Penitensiar Xidmətin fəaliyyətində ciddi dəyişiklik müşahidə olunur
“Son zamanlar ədliyyə sistemində ardıcıl islahatlar həyata keçirilir. Xüsusi ilə Penitensiar Xidmətin fəaliyyətində ciddi keyfiyyət dəyişikliyi müşahidə olunmaqdadır. Penitensiar sistemdə infrastrukturun müasirləşdirilməsindən kadr islahatlarına qədər bütün sferaları əhatə edən yeniliklər tətbiq edilir”.
Bu sözləri Ulusum.az-a açıqlamasında “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri, Prezidentin Təhlükəsizlik Xidmətinin Təşkili və Nəzarəti Idarəsinin sabiq rəisi Elmar Məmmədov deyib.
Onun sözlərinə görə, son dönəmlərdə Penitensiar sistemdə islahatlar dərinləşdirilib:
“Paytaxtda və bölgələrdə yeni müasir penitensiar komplekslər inşa edilir. Eyni zamanda, kadr siyasəti zamanı şəffaflığa xüsusi diqqət yetirilir. İşə qəbulla bağlı açıq müsabiqə və müsahibələr keçirilir. Dövlət siyasətinə uyğun gənclərin işlə təminatına xüsusi diqqət yetirilir. Şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı və həssaslıqla yanaşılır. Ötən dövrdə şəffaf seçimlər əsasında yüksək hazırlıqlı, müasir texnologiyalara bələd və mənəvi cəhətdən saf, əksəriyyətini gənclər təşkil edən minlərlərlə gənc qulluğa qəbul olunub. Müşahidələrim və gələn informasiyalar sübut edir ki, bu xidmətdə çalışan şəxslərin qarşısına vətəndaşlara nümunəvi, qanunçuluq, insan hüquqları, humanizm prinsiplərini əsas tutaraq xidmət göstərmək ana vəzifə kimi qoyulub. Xüsusilə, həbsxanalarda məşğulluğu təmin etmək üçün məhkumlar üçün çörək sexləri yaradılıb və onlar orada işlə təmin olunublar. Bundan başqa, məhkumların qanunla müəyyən olunmuş hüquqlarından istifadə üçün mobil notarius xidmətləri yaradılıb. Artıq məhkumlar onlayn notarius xidməti vasitəsilə həbsxanadan onlayn qaydada müəyyən şəxslərə etibarnamələr, müxtəlif sənədlər verə bilərlər”.
E.Məmmədov qeyd edib ki, penitensiar sistemdə məhkumların hüquq və azadlıqlarının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili, islah prosesinin və sosial adaptasiyanın gücləndirilməsi məqsədilə dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə birlikdə müxtəlif tədbirlər təşkil edilir: “Bu tədbirlər çərçivəsində məhkumlarla psixoloji seminarlar, yoqa və ebru sənəti üzrə təlimlər təşkil edilib. Bundan başqa, Penitensiar xidmət Vəkillər Kollegiyası ilə birlikdə məhkumlara ödənişsiz peşəkar hüquqi yardımın göstərilməsi məqsədilə mütəmadi aksiyalar təşkil edir”.
Alyans sədri qeyd edib ki, ümumilikdə, Ədliyyə Naziri Fərid Əhmədovun rəhbərliyi ilə infrastrukturun yenilənməsi, fəaliyyətin təkmilləşdirilməsi, məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, peşəkar kadr korpusunun formalaşdırılması, qanunçuluğun möhkəmləndirilməsi, şəffaflığın artırılması və nizam-intizamın gücləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir.