16-05-2024, 21:00 0 Gündəm / Cəmiyyət

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.

Ulusum.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin

bəyanatı

- Hörmətli Aleksandr Qriqoryeviç.

Hörmətli qonaqlar.

Əziz dostlar.

Bu gün biz Azərbaycana dövlət səfəri ilə gəlmiş əziz qonağı, böyük dostumuz Aleksandr Qriqoryeviç Lukaşenkonu qəbul edirik. Aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Bu gün münasibətlərimizin son illərdə inkişafını müfəssəl şəkildə təhlil etdik və bu münasibətlərin dinamik inkişafını məmnuniyyətlə qeyd etdik, həmçinin daha da mühüm olanı - gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik. Razılığa gəldik ki, yaxın vaxtlarda Minskdə keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müvafiq dövlət strukturlarına verilmiş tapşırıqlar müfəssəl şəkildə təhlil olunacaq və onların icra müddəti üzrə konkret addımlar, həmçinin qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün həmin tapşırıqların verildiyi məsul şəxslər və strukturlar müəyyən ediləcək.

Mən məktub göndərmişəm, lakin bu gün bir daha Aleksandr Qriqoryeviçi noyabrda Bakıda keçiriləcək iqlim sammitində iştirak etməyə şəxsən dəvət etmişəm. Həmin vaxta qədər müvafiq tapşırıqlar verilib, biz onların yerinə yetirilməsi üzrə məruzələri dinləyəcəyik. Bu gün müzakirə etdiyimiz məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri, başqa sözlə desək, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlər geniş şəkildə müzakirə olundu.

Belarus nümayəndə heyətinin üzvləri artıq dünəndən Bakıdadır və azərbaycanlı həmkarları ilə danışıqlar aparıblar. Bu, bir daha göstərir ki, hər iki tərəf Belarus Prezidentinin dövlət səfərinə məsuliyyətlə yanaşaraq, sonradan dövlət başçılarının təsdiqinə təqdim ediləcək bir çox məsələləri əvvəlcədən müzakirə edib və razılaşdırıblar. Zənnimcə, məhz əməkdaşlığın bu səmərəli forması daha düzgündür və konkret nəticəyə yönəlib. Beləliklə, əminəm ki, gələcəkdə, həm də çox uzaq olmayan gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik. Mən artıq bu barədə danışmışam, bir daha demək istəyirəm ki, Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir.

Demək olar ki, ərazini sıfırdan bərpa etmək lazım gəlir, müqayisə üçün deyim ki, Livanın bütün ərazisi, üstəgəl bütün bu ərazinin 50 faizi qədər sahəni. Bütün bunları, sadəcə, daşın daş üstündə qalmadığı ərazidə görüləcək işləri təsəvvür etmək üçün söylədim. İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik.

Bu gün, həmçinin konkret tapşırıqlar verilib. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, - bu barədə də danışdıq, - aqroşəhərciklərin tikintisi təcrübəsi var. Əlbəttə, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar.

Biz bu gün, həmçinin regionumuzda MDB məkanında təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Mən Aleksandr Qriqoryeviçə Cənubi Qafqaz regionunda postmünaqişə şəraiti haqqında məlumat verdim. Təbii ki, dünya siyasətinin aktual məsələləri üzrə də fikir mübadiləsi apardıq. Dünyada vəziyyət sürətlə və bir qayda olaraq, mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq, mövcud münaqişələr öz həllini tapmır. Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdiyi münaqişə istisna olmaqla.

Əlbəttə ki, diskussiyalar üçün mövzu olduqca çoxdur. Biz Aleksandr Qriqoryeviçlə artıq son 20 ildə fəal işləyirik. Bu illər ərzində müxtəlif şəraitlərdə həmişə dəyərlərimizə - xeyirxahlığa, ləyaqətə, münasibətlərdə dürüstlüyə və nəticəyə hədəflənməyə sadiqliyimizi qoruyub saxlamışıq. Düşünürəm ki, ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər təbii olaraq bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər. Zənnimcə, bu gün bu münasibətlərin dostluq xarakteri daşıması əyani şəkildə nümayiş etdirilir.

Aleksandr Qriqoryeviç, bir daha minnətdarlıq hissi ilə demək istəyirəm ki, Sizin səfərinizi dostluq və hörmət əlaməti kimi qəbul edirəm. Ötən illərdə biz bir neçə qarşılıqlı – rəsmi və işgüzar səfərlər etmişik. Amma dövlət səfəri həm forma, həm də məzmun etibarilə həmişə fərqlidir. Sizi salamlamağıma şadam. Sizə və dost, qardaş Belarus xalqına yeni uğurlar və qələbələr arzulayıram. Sağ olun.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: