Dünən, 21:30 0 Maraqlı

Yeni evdə yaşamaq xəstələnmək deməkdir? – Təhlükə düşündüyünüzdən daha yaxındadır

Yeni evdə yaşamaq xəstələnmək deməkdir? – Təhlükə düşündüyünüzdən daha yaxındadır
Yeni tikililərdə xəstəlik hallarının artması müasir tikinti və bəzək materiallarından ayrılan kimyəvi maddələrin kompleks təsiri ilə bağlı ola bilər. Bu barədə “Gazeta.Ru”ya Rusiya Texnologiya Universitetinin (RTU MIREA) A. N. Reformatski adına qeyri-üzvi kimya kafedrasının dosenti Andrey Doroxov məlumat verib.

“Müasir tikinti materiallarının əksəriyyəti tərkibində formaldehid, benzol, toluol və ksilol kimi uçucu üzvi birləşmələr (UÜB) saxlayır. Bu maddələr təmir başa çatdıqdan sonra bir neçə ay ərzində havaya buxarlanır. Onlar tənəffüs yollarının selikli qişasını qıcıqlandırır, yerli immuniteti zəiflədir və orqanizmi viruslar və bakteriyalara qarşı daha həssas edir. Bəzi birləşmələr isə tədricən toxumalarda toplanaraq immun sisteminin işini pozan yığıcı (kumulyativ) təsirə malikdir,” — deyə o izah edib.

Risk faktorlarından biri də yeni tikililərdə rütubətin yüksək olmasıdır. Əsasən tikilinin ilk illərində divarların kifayət qədər qurumaması, istifadə olunan plitə yapışdırıcısı və suvaqlar küf göbələklərinin inkişafı üçün əlverişli mühit yaradır. Bu göbələklərin sporları güclü allergendir və xroniki tənəffüs xəstəliklərinə səbəb ola bilər.

“Bəzi küf növləri, məsələn Aspergillus və Stachybotrys, mikotoksinlər ifraz edir. Bu toksinlər immuniteti zəiflədir və infeksiyalara qarşı həssaslığı artırır. Bu mikroorqanizmlər xüsusilə uşaqlar və zəif immun sisteminə malik insanlar üçün təhlükəlidir,” — deyə Doroxov əlavə edib.

Müasir istilik və səs izolyasiya materiallarının da sağlamlığa təsiri var.

“Məsələn, mineral pambıq və penopolistirol düzgün quraşdırılmadıqda xırda toz və stiren ifraz edir. Bu maddələrin uzun müddət inhalyasiya olunması tənəffüs yollarında xroniki iltihab yaradır. Tikinti materiallarına əlavə olunan brom əsaslı alovönləyicilər (antipirenlər) isə endokrin sistemi pozur və bu da immun reaksiyanı dolayı yolla zəiflədir,” — deyə kimyaçı bildirib.

Yeni tikililərdə adətən quraşdırılan PVC-dən hazırlanmış plastik pəncərə və qapılar da sağlamlığa mənfi təsir göstərə bilər. Onlar elastiklik qazandırmaq üçün ftalat adlanan maddələr ehtiva edir. Tədqiqatlar göstərir ki, ftalatlar T-limfositlərin fəaliyyətini zəiflədir və immun sistemi infeksiyalara qarşı daha zəif edir. Eyni təsir sintetik xalçalar və laminatların bəzi növlərində istifadə olunan formaldehid əsaslı yapışqanlarda da müşahidə olunur.

“Riskləri azaltmaq üçün mümkün qədər təbii (taxta, gil, mineral boyalar) və ya sertifikatlaşdırılmış, aşağı emissiyalı tikinti materiallarına üstünlük verilməlidir. Təmir sonrası bir neçə ay ərzində gündəlik intensiv havalandırma təmin edilməli, HEPA və kömür filtrləri ilə təchiz olunmuş hava təmizləyicilərdən istifadə edilməlidir. Rütubətə nəzarət və küf yoxlaması da mühitin immunitetə mənfi təsirini azaltmağa kömək edər,” — deyə Doroxov yekunlaşdırıb.

✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: