21-05-2024, 22:15 0 Gündəm / Siyasət

Ermənistanla daimi sülhün formulu - Cənubi Qafqaz İqtisadi Birliyi

Ermənistanla daimi sülhün formulu - Cənubi Qafqaz İqtisadi Birliyi

Uzun illər əsassız iddialar irəli sürən Ermənistan siyasi hakimiyyəti indi tamamilə başqa dövrə keçid etdiklərini, Azərbaycan-Türkiyə birliyinin bölgənin aparıcı qüvvəsinə çevrildiyini qəbul etdilər. 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində Paşinyan və komandası yenidən qələbə qazandı. Nikol hökuməti erməni xalqının əksər hissəsinin səsini almağa nail oldu. Bu, həmçinin gələcəklə bağlı seçim idi. Xalq sülh və tərəqqi yolunu seçdi. Bu yol təbii olaraq Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsindən keçir.


Bu barədə Ulusum.az-a açıqlama verən ictimai-siyasi fəal Elvin Baxşalızadə danışıb.

Bəs bu necə baş verəcək? Axı uzun illərin müharibəsi, itkilər ortada "dərin çatlar", nifrət yaradıb?

Elvin Baxşalızadə bildirir ki, bu iki ölkə etnik, mədəni baxımdan tamamilə iki fərqli xalqdır. Lakin onun fikrincə, daimi sülhə gedən yeganə yol qarşılıqlı iqtisadi-ticari əlaqələrin təsis olunması, ölkələrin bir-birindən asılılıq yaradacaq layihələrə qoşulmasıdır.

"Gələcək perspektivdə Gürcüstanın da iştirakı ilə bölgədə Avropa Birliyi nümunəsində iqtisadi birlik də təsis etmək olar. Bu, Cənubi Qafqaz ölkələri arasında inteqrasiyanı sürətləndirən amilə çevrilə bilər. Çünki bölgənin böyük iqtisadi potensialı var. Sülh mühiti böyük həcmdə xarici investisiyanı regiona çəkməyə təkan verəcək. Zəngəzur dəhlizinin açılması ilə həm Ermənistan,həm də Azərbaycana ciddi həcmdə tranzit gəlirləri daxil olacaq. Bu dəhlizin açılmasından sonra Çin və Avropa Birliyi üçün Cənubi Qafqazın əhəmiyyəti xeyli dərəcədə artmış olacaq. Turizm sahəsində də bölgənin böyük potensialı var. Hər üç ölkənin möhtəşəm təbiəti, ecazkar dağları, meşələri və zəngin mətbəxi mövcuddur".

Hazırda bu potensialdan lazımınca istifadə edən və illik bir neçə milyard dollar gəlir qazanan yeganə ölkənin Gürcüstan olduğuna diqqət çəkən İctimai-siyasi fəal gələcəkdə bu dövlətin sözügedən sahədəki təcrübəsinin digər iki ölkədə də istifadə oluna biləcəyi qənaətindədir. Bütün bunlar gələcək perspektivdə reallaşdırıla biləcək böyük layihələrdir.

Onun sözlərinə görə, Qazax rayonunun 4 kəndinin geri qaytarılması, Qazaxıstanda baş tutan ikitərəfli danşıqlar hazırda yekun sülh sazişi ilə bağlı ümidləri kifayət qədər artırıb.

"Düzdür, Ermənistanda prosesə müqavimət göstərmək istəyən qüvvələr də son dönəmdə aktivləşdilər. Lakin erməni cəmiyyəti hələ ki onlara ciddi dəstək vermir. Bu isə aksiyaların effektivliyini azaldır. Ümid edirəm ki,qarşıdakı dönəmdə iki ölkə arasında sülh danışıqları ciddi nəticə verəcək və minimum çərçivə sazişinin imzalanması ilə bağlı tarixi günlər yaşayacayıq"

Qeyd edək ki, sülh şəraiti bölgəmizin iqtisadi inkişaf, rifah mərkəzinə çevrilməsi istiqamətində böyük addım kimi qiymətləndirilir.

Aymirə Ağamirova
Ermənistanla daimi sülhün formulu - Cənubi Qafqaz İqtisadi Birliyi
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: