Xarici investisiyalı MMC-lərlə bağlı qanun DƏYİŞİR
Azərbaycanda xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) dövlət qeydiyyatı elektron qaydada aparılacaq.
ULUSUM.az-ın xəbərinə görə, bu, Milli Məclisin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxs olduğu təqdirdə, onun qeydiyyatını təsdiq edən sənədlər - ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və qeydiyyatı təsdiq edən digər əlaqəli sənədlər ərizəyə əlavə olunmalıdır. Qeydiyyatı təsdiq edən sənədlərin konsul leqallaşdırması tələb olunduğu zaman bu sənədlər həmin xarici hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), Azərbaycan Respublikasının hüdudlarından kənarda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna təqdim olunur. Qeydiyyatı təsdiq edən sənədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və ya diplomatik nümayəndəlik (konsulluq) tərəfindən leqallaşdırılaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsinin təsdiq olunması məqsədilə "Elektron notariat" informasiya sisteminə, tərcüməsi notariat qaydasında təsdiq olunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sisteminə ötürüləcək. Elektron şəhadətnamə (apostil) verilmiş xarici rəsmi sənədlər isə "Notariat haqqında" qanuna uyğun olaraq yoxlanıldıqdan və "Elektron notariat" informasiya sistemi vasitəsilə tərcüməsi notariat qaydasında təsdiq olunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürüləcək.