayımına son qoymalı olub.
ABŞ işğalından sonra İraqda kütləvi kommunikasiya sahəsini bütöv bir sistem olaraq nəzərdən keçirdikdə, dövlətin media orqanları istisna olmaqla, KİV-in etnik və məzhəb faktorlarına ayrılması müşahidə edilir. Çap və audiovizual mediaya gəldikdə isə ərəb şiə, sünni, kürd, türkman, süryani, kildani, yezidi və digər əcnəbi qrupların dil, din, mədəniyyət, etiqad, sosial, mədəniyyət və siyasitələbatlarını təmin etmək üçün KİV-dən istifadə edilir. İraqda hüquq və azadlıqlarla yanaşı, mətbuat sisteminin fəaliyyətini tənzimləyən bir mətbuat qanunu heç vaxt tətbiq edilməyib. Ancaq İraqda bəzi dövrlərdə mətbuat azadlığı müşahidə edilib. İraq Mətbuat Qanunu ərəb dünyasında ən zəngin və əhəmiyyətli mətbuat qanunlarından biridir.
İraqda Mətbuat Qanunu 1908-ci ildə Osmanlının Məşrutiyyə Qanunundan sonra 1909-cu il iyulun 16-ı meydana gəlib. 1931-ci ildə 82 saylı Mətbuat Qanunu, 1954 və 1963-cü illərdəki dəyişikliklərlə 1964 tarixli və 206 saylı qanun mətbuat azadlığına maneə idi. Buna baxmayaraq, İraqda baş vermiş inqilablarda mətbuat əhəmiyyətli rol oynayıb.
1954-cü il mart tarixli 24 nömrəli qərara əsasən 163 qəzet və dərginin təsisçilik hüququ ləğv edilib. O dövrdə baş nazir olmuş Nuri Saitin başçılıq etdiyi hökumətdə İraq Daxili İşlər naziri olmuş Saat El-Kazzaz baş direktor və bəzi jurnalistləri Bağdad şəhərinə çağıraraq onlarla görüşüb. Ertəsi gün isə 163 jurnalistin təsisçilik hüququ ləğv edilib. Ancaq yeddi qəzet və həftəlik bir dərgiyə nəşr hüququ verilib. Ləğv edilmiş qəzetlərin rəhbərləri qanuna etiraz etmişlər. Yeni qəbul edilmiş Mətbuat Qanununun əsl məqsədi İraqı imperialist qüvvələrin əlinə təslim etmək idi. Bununla da Bağdad müqaviləsi imzalanıb. Ancaq bu razılaşma uzun müddət davam etməyib. 1958-ci il14 iyul inqilabı nəticəsində krallığa son qoyulub və İraq Respublika elan edilib. Bununla da köhnə fikirli və imperialist qüvvələrin səsləri kəsildi və İraq mətbuatı yeni bir səhifə açaraq fəaliyyətini davam etdirdi.
Bugünə qədər İraq mətbuat tarixində müxtəlif səbəblərdən dayandırılmış və təsisçilik hüququ əllərindən alınmış nəşrlərin sayı təxminən 500-ə yaxındır. İraqda diktatura rejimi devrildikdən sonra yəni; 2003-cü il aprelin 10-u mətbuat azadlığının inkişafı mümkün olub. Bugün İraqda fəaliyyətdə olan mətbuat orqanları təxminən 2000-dən çoxdur.
2003-2007-ci illərdə İraqda işğalçı qüvvələr və ya terror təşkilatları tərəfindən qətlə yetirilmiş iraqlı jurnalistlərin sayı 250-yə çatdığı halda, təxminən 20-yə yaxın əcnəbi media nümayəndəsinin öldürülməsi müəyyən edilib. ABŞ burada bir media terroru planı tətbiq etməkdədir. Beləliklə, 2007-ci il mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə Fransada təşkil edilmiş etirazlarda İraqda qətlə yetirilmiş iraqlı və əcnəbi jurnalistlərin xatirəsi də yad edilib . İraqda kütləvi informasiya vasitələrinin bir hissəsi dövlətin əlindədirsə, ictimai sektorun maraqları üçün ayrılmış media orqanları arasında özəl sektora aid KİV-lər də var. Ancaq KİV-lər və mətbuat azadlığı ümumi mənada fikir və vicdan azadlığı çərçivəsində mütləq yenidən nəzərdən keçirilməlidir .
