21-05-2024, 00:50 0 Gündəm

Səudiyyə Ərəbistanı ən böyük təyyarə sifarişini "Airbus"a verdi

Səudiyyə Ərəbistanı ən böyük təyyarə sifarişini "Airbus"a verdi
Səudiyyə Ərəbistanının milli hava yolu şirkəti, Airbus-a 105 təyyarə sifariş edərək ölkənin aviasiya tarixində ən böyük müqaviləyə imza atdı. Bu addım, problemlərlə üzləşən Boeing-in Avropalı rəqibinin bir qələbəsini olaraq görünür.

Dövlət nəzarətində olan Səudiyyə Ərəbistanı Hava Yolları və Flyadeal-ın sahibi olan Səudiyyə Qrupunun direktoru İbrahim Əl-Ömər, bazar ertəsi günü ilk təyyarələrin 2026-cı ilin birinci rübündə təhvil veriləcəyini açıqladı. Riyadda keçirilən Gələcəyin Aviasiya Forumunda Əl-Ömər, "Səudiyyə Qrupu bu gün Səudiyyə Ərəbistanı aviasiya tarixində ən böyük müqaviləni elan edir" dedi.

Səudiyyə Qrupunun mövcud donanması internet saytındakı məlumatlara görə 93 Airbus və 51 Boeing təyyarəsindən ibarətdir. Avropalı təyyarə istehsalçısı Airbus isə etdiyi açıqlamada, son müqavilənin qrupun hazırkı 39 təyyarəlik Airbus sifariş siyahısına əlavə edildiyini bildirdi.

Xəbərdə sifarişin dəqiq dəyəri göstərilməsə də, Gələcəyin Aviasiya Forumu təşkilatçıları yeni sifarişin ümumilikdə 19 milyard dollar dəyərində olduğunu açıqladı.

Əl-Ömər əlavə olaraq, yeni sifarişin Səudiyyə Ərəbistanının neftdən kənar iqtisadiyyatı diversifikasiya etməyi məqsəd qoyan Vizyon 2030 proqramının həyata keçirilməsinə kömək edəcəyini söylədi. Proqramın vacib bir hissəsi isə krallığı turistlər üçün cəlbedici bir məkan halına gətirməkdir.

Əl-Ömər, "Səudiyyə Ərəbistanı, mövcud dörd qitədəki 100-dən çox məntəqəyə yönəlik uçuşları və oturacaq tutumunu artıraraq artan tələbi qarşılamaq üçün iddialı əməliyyat hədəflərinə malikdir" dedi. Ölkə, Milli Turizm Strategiyasına görə 2030-cu ilə qədər ildə 150 milyon turist cəlb etməyi hədəfləyir.

Boeing-ə daha bir zərbə


Səudiyyə Ərəbistanı ilə bağlanan müqavilə, Airbus-ın əsas rəqibi Boeing-in yanvar ayında bir təyyarəsinin gövdəsinin havada partlaması da daxil olmaqla bir sıra təhlükəsizlik problemləri ilə üzləşdiyi və ciddi nəzarət altına alındığı bir dövrdə baş verdi. Bu hadisə, Boeing-in fəaliyyətləri ilə bağlı araşdırmalara və rəhbərlikdə dəyişikliklərə səbəb oldu.

Lakin Boeing, 2018 və 2019-cu illərdə ölümcül qəzalara səbəb olan 737 Max təyyarəsinin 20 aylıq müddət ərzində uçuşlardan kənarda qalmasından bəri çətinliklərlə üzləşir. Şirkət, həmçinin pandemiya səbəbindən hava səyahətinin aylarla demək olar ki, dayanması və bu səbəbdən Boeing təyyarələrini alan hava yollarının əksəriyyətində böyük itkilərin baş verməsi ilə də zərər gördü.

2019-cu ildəki problemlərdən bu yana şirkət, ümumilikdə 31 milyard dollardan çox zərər bildirdi. Bu ilin əvvəlindən etibarən isə səhmlərin qiyməti təxminən 28% düşüb.

Boeing, 5.600-dən çox kommersiya təyyarəsi üçün 529 milyard dollar dəyərində sifarişə sahib olmasına baxmayaraq, keyfiyyət problemlərini həll etməyə çalışarkən hər il kifayət qədər sürətlə təyyarə istehsal edə bilmədiyi üçün mənfəət əldə edə bilmir. Bu arada, Airbus 2023-cü ilin sonunda təxminən 8.600 təyyarəlik sifarişə sahib olduğunu və il ərzində 3,8 milyard avro (4,1 milyard dollar) mənfəət əldə etdiyini bildirdi.

Calal Mir

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: