Bu gün, 05:00 0 Cəmiyyət / Gündəm

Ağstafada tanınmış rəssam Nəvai Mətinin 60 illik yubileyi böyük təntənə ilə keçirildi

Ağstafada tanınmış rəssam Nəvai Mətinin 60 illik yubileyi böyük təntənə ilə keçirildi
Ağstafa rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının üzvü, Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan və Orta Asiya üzrə təmsilçisi, Beynəlxalq Sülh Rəssamı Nəvai Mətinin 60 illik yubileyinə həsr olunmuş möhtəşəm tədbir təşkil olunub.

http://agstafa-ih.gov.az

Yubiley tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun məsul şəxsləri, tanınmış elm və mədəniyyət xadimləri, rəssamın yaxın dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə Mərkəzin foyesində Nəvai Mətinin müəllifi olduğu kitablar və rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib. Ziyarətçilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanan sərgidə rəssamın zəngin yaradıcılıq dünyası, onun sənətə olan sevgisi və peşəkarlığı aydın şəkildə əks olunub.

Yubiley mərasimi Nəvai Mətinin həyat və yaradıcılıq yoluna həsr olunmuş “Könül dəftərim” adlı sənədli filmin nümayişi ilə başlayıb.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, BDU-nun Qazax filialının professoru Hüseyn Xəlilov, yubilyarın dostu, Azərbaycan Memarlar İttifaqının üzvü Sənan Mustafayev, iqtisadiyyat üzrə elmlər doktoru Arzuman Muradlı, şairlər Rəfail İncəyurd və İbrahim İlyaslı, tanınmış rəssam Şaiq Məmmədov, mədəniyyət işçisi Oruc Mansırov çıxış edərək Nəvai Mətini 60 illik yubileyi münasibətilə təbrik ediblər.

Çıxışlarda vurğulanıb ki, Nəvai Mətin çoxsaylı sanballı sənət əsərlərinin müəllifi olan, zəhməti və istedadı ilə seçilən tanınmış rəssamlardandır. Onun görkəmli şəxsiyyətlərə, tarixi mövzulara və toponimlərə həsr etdiyi əsərlər tamaşaçılara estetik zövq və mənəvi rahatlıq bəxş edir. Rəssam indiyədək bir çox fərdi və qarışıq sərgilərdə uğurla iştirak edib, əsərləri ölkə daxilində və beynəlxalq sərgilərdə nümayiş olunub. Eyni zamanda bir çox kitabların bədii tərtibatının müəllifidir.

Qeyd edilib ki, Nəvai Mətin 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 2013-cü ildə Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi və Rəsm Komitəsinin sədri seçilib. Rəssam Azərbaycan mədəniyyətinin, eləcə də Türk dünyasının sənət incilərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində yorulmaz fəaliyyətini uğurla davam etdirir.

Tədbirin sonunda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Nəvai Mətini 60 illik yubileyi münasibətilə Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və xatirə hədiyyəsi ilə təltif edib. Həmçinin rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxs də müvafiq Fəxri Fərmanlarla mükafatlandırılıb. Rəssama ithaf olunmuş sənədli filmin yaradıcı heyəti tərəfindən yubilyara xatirə hədiyyələri təqdim edilib.

Mərasim Aşıq Osman və Samir Cəlaloğlunun ifasında səslənən saz havaları ilə davam edib. İfa olunan musiqi nömrələri tədbirə xüsusi rəng qataraq tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Nəvai Məmməd oğlu İbrahimov 1965-ci il iyulun 3-də Ağstafa rayonunun Qarayazı qəsəbəsində anadan olub. 1972–1982-ci illərdə Zəlimxan kənd orta məktəbində, 1982–1989-cu illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsində təhsil alıb. 1989-cu ildən etibarən onun əsərləri mütəmadi olaraq dövri mətbuatda və müxtəlif sərgilərdə nümayiş olunur.

Nəvai Mətini 60 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yaradıcılıq enerjisinin daim tükənməz olmasını, sənət yolunda yeni-yeni uğurlar və dəyərli əsərlər arzulayırıq. Qoy onun fırçasından süzülən sənət nuru bundan sonra da milli mədəniyyətimizin zənginləşməsinə layiqli töhfələr versin.

Ağstafada tanınmış rəssam Nəvai Mətinin 60 illik yubileyi böyük təntənə ilə keçirildi















Ağstafa Rayon İcra Hakimiyyəti
Ulusum.az / R.Daşdəmirova


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.