İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda suallara cavabları - YENİLƏNİB - TAM MƏTN

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.
Ulusum.az xəbər verir ki, Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb.
Moderator - “Euronews”un Yaxın Şərq bürosunun rəhbəri xanım Ceyn Viterspun: Zati-aliləri cənab Prezident.
Xanımlar və cənablar, hörmətli qonaqlar.
III Şuşa Qlobal Media Forumuna xoş gəlmisiniz. Biz Azərbaycanın mədəni mərkəzinin bir hissəsi olan Xankəndi şəhərində sizi görməkdən şadıq. Bizim üçün xüsusi olaraq bu gün burada hörmətli media peşəkarlarını, fikri formalaşdıran rəhbərləri və dünyanın müxtəlif yerlərindən gəlmiş insanları görmək şərəfdir. Bu Forum, əslində, dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönəlib.
Bu il keçirilən Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirib. Builki Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub. Aparılacaq müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönələcək.
İndi isə mən böyük şərəf hissi ilə sözü Zati-aliləri cənab İlham Əliyevə - Azərbaycan Respublikasının Prezidentinə vermək istəyirəm.
Prezident İlham Əliyev: Çox sağ olun, Ceyn. Sağ olun.
Mən bütün qonaqlarımızı Qarabağda salamlamaq istəyirəm. Çox sağ olun ki, bizimləsiniz. Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir. Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib.
Əlbəttə ki, ilk növbədə, mətbuat belə tədbirlərə qatılır, bütün hekayələri söyləyir, bu dəyişiklikləri, hadisələri təsvir edir və öz cavabını, rəyini bildirir. Bir sözlə, çox məmnunam ki, biz burada - Xankəndidə bu cür böyük tədbirə toplaşmışıq. Bugünkü görüşü burada, yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirmək qərarına gəldik. Beləliklə, əminəm ki, bura qonaqlar üçün maraqlı olacaq, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedici olacaq. Bununla şərhimi yekunlaşdırıram ki, müzakirə üçün daha çox vaxt qalsın. Bir daha bizimlə olduğunuz üçün təşəkkür edirəm.
Moderator Ceyn Viterspun: Cənab Prezident, Sizə suallarımızın sayı xeyli çoxdur. Hamı hazırlaşıb gəlib. Gəlin, indi elə birbaşa başlayaq. Birinci sual verən cənab Klaus Piter Ralf Yurgensdir, Londonda yerləşən “Economyfirst Limited”in direktorudur. Buyurun.
Klaus Piter Ralf Yurgens: Çox sağ olun Zati-aliləri, cənab Prezident.
Yenidən burada olmağıma çox şadam. Dəvətə görə minnətdaram. Ümumiyyətlə, növbədə birinci sualı vermək hər zaman çətindir və ötənilki mövzuya qısaca qayıtmaq istəyirəm. Biz COP29 haqqında çox danışdıq. İndi, düşünürəm, o, böyük uğura çevrildi. Həmin konfrans ilə növbəti konfrans arasında yarı yoldayıq. Siz COP29 tədbirinin irsini necə təsvir edərdiniz? Azərbaycanın bu sahədə formalaşdırdığı siyasətin davamı digər ölkələrdə olacaqmı? Söylədiyiniz kimi, COP29 xüsusi tədbir oldu. Onun irsini necə görürsünüz? Yəni, COP30, 31 və ya 32 də olacaq. Şəxsi təəssüratınızı bölüşsəniz, yüksək dəyərləndirərik. Çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun. Həqiqətən bu, ölkədə ilin tədbiri oldu. Ötən il 197 ölkənin iştirakı ilə keçirilmiş belə bir mühüm iqlim dəyişmələri konfransında bütün dünyada çox böyük auditoriya var idi. Qeydiyyatdan keçmiş 77 min iştirakçı oldu. Qeyd etdiyim kimi, təxminən 200 ölkədən nümayəndə gəlmişdi. Onların sırasında 70 dövlət və hökumət başçısı var idi. Bu, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdi. Həmçinin bir çox insan Bakıya, Azərbaycana ilk dəfə idi ki, səfərə gəlmişdi. Düşünürəm ki, onlar üçün maraqlı tanışlıq idi. Qlobal iqlim gündəliyinə töhfəmizə gəldikdə deyərdim ki, Azərbaycan ekologiyaya hörmətlə yanaşan ölkədir. Biz elektrik enerjisinin istehsalında nə kömürdən, nə də ki, yanacaqdan istifadə edirik. Biz yalnız su və təbii qaz ehtiyatlarından istifadə edirik və bu yaxınlarda Günəş enerjisindən istifadəyə başlamışıq.
Yeri gəlmişkən, yaşıl gündəliyimiz çox genişdir. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Beləliklə, yaşıl gündəliyimiz həqiqətən çox genişdir. Eyni zamanda, mənim mesajım, ev sahibi olan Azərbaycanın mesajı ondan ibarət idi ki, biz həmin məsələyə realist və praqmatik yanaşmalıyıq. Hamımız anlayırıq ki, biz planeti qorumalıyıq. Lakin ətraf mühit böhranına ən çox rəvac verənlər, yəqin ki, bu yükü öz üzərinə götürməlidirlər.
İqlim dəyişmələri ekzistensional əhəmiyyət daşıyan, inkişaf edən kiçik dövlətlərə gəldikdə, onlara güclü dəstək lazımdır. Biz bunu planlaşdırırdıq və etməyə çalışırdıq. İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə bağlı xüsusi sessiyamız oldu. Azərbaycan ən az inkişaf etmiş ölkələrdə iqlim dəyişmələri məsələlərinin həlli üçün xüsusi fonda 10 milyon ABŞ dolları ayırdı. Lakin düşünürük ki, siz faydalı qazıntıları diqqətdən kənarda qoya bilməzsiniz. Çünki yaxın gələcəkdə onlarsız dünya yaşaya bilməz, iqtisadiyyat işləyə bilməz, təyyarələr uça bilməz və hər bir şey dayanar. Beləliklə, biz reallığın bu tərəfini də görməliyik.
Biz “Yaşıl Keçid Proqramı”nı həyata keçiririk. Lakin, eyni zamanda, anlayırıq ki, neft və qaz olmadan inkişafı, gələcəyimizi planlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq. Bizim üçün çətin an və mürəkkəb müzakirələr oldu. Lakin düşünürəm ki, sədrliyimiz yaxşı anlaşmanı təmin etdi. Bir sözlə, öz rolumuzu Qlobal Cənub və Qlobal Şimal arasında körpü kimi gördük. Düşünürəm ki, bunun öhdəsindən gələ bildik.
COP29-da mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, biz elə konstruktiv mühit yaratdıq və şəxsi töhfə verdik ki, karbon bazarlarının fəaliyyəti ilə bağlı 6-cı maddə üzərində razılıq əldə olunsun. Bu məsələ ən azı son 10 il ərzində müzakirədə qalmışdır. Beləliklə, o, COP29-un ən mühüm və tutarlı nəticəsinə çevrildi. Düşünürük ki, digər mühüm nəticə iqlim dəyişmələri məsələlərinin həlli ilə bağlı vəsaitlərin əvvəlcədən COP29-da nəzərdə tutulmuş 100 milyard ABŞ dollarından 300 milyard ABŞ dollarına qədər artırılması oldu. Bilirik ki, bəzi ölkələr bundan razı qalmadı. Lakin ədalət naminə söyləməliyik ki, biz vəsaitlərin üç dəfə artırılmasına nail olduq. Əlbəttə ki, bizdən sonra öhdəliyi öz üzərinə götürən tərəflər həmin vəsaitlərin artırılması üçün öz işlərini görməli olacaqlar. Çünki həmin və bir çox digər məsələlər irsimiz kimi qalacaq. Biz ondan artıq təşəbbüs irəli sürdük. Ölkələrin tam əksəriyyəti həmin təşəbbüslərə qoşuldu. Düşünürəm ki, təşəbbüslərimizin heç birinə qoşulmayan cəmi iki ölkə oldu. Lakin bu, təşəbbüslərin münasibliyinə deyil, sırf siyasi səbəblərə bağlı idi. İndi isə sual belədir – gələcəkdə nə baş verəcək? Xüsusən də iqlim dəyişmələri ilə bağlı ABŞ Administrasiyasının mövqeyini nəzərə alaraq, nə olacaq? Əlbəttə ki, ABŞ-ın qlobal lider, iqlim dəyişmələrinə ən böyük töhfə verən tərəf və ən böyük investor kimi məsələləri nəzərdə tutulur. Onun rolu, əlbəttə ki, diqqətdən kənarda qala bilməz. Bir sözlə, çox məsələ onlardan asılı olacaq. Buna görə, hamımız böyük ümidlə və müəyyən narahatlıqla bu ilin sonunda keçiriləcək COP30-u gözləyirik.
Bir daha qeyd etmək lazımdır ki, Azərbaycana gəldikdə, təsəvvür edə bilərsiniz, biz karbon emissiyalarına ən böyük töhfə verən tərəf deyilik. Lakin bununla belə, yaşıl gündəliyimiz və körpü salmaq, müxtəlif tərəflər arasında anlaşma yaratmaq kimi məsələlərdə göstərdiyimiz səylər BMT və bir çox beynəlxalq tərəfdaşlar tərəfindən lazımınca dəyərləndirilir. Bizə gəldikdə, bir daha qeyd edim ki, yaşıl gündəliyimizə sadiq qalacağıq. Lakin COP30, 31 və 32 necə olacaq, bu, əlbəttə ki, açıq sual olaraq qalır.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!