Bu yolda sürücülər CƏRİMƏLƏNƏCƏK – EKSKLÜZİV
Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindəki yerüstü piyada keçidində piyadalara yol verməyən sürücülər cərimə olunacaq.
ULUSUM.az-a daxil olan şikayətə əsasən, gediş-gəlişi bu küçədən olan piyadalar onlara yol verməyən sürücülərdən şikayətçidirlər.
Sözügedən küçədəki piyada keçidində nişanların olmasına rəğmən bəzi sürücülər piyadalara yol verməkdən boyun qaçırırlar.
Məsələ ilə bağlı operativ və obyektiv informasiya vasitəsi olan Ulusum.az Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəisi Toğrul Nəsirli saytımıza açıqlamasında bildirib ki, həmin ərazi tam nəzarət altındadır:
“Sürücülər piyadalara yol verməməklə inzibati məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə əsasən, (Sürücü tərəfindən piyadaya yol verilməməsinə) 50 manat məbləğində cərimə olunurlar”.
Qeyd edək ki, həmin ərazidə xüsusi texniki vasitələrin və YPX əməkdaşlarının müntəzəm xidmətinə baxmayaraq, bəzi sürücülər hələ də qaydalara məhəl qoymur.
Mövzuya qayıdacağıq...
Ağa Dadaşzadə