Dünən, 10:30 0 Cəmiyyət / Gündəm

Azərbaycan–Özbəkistan rəssamlarının dostluq sərgisi

Azərbaycan–Özbəkistan rəssamlarının dostluq sərgisi
Özbəkistan və Azərbaycan rəssamlarının birgə layihəsi: sənət iki qardaş xalqı birləşdirir.

Özbəkistanın tanınmış rəssamı Cahangir Abdullaev və azərbaycanlı rəssam Namiq İsmayılzadənin müəllifi olduqları sənət layihəsi Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin inkişafına mühüm töhfə verib.

Layihə çərçivəsində Cahangir Abdullaevin əsasən soyuq rəng çalarlarında işlənmiş silsilə yaradıcılıq əsərləri yerli ictimaiyyətə və Özbəkistana səfər edən turistlərə təqdim olunub.

Rəssamın bu koloristik yanaşması onun tələbəlik illərində sənətə dərindən yiyələndiyi mühitlə, eləcə də böyüdüyü coğrafiyanın iqlim xüsusiyyətləri ilə formalaşan estetik baxışlarından qaynaqlanır. "İlya Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyası"nın məzunu olan rəssamın əsərləri emosional dərinliyi və fəlsəfi çalarları ilə seçilir.

Sərginin diqqət çəkən cəhətlərindən biri təsviri incəsənətin musiqi sədaları fonunda nümayiş etdirilməsi olub ki, bu da tamaşaçılarda daha dolğun estetik təəssürat yaradıb.

Azərbaycanlı rəssam Namiq İsmayılzadənin əsərlərinin bu fərdi sərgi çərçivəsində nümayiş etdirilməsi yerli sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Ekspozisiya iki ölkənin bədii düşüncə tərzini və estetik yanaşmasını bir araya gətirərək mədəni dialoqu vizual sənət dili ilə ifadə edib.

Layihə müəllifləri çıxışlarında bildiriblər ki, sənət xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsində mühüm rol oynayır. Onların fikrincə, bu təşəbbüs Azərbaycan və Özbəkistan arasında mədəni əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.

Sərginin açılış mərasimində bir sıra rəsmi və ictimai xadimlər iştirak ediblər. Qonaqlar arasında "Özbəkistan Rəssamlar İttifaqı"nın sədri İbroxim Vəlihodjayev, Qırğızıstanın Özbəkistandakı səfiri Duyşenkul Tezekbayev, filoloq və yazıçı Normatova Gəvxər xanım, "Əlişir Nəvai adına Pedaqoji İnstitut"un prorektoru Muzaffar Rəhimov, Özbəkistan Rəssamlar İttifaqının üzvü Anvar Bobo, eləcə də Ulusum.az saytının təsisçisi Rəxşəndə Daşdəmirova yer alıblar.

Rəxşəndə Daşdəmirova tədbirdə rəssamın xüsusi qonağı qismində Azərbaycan nümayəndəsi kimi çıxış edərək, beynəlxalq sənət layihələrinin mədəni və insani əlaqələrin möhkəmləndirilməsindəki rolunu vurğulayıb. O, “Ulusum.az” xəbər portalı adından Azərbaycan mədəni irsinin nadir nümunələrindən biri olan, Qarabağ xalçaçılıq məktəbinə aid XIX əsrə məxsus “Çələbi” xalçasını təqdim edib.

Qızıl və gümüş suyu ilə işlənmiş incə naxışları, zəngin ornamentləri ilə seçilən “Çələbi” xalçası Azərbaycan xalqının çoxəsrlik mədəni irsini, estetik zövqünü və simvolik düşüncə tərzini əks etdirir. Bu sənət nümunəsi bədii dəyəri ilə yanaşı, xalqın kimliyini və tarixini gələcək nəsillərə ötürən mənəvi körpü funksiyası daşıyır.

Dünyanın müxtəlif ölkələrində nümayiş etdirilən yaradıcılığı ilə Özbəkistanı beynəlxalq səviyyədə təmsil edən Cahangir Abdullaev indiyədək bir sıra sertifikat və mükafatlara layiq görülüb. Onun beynəlxalq qiymətləndirmələrindən biri 28–30 oktyabr 2025-ci il tarixlərində Moskvada keçirilmiş Sovet və Rusiya universitetlərinin xarici məzunlarının Beynəlxalq Forumunda iştiraka görə "Dünya Məzunlar Assosiasiyası"nın prezidenti G. V. Petuşkov tərəfindən imzalanmış sertifikatla təltif olunmasıdır.

Sənətkar bu dəfə isə öz vətəni Özbəkistanda — “Yer nəfəsi ilə ruhum sədası birləşən” adlı layihə çərçivəsində növbəti peşəkar qiymətə layiq görülüb. Belə ki, "Özbəkistan Rəssamlar İttifaqı"nın sədri İbroxim Vəlihodjayev tərəfindən Cahangir Abdullaev sənət sahəsindəki nailiyyətlərinə görə diplomla təltif edilib.

Eyni zamanda layihə çərçivəsində Azərbaycanı təmsil edən Namiq İsmayılzadə də beynəlxalq sənət əməkdaşlığındakı fəal iştirakına görə sertifikatla təltif edilib.

Sərgidə nümayiş etdirilən əsərlər və formalaşan yaradıcılıq mühiti tədbirin yüksək bədii dəyərə həsr olunduğunu aydın şəkildə nümayiş etdirib. Qonaqlar çıxışlarında rəssamın əsərlərindəki soyuq rəng çalarlarının dərin emosional təsir gücünə malik olduğunu xüsusi qeyd ediblər.

Sərgi xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Azərbaycan–Özbəkistan rəssamlarının dostluq sərgisi

















Ulusum.az / R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.