Dünən, 12:57 0 Cəmiyyət / Gündəm

ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA

ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə və bəzi qeyri-rəsmi mənbələrdə ABŞ-nin Venesuelada guya xüsusi əməliyyat həyata keçirərək ölkə başçısı Nikolas Maduro və onun həyat yoldaşını gecə saatlarında yataqlarında həbs edib ABŞ-yə apardığına dair təsdiqlənməmiş məlumatlar yayılıb. Sözügedən iddialar fonunda cəmiyyətdə ABŞ-nin oxşar ssenarini gələcəkdə başqa ölkələrdə, xüsusilə də İranda tətbiq edib-etməyəcəyi ilə bağlı müzakirələr başlayıb.
Bu baxımdan sual yaranır: ABŞ-nin Venesuelada keçirdiyi iddia olunan əməliyyat analoji formada İranda da həyata keçirilə bilərmi? Belə bir ssenari çərçivəsində İranın ali dini liderinə qarşı yataqda həbs və ölkədən çıxarılma kimi bir addım mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert, polkovnik Seymur Şeydayev bildirib ki, ABŞ-nin Venesuelada tətbiq etdiyi iddia olunan ssenarinin İranda eyni formada təkrarlanacağına inanmır.

Polkovnik qeyd edib ki, ABŞ kimi güclü bir dövlətin geniş kəşfiyyat və strateji təhlil imkanları mövcuddur:

“Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqonun nəzdində fəaliyyət göstərən strateji araşdırma mərkəzlərində peşəkar analitiklər çalışır. Bu qurumlar hər hansı ölkəyə müdaxilə etməzdən əvvəl həmin dövləti dərindən öyrənir, cəmiyyətin əhval-ruhiyyəsini, mövcud narazılıqların səbəblərini və mümkün əməliyyatın uğur şansını əvvəlcədən təhlil edirlər”.

Onun sözlərinə görə, İranın beynəlxalq nüfuzu və regional çəkisi Venesuela ilə müqayisə edilə bilməz:“İranın həm ordusu, həm də təhlükəsizlik strukturları daha güclü və sistemlidir.

Bundan əlavə, İranda dini ideoloji bağlılıq çox yüksək səviyyədədir. Venesuelada belə bir ideoloji faktor yoxdur. İranda isə ali dini lider Əli Xamenei uğrunda özünü qurban verməyə hazır olan insanlar mövcuddur. Bu isə ABŞ üçün belə bir əməliyyatı son dərəcə riskli edir”.

Polkovnik Seymur Şeydayev İsrail–İran qarşıdurmasına da diqqət çəkərək bildirib ki, bu proses İranın təhlükəsizlik sistemindəki boşluqları üzə çıxarsa da, eyni zamanda həmin boşluqların aradan qaldırılması üçün ciddi addımlar atılıb:

“Münaqişədən sonra İran təhlükəsizlik sistemini daha da gücləndirib. Bu amillər nəzərə alınarsa, ABŞ-nin Venesuelada iddia edilən əməliyyatı eyni formada İranda təkrarlaması ehtimalı olduqca zəifdir”.

Müsahibimizin fikrincə, xarici müdaxilə olacağı təqdirdə bu, birbaşa hərbi və ya liderlərin həbsi formasında deyil, daha fərqli üsullarla reallaşdırıla bilər. Onun sözlərinə görə, İranın milli tərkibinin müxtəlifliyi belə ssenarilər üçün müəyyən zəmin yaradır.

“Milli azlıqların hüquqları, insan haqları və azadlıqları kimi mövzular bəhanə edilərək, xüsusilə ABŞ tərəfindən kəşfiyyat kanalları vasitəsilə müəyyən proseslərin təşviq edilməsi mümkündür. Hazırda ölkədə sosial-iqtisadi gərginlik artır, İran rialı sürətlə dəyər itirir, əhali arasında narazılıq yüksəlir. Tehranın içməli su ehtiyatlarının azalması da cəmiyyətin psixoloji durumuna ciddi təsir göstərir”.

Polkovnik əlavə edib ki, real hakimiyyətin dini liderin əlində cəmləşməsi və prezidentin əsasən çı rolunda çıxış etməsi mövcud idarəetmə modelinə narazılığı daha da artırır:

“Mövcud etirazlar gələcəkdə iğtişaşlara, iğtişaşlar isə daha genişmiqyaslı inqilabi proseslərə çevrilə bilər. ABŞ-nin İrana qarşı hərbi müdaxilə ehtimalı da tam istisna edilmir”.

Sonda Seymur Şeydayev diqqəti İranda yaşayan azərbaycanlıların təhlükəsizliyinə yönəldib:

“İranda 40 milyona yaxın Azərbaycan türkü yaşayır və onların taleyi xüsusi narahatlıq doğurur. Ümid edirik ki, bölgədə baş verən proseslər bu insanların həyatına mənfi təsir göstərməyəcək”.

Ulusum.az


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.