10-04-2025, 17:36 0 Köşə

28 il əvvəl, 10 aprel 1997-ci ildə şəhid olan kəşfiyyatçılarımızın anım günü

28 il əvvəl, 10 aprel 1997-ci ildə şəhid olan kəşfiyyatçılarımızın anım günü
İgidlər unudulmaz!

Jalə xanım, şəhidlərimizin ailələrinə daim diqqət ayıraraq, onların taleyini öz taleyi kimi qəbul etmiş, fədakar və vətənpərvər bir insan olaraq hər zaman onların yanında olmuşdur.

28 il əvvəl, 10 aprel 1997-ci ildə şəhid olan kəşfiyyatçılarımızın anım günü


Həyatını şəhid ailələrinin dərdlərinə şərik olmaq, onların acılarına əl tutmaq və bacardığı qədər hər hansı bir problemin həllinə kömək etmək üçün həsr edən Jalə xanım, bu ailələrin yanında olmaqla yanaşı, onların həyat hekayələrini dinləyərək əzablarını öz ürəyində hiss etmiş və bir vətəndaş olaraq məsuliyyətini ən yüksək səviyyədə yerinə yetirmişdir. Onun bu fədakarlığı, insanlıq və vətənpərvərlik hisslərinin təcəssümü olaraq, hər bir şəhid ailəsinə dəstək olmaqda və onların acılarını yüngülləşdirməkdə böyük rol oynayır.



Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru olan Jalə xanım, şəhid ailələrinin hər birinin yanında olmağa, onların taleyini yaşamağa və bu fədakar ailələri cəmiyyətə tanıtmağa hər zaman çalışmışdır.

Tarix boyu dövlətlər arasında müharibələr və faciələrə şahid olmuşuq, amma Vətən uğrunda gedən müharibə heç birinə bənzəmir. Hər bir şəhidin canı və qanı Azərbaycanın müstəqilliyinin əbədi simvolu olaraq yaddaşlarda qalacaq. 10 aprel 1997-ci ildə Xüsusi Təyinatlı Kəşfiyyatçı Qrup üzvlərinin Xocavənd rayon istiqamətində baş vermiş dəhşətli faciənin qurbanı olan kəşfiyyatçılarımızın anım günü münasibətilə II Fəxri Xiyabanda dəyərli və unudulmaz bir tədbir təşkil olundu.

Tədbir, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri Jalə xanımın idarəçiliyi ilə keçirildi. İlk növbədə, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ardınca isə dövlət himni səsləndi.


Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, Fəxri Xiyabana böyük bir insan axını olmuşdu. Tədbirə qatılanlar arasında kəşfiyyatçılarımızın komandiri, polkovnik Xətai Baxışov da yer alaraq, göstərdiyi qəhrəmanlığa görə Aqil Əhmədova "Həzi Aslanov" medalı ilə təltif etdi.

10 aprel 1997-ci ildə baş verən faciəli hadisədən 28 il keçsə də, hələ də o günün acı xatirələri yad edilir: "7şəhid, 1 şahid" və onların taleləri. Bu igidlərdən biri, evin tək oğlu olan Leytenant Vüqar Rzaxan oğlu Yərəhmədov, evli idi və ata olacağı haqqında heç bir fikri yox idi. Lakin ölümündən sonra onun qəhrəmanlıq izlərini davam etdirəcək oğlu, Vüqar Vüqar oğlu Yərəhmədov dünyaya gəldi.


Vüqar, atasının mərdlik və cəsarət izindən gedərək böyüdü, onun yurd sevgisini, torpaq uğrunda can fədakarlığını özündə yaşatdı. Mərdliklə böyüyən, Vətənə olan sevgisi ilə tanınan Vüqar, hərbi xidmətini layiqincə başa vuraraq, həm atasının, həm də Azərbaycanın qəhrəmanlıq yolunu davam etdirdi.


Tədbir ərzində qonaqlar, kəşfiyyatçılarımızın fədakarlığı və göstərdikləri şücaət haqqında öz düşüncələrini bölüşdülər. Hamılıqla, bu igidlərin xatirəsinə hörmət göstərərək xatirə şəkilləri çəkdilər.

Tədbir yalnız bir anma mərasimi deyil, eyni zamanda qəhrəmanlarımızın ruhunu yaşatmaq və onların fədakarlığını, vətənpərvərliklərini gələcək nəsillərə çatdırmaq məqsədini daşıyırdı. Bu an, hər bir iştirakçı üçün həm də Vətənə olan sevgini və dərin hörməti ifadə edirdi.


Onların qəhrəmanlığı yalnız döyüş meydanında deyil, həm də gələcək nəsillərə ilham verəcək bir miras olaraq qalacaq. Jalə xanım, şəhid ailələrinə göstərdiyi qayğı və fədakarlığı ilə, bu ailələrin hər birinin yanında olmaqla yanaşı, onların acılarını öz ürəyində hiss edir. Günün çox hissəsini şəhid ailələrinin dərdlərinə şərik olaraq, onların fikirlərinə diqqət yetirir və səmimi şəkildə onların yanında olur, hər birinə bacardığı qədər dəstək göstərməyə çalışır.