Bu günə kimi İraqda media sistemi ağrılı dövr keçib. Bu dövrlər 1908-ci il 23 iyulda II Sultan Abdulhəmid dövrü, 1914-cü il noyabrın 22-nə kimi Bəsrənin ingilis qüvvələri tərəfindən işğalı, 1921-ci il avqustun 23-ü ingilislərin İraqın işğalını sona çatdırması, Milli hökumətin başlanğıcı və krallıq rejiminin qurulması ilə I Feysəlin İraqa kral təyin edilməsi, 1968-ci ildə Bəəs Partiyasının hakimiyyətə gəlməsi . 1991-2003-cü illər İraqın quzeyində formalaşdırılmış “Təhlükəsizlik bölgəsi” dövrü və son olaraq 2003-cü ildə ABŞ-ın İraqı işğalı hadisəsidir.
Bu araşdırma İraqdakı siyasi proseslərin ümumi təhlilini özündə əks etdirir. Siyasi proseslərin son dərəcə mürəkkəb olduğu bir dönəmdə İraqda KİV-in ümumi vəziyyətinin bilinməsi önəmlidir. Türkmanların varlığının yox edilməyə çalışıldığı bir vəziyyətdə türk dilində qəzet, radio və televiziya kanallarının mövcudluğunun öyrənilməsi son dərəcə əhəmiyyətlidir. Araşdırma çətinliklərlə dolu bir şəraitdə aparılıb. Bu günkü İraq elmi araşdırma aparmağa şərait yaratmaqdan uzaqdır. Kitabxana xidmətləri böyük çətinliklərlə üz-üzədir. Araşdırma ilə bağlı məlumat əldə edilə bilən şəxslər ya həyatdan köçüb, ya da qətlə yetirilib .
Azərbaycan, Kipr və Avropada yaşayan mütəxəssis jurnalistlərlə əlaqə yaradılaraq bəziləri ilə internet, bəziləri ilə məktub, bəziləri ilə canlı söhbətlər vasitəsi ilə müzakirələr aparıldı. 1970-ci illərdə Azərbaycanda İraq türkman mətbuatı ilə bağlı doktor Sinan Səidin doktorluq dissertasiyasını əldə etmək çox çətin oldu. Kiril qrafikalı əlifba ilə yazıldığı üçün Moskva kitabxanasına aparılmış tədqiqat işinin bəzi bölmələrini Bakı Dövlət Universitetindən əldə etmək mümkün oldu. Bu kitabda araş¬dır¬ma-çı-yazar Ata Tərzibaşının əsərlərindən də istifadə edilib. Digər tərəfdən, ingilis mənbələrinin araşdırılması üçün Quzey Kiprə səfər edərkən Doğu Akdeniz Universiteti ilə Yakın Doğu Universitetində belə İraq mətbuatı ilə bağlı heç bir mənbə tapılmadı.
İraqda başda Kərkük və Bağdad olmaqla Mosul, Ərbil, Süleymaniyədə işğaldan sonra İraq media sistemi ilə bəzi vacib mənbələri əldə etmək mümkün oldu. Bir sıra önəmli media nümayəndələri ilə söhbətlər aparıldı. Ancaq İraqdakı işğalçı qüvvələr və müxtəlif etnik qrupların mülki şəxslərdən ibarət silahlıları tərəfindən mətbuat nümayəndələrinə qarşı tətbiq edilən gizli senzura araşdırmanı məqsədəuyğun səviyyədə həyata keçirməyə imkan vermədi. Digər tərəfdən 2008-ci il martın 14-16-sı İstanbulda keçirilmiş II İraq Türkman Mətbuatı Qurultayında iştirak etmiş 50 iraqlı jurnalistlə təşkil edilmiş görüş imkanı araşdırmanın yekunlaşdırılmasına kömək etdi. Araşdırma üç bölmədən ibarətdir: Birinci bölmədə Krallıq dövründə baş vermiş proseslərdən bəhs edilir. İkinci bölmədə 1958-2003-cü illərdə Cümhuriyyət dövründən məlumat verilir. Üçüncü bölmədə İraq tarixinin ən dramatik bölməsi olan ABŞ-ın İraqı işğalından sonrakı dövrdə ölkədə inkişaf edən KİV və mətbuat azadlığı təfsilatı ilə təhlil edilir.

Dr. Şəmsəddin KUZƏÇİ

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: