27-09-2024, 17:09 0 Gündəm / Cəmiyyət

DİQQƏT - BAKIDA KİRAYƏ MƏNZİL FIRILDAQÇILIĞI GENİŞ VÜSƏT ALIB

DİQQƏT - BAKIDA KİRAYƏ MƏNZİL FIRILDAQÇILIĞI GENİŞ VÜSƏT ALIB

"UCUZ EV QURBANLARI"NDAN BİRİ DƏ SİZ OLMAMAQ ÜÇÜN, MÜTLƏQ, BU MƏQALƏNİ OXUYUN! 


Son vaxtlar Bakıda kirayə mənzillər üzərində fırıldaqçılıq geniş yayılıR. Belə ki, bir sıra elan saytlarında Bakıda metrolara yaxın yerlərdə təmirli və əşyalı mənzillər 250-300, 350 azn məbləğlərində kirayə verildiyi göstərilir.Ya əmlakçı, ya da özlərini ev sahibi kimi qələmə verərək, daha doğrusu ev sahibi adıyla elan yerləşdirirlər. Elandakı şəkilləri isə ordan-burdan “çırpışdırır” lar. Yəni real olmayan elanın qeyri-real şəkilləri olaraq camaata sırıyırlar. Bəs biz sadə xalq neynirik bilirsiz?! 

Rayondan şəhərə tələbə qismində gələn və ya işləmək üçün gəlib kirayə axtaran insanlar  “aa nə yaxşı, əla evdir, özü də lap əla qiymətə”-deyə düşünərək əlaqə saxlayırlar. Bir tərəfin saflığı ilə digər tərəfin fırıldaqçılığı burada birləşir və nəticə ...?! 

Deməli, ev axtaran şəxs elandakı nömrəyə zəng edir. Elan sahibi çox mehribanlıqla “bəli, elan hələ aktivdir” deyir. “Evə nə zaman baxa bilərik, biz götürmək istəyirik” deyən şəxsə, “ev sahibi” - “indi işdəyəm, axşam 7-dən sonra baxa bilərsiniz. Amma o vaxtacan elan qalacaqmı söz vermirəm. Çünki istəyən çoxdur. Beh göndərsələr elanı siləcəm. Pis başa düşməyin, sizdən əvvəl çox zənglər gəlib” -deyə qarşı tərəfi beh versin deyə manipulyasiya edir. Hələ bu azmış kimi, “Mən evin öz sahibiyəm, özüm də dövlət işində işləyirəm. Vəsiqəmi də göndərə bilərəm. Ayıb olar ki yalan danışmaq” – deyərək inadırır da öz qurbanını. Qarşı tərəf də bu qiymətə belə ev tapa bilməyəcəyindən qorxub, “nə problem var ki, biz beh göndərək, elanı silin, axşam da razılaşaq ödənişin geri qalanını verək”-deyə tora düşür və elan verənin göndərdiyi hesaba 50-70 manat beh göndərirlər. Bu münvalla həmin “ev sahibi” gün ərzində 5-15 nəfərdən çox adamı aldadır, axşam da ya evdən kimisə xəstəxanaya aparır, ya da işdə “naryada” qalmaq adıyla evə baxmağı sonrakı günə saxlayır. Beləcə 2-3 gün ərzində bacardıqca çox insanı dolandırır və məşum SON -  “ bu nömrəyə zəng çatmır”! Hay-harayla elan verəni tapmaq üçün üz tuturlar DİN polis şöbəsinə. 50 manatı 50 gün axtar ki, tapacaqsan! Tapsan nə dəyişəcək?!   Ortada nə manatcıqlar var, nə də ev! 

Qeyd üçün bildirim ki, Bakıda kirayə evlərin qiyməti evin yerinə, binanın vəziyyətinə, əşyalı olub-olmamağına və kv m görə dəyişir. Siz şəhərin metroya yaxın yerlərində 2-3 otaqlı müasir təmirli və tam əşyalı mənzilləri 250-300-350 azn qiymətlərində tapa bilməzsiniz, əziz SAF bacı-qardaşlarım! 

Bununla bağlı hər il universitetlərdə dərslər başlamadan öncə vətəndaşlara DİN tərəfindən gərəkli xəbərdarlıqlar edilir. Lakin proses öz axarında davam etməkdədir. Aidiyyatı qurumlar əsaslı ölçü götürüb, iş başlatsalar, bu kimi durumların qarşısı xeyli alınar. Ən azından elan saytlarında senzura, nəzarət və ya fırıldaqçılıqla mübarizə məqsədli işlər mütləq görülməlidir. Aidiyyatı qurumların kəskin ölçü götürməsi diləyilə... 

P.S. Tamahkarı yalançı aldadır həmişə.

Rübabə SAHİB 

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: