18-07-2024, 10:36 0 Cəmiyyət

Bahar Muradova: Qarabağın ekologiyasına vurulan yaralar sağalmağa başlayır

Bahar Muradova: Qarabağın ekologiyasına vurulan yaralar sağalmağa başlayır
Həyata keçirilən irimiqyaslı layihələrin nəticəsidir ki, Qarabağın ekologiyasına vurulan yaralar sağalmağa başlayır.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şuşa şəhərində keçirilən “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfransın açılışında deyib.

Komitə sədri xatırladıb ki, Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi kifayət qədər önəmli hadisə oldu:

"Bu gün Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. İndi Yer kürəsinin hər hansı regionunda baş verən təbii fəlakət təkcə həmin ərazinin deyil, bütün dünyanın problemi sayılır. Bəşəriyyətin yaranması, inkişaf etməsi, eləcə də yenilənməsində əvəzsiz rol oynayan qadınlar bu gün belə qlobal problemləri aradan qaldırmağın yollarını kişilərlə birgə axtarırlar. COP29-un Təşkilat Komitəsində qadınların üstün iştirakı bunun əyani sübutudur".

B.Muradova xatırladıb ki, Ermənistanın 30 ilə yaxın yeritdiyi işğalçılıq siyasəti Qarabağ və Şərqi Zəngəzurun ekoloji mühitini təhlükə altına almışdı:

"Regionun talan edilməsi, bu torpaqlarda flora və faunanın məhv edilməsi bütün Qafqazın ekoloji durumuna çox böyük mənfi təsir göstərmişdi. “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.

Onlar həm bu torpağın sakinləri, həm dövlət, özəl və ictimai qurumların rəhbərləri, siyasi partiyaların üzvləri, mütəxəssis, ekspert, media mənsubu, nəhayət, ana, həyat yoldaşı, qadın olaraq bu ərazilərin ictimai, siyasi, mədəni həyatının bərabərhüquqlu subyekti kimi İslam mədəniyyətinin paytaxtı Şuşadan bütün dünyaya sülh, ədalət və təhlükəsizlik naminə çağırış üçün qayıdır".

Komitə sədri vurğulayıb ki, konfransda “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda müxtəlif aspektləri əhatə edən çıxışlar, müzakirələr ediləcək, islam və digər dinlərin mənsublarına islamın sülh, mədəniyyət, inkişaf dini olması və qadınların bu prosesdə iştirakının keçmişi, bu günü və gələcəyi haqda fikirlər çatdırılacaq, dünyanın taleyində birgə roluna dair mühüm çağırışlar səsləndiriləcək.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: