13-05-2024, 09:30 0 Gündəm / Köşə / Ədəbi sənət

Bax bu da rübab sığalı - Rübabə SAHİB yazır... EKSKLÜZİV

Bax bu da rübab sığalı - Rübabə SAHİB yazır... EKSKLÜZİV
Havası, sehri-səfası, suyu, huyu, özü, sözü, nəfəsi, həvəsi ruhun eşqanə tilsiminə tuş gələn ulusumuzun Çiçək Mahmudqızından bir azca da mən söz açmaq istədim.
“Dodağının kənarıyla yanağının sərhədini qibləğah bildim hər gün namaza durdum orda, bəlkə gələrsən deyə” deyən Rübabənin ruhunun ən sısqa yerinə sığal çəkdi Çiçək Mahmudqızının “Gülüm ləçəklərdə qaldı,
Şirəm pətəklərdə qaldı,
Əlim ətəklərdə qaldı,
İsmarıcım var deyəsi,
Hardasan, könül yiyəsi?! -deməyi.
Onda anladım ki ruhum ruhunun getdiyi yoldan gedir, ey sevda sığallı qadın!

Deyilənə görə, izzət ən çox kişiyə yaraşır. Amma qadının izzətlisi daha əzəmətli olur. Mən “bizim Çiçək Mahmudqızı”nı bax elə bu nişanla təsvir edəcəyəm könül dostlarımıza.
Peymanı eşqə uzalı qibləgah ruhunu ovsunlu röya kimi könüllərin körpüsünə calaq elədi bizim Çiçək xanım. Keyvir bulağı kimi çağlayan məxməri duyğularını illərlə saza, sözə, sənətə, şeirə və ən çox da şeir ruhlu könüllərə peşkəş qıldı.
Bu qadın əsrinin zərgər qərinəli, poyraz bir eşqinin boxçasıdır. Və bu gün 60 yaşına xatirələrin nazını çəkdiyi, lalıxlamış duyğular birikdirib ki, onların özətini görüb də yazmamaq günahdır. Pərçimi pozulmayan düyüm-düyüm dərdlər də toplayıb ömrün 60-cı baharına bizim Çiçək xanım. Səmavi hisslərlə yaşayanlar adətən dərd çəkməyi də sevən olur. Bir az da ondandır.
Mən illər öncə “Barbarosda qətl” hekayəmi yazarkən orada - bir etalon sevmək – vaksini tapılmayan bir epidemiyaya yoluxmaq deməkdir. İnsan ayağını yorğanına görə uzatmalıdır, hətta sevərkən belə- deyə bir duyğu hökmünü toxumuşdum əsərə. Niyəsə, hər dəfə Çiçək xanımı görəndə, gözlərinin dərinliyində köşə-bucaq gizlədiyi o məlul amma etalon eşqi görər kimi oluram. Ay rəhmətliyin qızı, sən də sevgidə ayağını yorğanına görə uzatmadın, deyəsən. Adın könüllərə körpü saldı, amma könlün sevdasına yan ala bilmir ki bilmir! Şairliyin də altın qanunu budur ya hu Çiçəyi!
Sözün və sazın yolunda sarmaşıq duyğulara yelkən açdın ürəyini. Sevdasının dizinə sığınıb, əlçim-əlçim dolub-boşaldı. Nəğmələrin burnunun dibində özünə yer açdı illərlə. İndi isə səhmana salmağa çalışır taykeşir arzularını, can yeləyi ruhunu, irfani məhəbbətini.
Gəl, gələk, Çiçək Mahmudqızı könüllərə necə körpü saldı və niyə məhz o körpü könüldən keçdi və o körpüdən daha nələr keçdi?!
Yaradıcılığında qoşma, gəraylı, dodaqdəyməz, təcnis və s aşıq şeir şəkillərinin geniş yer alması ilhamının sazdan doğulduğunun bariz nümunəsidir. Özü də hər dəfə müsahibə və çıxışlarında “mən ömrümü saza verdim” deməyi, yarsız ömrünə qara sazı yar bilməyi əslində bir çox mətləblərdən xəbər verir.
Yönü hara bu səfərin,
Xoş halına bixəbərin.
Çiçək kimi “bəxtəvər”in,
Qara sazdı yarı belə,
Köklə gedək Sarıtelə.
Sevda qədərsiz olur, əgər qədər tanısa, onun içində təmənna olur. Mən Çiçək xanımın təmənnasız, sərhədsiz eşqinə şahid ömrünün sərgərdanı olduğunu gördüm. O sevgi ki, orada Allah var, o sevdada ekstaz halında yaşayan bir rumi ruh var. O ruhun qidası sazdan keçir, sarı simdə ballanır, hər pərdədə cadarlanmış arzularının qlamur gerçəyini yaşayır. Həm də “mən hər kəsi sazı sevməklə, haqqı sevməyə və ibadətə səsləyirəm” deməklə sazı Allaha ulaşdıran irfani güc mərtəbəsinə yüksəldir.
Deməli, ruhun, könlün və dilin duası necə ki ayrı-ayrı ilahi təqdir mərtəbələrində baş verə bilir. Çiçək Mahmudqızı da heç özü bilmədən ruhun da, dilin də, ürəyin də duasını sazla sözün vəhdətində Allaha ulaşdıranlardan olub. Artıq 15 ildir ki, ömrünün ən pəhləvi illərini bu yolda yorub.
Çiçək xanım hətta eşqini tütyə kimi ərkələyən insandan daha ali rütbədədir.
“Heyf, saf eşqimdən, bəxti uğursuz
Bəndəyə qismətdir Çiçək adında.”
– demək ilahi mərtəbəyə ulaşan ruh əhlinin dilinin simvolikasıdır. Tək bu misralar kifayətdir ki, onun cismdən ayrı can olduğunu anlayaq.
Mövlanəsayağı bir də dostpərəstliyi var bizim Çiçək xanımın. Hər an dostların əhatəsində naz satıb, söz alıb, dostlarını pərvazlandırmağı da bir ayrı sevir.
Ədəbiyyat əhlinin içində Çiçək Mahmudqızının sözlə nazını çəkmədiyi bir qələm adamı çox azdır. Ədəbi-publisistik məqalələrində də elə həmin poetik ruhun tilsimli gücü açıq-aşkar görünür.
Müəllim ədası, analıq qayğıları da bir başqa şirə səpib şair ruhuna. Bu gün 60 yaşında kür uşaqdan betər olan sevdasının pişvazına elə bu şirinliklə çıxır. Hətta deyəsən, arada dərdini nəyə büküb, sevgisini harada gizləsin bilmir. Çünki darıxır.
Könüldaşım, hər könlümdən keçəni,
Sənin ilə bölmək üçün darıxdım.
– deməyi əbəs yerə deyil.
Sevdası yücə olanın, qorxusu da uca olar. “Dərd niyə çoxalır, Allah, gecələr?!” – deməklə dərddən qaçış yolunu sevdada gördüyünü də bəlli edir Çiçək xanım. Duyğulu könüllərin də dərdinə sığal çəkməyini diləyir bir məqamda. Sonra yenə sığınır eşqinin həsrətinə, “həsrətin nə şirin, ay könüldaşım?!” – deyə könlünə təskinlik verir. Və yenə aşiqsayağı “öz-özümü yandıran, sözümdən küsmüşəm mən” deyərək sözünə çəki-düzən verir haqq aşiqi kimi.
Niyə nağıla dönmüşəm,
Hardadır nağıl yiyəsi?!
Uyur nağıl sevdalara
Mənimtək ağıl yiyəsi
Və ya
Ya da başımı qatmağa,
Yalan bir nağıl tapıla.
-söyləməklə şeir ətri qoxuyan nağılvari bir tale yazdı özünə.
Qısacası, yaxından tanıyanlar bilir ki, onun öz dünyası var, orada cəmi 4 varlıq var: Mövlanə ruhu, İncəli sazı, könül sözü və Çiçək eşqi. Bundan o yana şərh vermək sözün fəlsəfəsini duyanlara ayıb olar deyə burda yekunlaşdırıb, yaradıcılığının ədəbi şərhini bir sonrakı yazıma saxlayıram.

P.S. Çiçək Mahmudqızı könüllərə sözüylə körpü saldı və o söz sazın sevdasından doğulduğu üçün məhz o körpü könüldən keçdi və o körpüdən telli saz çiçək-çiçək güllənərək Mövlanə, Şəms təpəriylə keçdi...

Bax bu da rübab sığalı - Rübabə SAHİB yazır... EKSKLÜZİV

Rübabə SAHİB
Yazıçı-publisist, AYB nin üzvü, fəxri Prezident təqaüdçüsü.


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: