Xəzər dənizindəki canlıların aqibəti necə olacaq? EKSKLÜZİV
Yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə start verəcək. Şübhəsiz, bu, Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasını nəzərdə tutan layihənin gerçəkləşməsi ilə baş verəcək. Məlumdur ki, ölkəmiz Xəzər dənizini əhatə edən ölkələrdən biridir. Təkcə neft sektorunun sürətli inkişafı sahəsində bu gün beynəlxalq arenada Azərbaycanın mövqeyi xüsusilə seçilir.
Sözügedən layihə isə ölkənin tək neft sektorunu deyil, eyni zamanda qeyri-neft sektorunun da Xəzər dənizi üzərində reallaşmasını mümkün edəcək.
Artıq Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və ilk oxunuşda təsdiqlənib. Ancaq layihə sevindirici hal olmaqla bərabər, bəzi sualları da ortaya qoyur.
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ekoloji cəhətdən zərərlidirmi? Ümumiyyətlə, dənizdə yaşayan canlılar üçün hər hansı təsirləri ola bilərmi?
ULUSUM.az mövzu ilə bağlı ekoloq Cəmşid Bəxtiyarla məsələyə aydınlıq gətirib. Ekoloqun xüsusi olaraq saytımıza verdiyi açıqlamaya əsasən, dənizdə süni adaların olması hansısa ekoloji problem yaratması absurddur:
“İlk baxışdan layihəyə uyğun olaraq dənizdə iş gedən zaman canlılara hansısa zərər gələcəyi düşünülə bilər. Amma canlılar instinktiv olaraq kənar təsirləri hiss edərək dərhal ərazidən uzaqlaşmaqla özlərini mütləq qoruyacaqlar. İnanmıram ki, torpaq tökülərkən hansısa çirkli, radiasiya təhlükəsi yaradan torpaqdan istifadə olunsun. Əminəm ki, layihəni icra edənlər bu amilləri nəzərə alınacaqlar. Bunlara riayət olunduğu təqdirdə, əlbəttə ki, hansısa mənfi təsirin olması gözlənilmir”.
Ekoloq həmçinin qeyd edib ki, sözügedən layihə üzrə təcrübə Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər dövlətlərdə mövcuddur.
“Əgər dənizdəki canlılar üçün təhlükə yaranma ehtimalı olsaydı, bu ölkələr də riski gözə almazdılar. Hesab edirəm ki, ölkəmizdə layihənin icrası zamanı həmin dövlətlərin təcrübəsi öyrəniləcək”.
Yeri gəlmişkən, qanun layihəsində əks olunur: “Süni torpaq sahəsi Xəzər Dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində (bundan sonra su fondu torpaq sahəsi) ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər. Dəniz üzgüçülüyünə təhlükə və maneə yaradan süni torpaq sahələrinin yaradılması qadağandır. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada layihə sənədlərinin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi olmadan və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən süni torpaq sahəsinin yaradılmasına yol verilməyəcək”.
Həmçinin qeyd olunur ki, süni torpaq sahələrinin yaradılmasında yalnız dövlət qurumları deyil, həmçinin fiziki və hüquqi şəxslər də iştirak edəcəklər.
Qeyd edək ki, infrastrukturun genişləndirilməsi baxımından mühüm olan layihə bütövlükdə biznes üçün şans yaratmaqla yanaşı, xarici investorların da ölkəmizə cəlb edilməsinə imkan verəcək. Bu isə bütövlükdə, iqtisadiyyat üçün yeni imkanlar deməkdir.
Rəşid Qarayev