Aqillə Tanışlıq
Günlərin birində, qazı tanışı ilə söhbət edərkən, tanımadığı bir qazının adını eşidir və dərhal onunla tanış olmaq, onun içindəki ağrıları və yaşadığı əzabları dinləmək istəyir.

Bu görüş, gözlədiyindən də önəmli olur. Jalə xanımın gözləri qarşısında zamanın tozlu səhifələrində gizlənmiş bir qəhrəmanlıq hekayəsi yenidən canlanır. 10 aprel 1997-ci ildə sağ qalan kəşfiyyatçılarımızdan biri olan Aqil Əhmədovun həyatına dair söylədiyi sözlər, 1 il 11 aylıq məşəqqətli əsir həyatının yaşatdığı acıları, çəkdiryi əzabları və gözlərindəki dərin izləri, Jalə xanımın qəlbində dərindən iz buraxır. Aqil danışdıqca, Jalə xanım beynində bir layihə qurur: 8 igidin hekayəsini cəmiyyətə tanıtmaq, onların göstərdiyi qəhrəmanlığı hər bir Azərbaycan vətəndaşının ürəyində yaşatmaq. Bu an, onun həyatında yeni bir dönüş nöqtəsi olur.


Jalə xanımın beynində yaranan bu düşüncə tezliklə böyük bir layihəyə çevrilir. O, beynəlxalq mətbuat mərkəzində bu qəhrəmanların həyatına həsr olunmuş böyük bir tədbir təşkil edir. Bu tədbir yalnız ağır döyüşlərin və əzabların deyil, həm də qəhrəmanlıqların və vətənpərvərlik ruhunun nümayişidir. Bu işdə ona tələbələri də kömək edir, əzmlə çalışır və həm də özlərinin bu tarixi anlara aid olmağından böyük qürur duyurlar.


Amma Jalə xanım bununla kifayətlənmir. O, öz fikirlərini, hisslərini və yaşadığı bu böyük təcrübəni cəm edərək, "Əbədi Yaşayanlar" adlı bir kitab ərsəyə gətirir. Bu kitabda həmin 8 qəhrəmanın həyatından tutmuş, onların vətən sevgisinə qədər bir çox dərin mövzular yer alır. "Əbədi Yaşayanlar" kitabı oxucular tərəfindən böyük maraqla qarşılanır.


Ardınca, Jalə xanımın bu kitabı türk dilinə tərcümə olunaraq, “7 Şehid 1 Şahid” adı ilə Türkiyədə də nəşr olunur. Kitab, oxucular tərəfindən böyük maraqla qarşılanır və xalqların birliyini, dostluğunu və ümumi tarixə olan hörməti yenidən üzə çıxarır.

Jalə xanım bununla da dayanmaz. O, "Cəngi" rəqsinin üzərində bir mahnı bəstələyir və bu mahnının sözlərini Gülyanaq xanıma həsr edərək, döyüşə çağırış tərzində ifa etməyi təklif edir. Mahnıda vətənpərvərlik, torpağın bölünməzliyi, igidlərin cəsurluğu və öz vətəninə olan bağlılıq ifadə edilir. "8 igid, 8 nəfər!" deyərək, bu mahnı cəngavər ruhu olan fədailəri canlandırır.



Gülyanaq xanım, vətənpərvərlik ruhu ilə bu mahnını ifa edir və səsin hər tonunda, hər kəlməsində igidlərimizin vətənə olan sevgisini, qəhrəmanlıqlarını və fədakarlıqlarını bir nəğməyə çevirir. Hər kəlməsi, mübarizə yolunda qəlblərini qurban verənlərin ruhunu yaşadaraq, xalqın ruhunu canlandırır və bizlərə unudulmaz vətənpərvərlik hissi bəxş edir.

Jalə xanımın bu fədakarlığı, onların qəhrəmanlıq yolunu layiqincə anlatmaq üçün etdiyi hər şey, xalqın və gələcək nəsillərin yaddaşında silinməz izlər buraxır. O, yalnız bir yazıçı və şairə deyil, həm də vətənpərvər ruhun təmsilçisi, ədəbiyyatın və musiqinin gücü ilə millətinin qəhrəmanlarını gələcək nəslə ötürən bir canlı nümunədir.

Şəhid olan hərbçilərimiz:

1) Leytenant Elxan Ağayev
2) Leytenant Vüqar Yərəhmədov
3) Çavuş Anar Rzayev
4) Çavuş Dinar Mustafayev
5) Çavuş Aqşin Həsənov
6) Çavuş Nizami Ələkbərov
7) Çavuş Fariz Cavadov


Sizin ruhunuz bizlərə ilham verir, sizi yad edərkən qəlbimizdə dərin bir hörmət və ehtiram hissi yaranır. Cəsarətiniz, vətənpərvərliyiniz və birlikdə döyüşmək gücünüz bizim üçün ən böyük təqdirəlayiq dərslərdir. Yeriniz cənnət olsun, qəhrəmanlarımız, ruhunuz əbədi yaşasın!



R.İkramlı

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: