Türkiyə ilə üç ölkə arasında DƏHLİZ ANLAŞMASI
Türkiyə, İraq, Qətər və BƏƏ arasında nəqliyyat dəhlizləri ilə bağlı “İnkişaf Yolu” anlaşma memorandumu imzalanıb.
ULUSUM.az xəbər verir ki, Türkiyəni 1200 kilometrlik dəmir və avtomobil yolları Bəsrə körfəzindəki Fav limanına birləşdirəcək “Yeni İpək Yolu” kimi də adlandırılan layihə Avropadan Körfəz ölkələrinə qədər geniş coğrafiyaya təsir edəcək.
Asiya, Avropa və neft və təbii qazla zəngin İraqı birləşdirən Türkiyə-Bəsrə körfəzi iqtisadi dəhlizi ekspertlər tərəfindən bir fürsət kimi dəyərləndirilir. Bu dəhliz Türkiyənin enerji sahəsində mərkəzi ölkə olmaq siyasətini dəstəkləyən çox önəmli təşəbbüsdür. Türkiyəli jurnalist Nedim Şənər projenin əhəmiyyətini İsrail nümunəsi ilə izah edib və bölgədə başladılmaq istənən müharibənin əsl səbəbinə diqqət çəkib:
“Mesopotamiya təxribat üçün ən açıq yerdir. Bu yerləri necə adlandırırlar? Vəd edilmiş torpaq. Baxın, bu layihə İsrailin projesinin önünü kəsir. Təşəbbüs bölgəyə inanılmaz rifah gətirəcək”.
Şənər Prezident Rəcəb Tayyib Ərdoğanın bu çərçivədə İraq səfərinə də toxunub: “Körfəz ölkələri də bunda maraqlı tərəflərdir. Görüşün məzmununa təhlükəsizlik məsələsi də daxil edilib. Türkiyə bunları niyə gündəmə gətirir? Türkiyə türk cümhuriyyətləri və ya ərəb ölkələri ilə nəsə etməyə çalışanda dərhal sabotaj edilir. Hətta Yunanıstanla görüşəndə də işlər qarışır. Türkiyə Yaxın Şərqdə nəsə etməyə çalışanda Amerikadan həmişə təxribat olur. Sənin yanındaymış kimi görünsə də, təxribatla məşğuldur”.