Bu gün, 08:30 0 Cəmiyyət / Sağlamlıq

Dr. Taryel Ömərov: “Əsas sağlamlığınızdır” – Maddiyyatdan üstün tutulan insan həyatı

Dr. Taryel Ömərov: “Əsas sağlamlığınızdır” – Maddiyyatdan üstün tutulan insan həyatı
“Sağlamlıq maddiyyatla ölçülmür…”

Bu yazını bir xəstə kimi, yaşadıqlarımı bölüşmək və haqqı olan hər kəsə təşəkkürümü çatdırmaq üçün qələmə alıram.

Hər şey bir neçə gün əvvəl başladı. Təzyiqim kəskin şəkildə düşmüşdü. Rəqəmlər sözün həqiqi mənasında “ölü təzyiqi” idi — 50/33, 40/20… Bəlkə də inanmaq çətindir, amma ayaqüstə qalmağa çalışırdım.

Özümə deyirdim ki, sən güclüsən, xəstəyə oxşamırsan. Guya güclü görünmək vəziyyəti dəyişəcəkdi. Amma bəzən insanın özünə güvəni də onu aldadırmış…

Bir gün öncə səhərə qədər "Mediclub" klinikasının təcili yardım briqadası yanımda oldu.
Təxminən 3 saata yaxın ilkin tibbi yardım göstərdilər, əllərindən gələni etdilər.
Onların zəhməti və diqqəti sayəsində vəziyyətim nəzarətdə saxlanıldı. Bu, danılmaz bir dəstək idi və hər birinə ayrıca təşəkkür borcluyam.

Amma səhər saat 5-da vəziyyət yenidən ağırlaşdı. Çarəsiz halda köməkçisi Könül xanımı narahat etdim. Ardınca bariatrik cərrah Taryel Ömərov ilə əlaqə saxladım.

Açığı, bu qədər operativ reaksiya gözləmirdim. O isə uzaqdan məni görən kimi vəziyyətimin ciddiliyini anlayıb dərhal müdaxilə etdi. Heç bir ləngimə, heç bir “hazırlaşın, sonra baxaq” demədən.

Hazırlıqsız gəlmişdim. Həm fiziki, həm də maddi baxımdan. Amma qarşılıqda eşitdiyim sözlər mənə güc verdi:
“Biz sağlamlığı maddiyyatla ölçmürük. Əsas sağlamlığınızdır. Maddi məsələləri sonra da həll edərik. Lazım olsa, qonağımız olarsınız. Əsas bu təzyiqdən çıxaq…”

Bu, sadəcə həkim sözü deyildi. Bu, insanlıq idi. Vicdan idi. Hippokrat andına sədaqət idi.

Üstəlik, diqqət və qayğı bununla bitmədi. Kollektiv də həkimin özü kimi son dərəcə ciddi, məsuliyyətli və təmənnasız yanaşdı.
Hərdən bəhanə ilə otağa daxil olur, guya vacib bir məsələ varmış kimi söhbət açırdılar.
Əslində isə məqsəd məni nəzarətsiz buraxmamaq idi. Dərin yuxuya getməyimə imkan vermir, ayıq qalmağımı təmin edirdilər. Mən tam ayılandan və vəziyyətim stabilləşəndən sonra sakitcə çıxıb gedirdilər.

Bu, sadəcə tibbi nəzarət deyildi. Bu, insan həyatına verilən dəyərin real nümunəsi idi.
Sağlamlıq maddiyyat üzərində qurulmayıb.

Həkimlik peşəsi vicdan, mərhəmət və məsuliyyət üzərində qurulub.
Hippokrat andı kağız üzərində yazılan söz deyil — o, belə anlarda yaşanan həqiqətdir.
Mən bu hadisədə öz tərəfimdən yaşadığım qorxunu, zəifliyi və bəzən özümü güclü göstərmək cəhdimi gördüm. Digər tərəfdən isə peşəkarlığı, insaniyyəti və məsuliyyəti.

Belə həkimlər və belə kollektivlər olduğu müddətdə vətəndaş tək deyil.
Və mən bu diqqətə, bu yanaşmaya görə hər birinə dərin minnətdarlığımı bildirirəm.

Dr. Taryel Ömərov tezliklə gələcəm — bir şəkil borcum var və müayinələrdən keçməliyəm. Sizə və kollektivinizə “var olun” deyirəm.

Səhiyyəmizə yaraşan həkimsiniz, insan kimi də nadirsiniz. Hamınıza təşəkkür edirəm.

Bunları an-ba-an yaşayan
R. Daşdəmirova
Ulusum.az


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.