30-04-2024, 13:30 0 Gündəm / Siyasət

Vyanada Fransa müstəmləkəçiliyi ilə mübarizəyə dair KONFRANS

Vyanada Fransa müstəmləkəçiliyi ilə mübarizəyə dair KONFRANS
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə ötən il sentyabrın 22-də BMT-nin Nyu-Yorkdakı və dekabrın 14-də isə Cenevrədəki qərargahlarında keçirilən kolonializmə və onun yeni təzahürlərinə qarşı mübarizəyə həsr olunmuş silsilə tədbirlər təşkilatın Vyana ofisində davam edir.

ULUSUM.az xəbər verir ki, aprelin 30-da BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfrans təşkil olunub. Bakı Təşəbbüs Qrupu tərəfindən keçirilən tədbirdə dövlətlər daxilində və arasında bərabərsizliklərin, davamlı inkişaf problemlərinin aradan qaldırılmasına dair məsələlər müzakirə ediləcək.

Konfransda BMT-nin Vyana bölməsində akkreditə olunan 25 ölkənin diplomatları, 20-dək səfir, 20 ölkənin, xüsusilə də Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin – Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Vallis və Futuna, Korsika, Qəmər Adaları İttifaqı, Haiti kimi ölkələrin milli hərəkatlarının rəhbərləri və müstəqillik tərəfdarları, müstəqil ekspertlər, beyin mərkəzlərinin nümayəndələri, həmçinin yerli və xarici media təmsilçiləri iştirak edirlər.

Tədbirin əsas ideyası müstəmləkəçi ölkənin məqsədyönlü mədəni assimilyasiya siyasətini tənqid etməklə ondan maksimum dərəcədə xilas olmaqdır.

Konfrans çərçivəsində “Assimilyasiya siyasətinin yerli icmalara mənfi təsiri”, “Dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklər çərçivəsində insan hüquqlarının inkişafı” və “Məcburi köçün sütunu kimi ətraf mühitə süni təsirlər” mövzularında üç paneldə müzakirələr aparılacaq.

Bu gün Fransanın tərkibindəki subyektlərə qarşı tətbiq etdiyi assimilyasiya konsepsiyası iki əsas xətt üzrə təhlil olunacaq, müstəmləkəçilliyin yerli icmalar üzərindəki mənfi təsirlərinə və bu prosesə məcbur qalan insanların hüquqlarının müdafiəsinə dair fikir mübadilələri aparılacaq.

Konfrans assimilyasiyanın təsirlərinin azaldılması ilə milli kimliyə olan təhdidlərin azalmasına və dekolonizasiya istiqamətində gözlə görünə bilən nəticələrin əldə edilməsinə imkan verəcək. Bu tədbir Fransanın keçmiş və hazırkı koloniyalarından gəlmiş iştirakçılar tərəfindən gənc nəsillər üçün yerli mədəniyyətin qorunub saxlanmasına və maariflənməyə yönəlmiş gələcək layihələrin işlənilməsi istiqamətində mühüm başlanğıc olacaq.

Konfrans çərçivəsində əlaqələrin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və əməkdaşlığının genişləndirilməsi məqsədilə Fransız Polineziyasının “Tavini Huiraatira” siyasi partiyası ilə Bakı Təşəbbüs Qrupu arasında memorandum imzalanacaq.

Tədbirin sonunda beynəlxalq təşkilatlara açıq məktub ünvanlanacaq.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik və yeni müstəmləkəçilik istiqamətində əsaslı mövqe ortaya qoyaraq Fransanın xaricdəki müstəmləkələrinin apardığı ədalətli mübarizəsini dəstəkləməyə davam edir.

Vyanada Fransa müstəmləkəçiliyi ilə mübarizəyə dair KONFRANS


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: