Ulu Öndəri Uşaqlıq Xatirəmlə Anıram
Bu gün ulu öndər Heydər Əliyevin anım günüdür… Məkanı cənnət olsun.
Hər il bu gün içimdə qəribə bir sızı, elə bil ki, uzaqdan gələn bir pıçıltı olur. Elə bil uşaqlığımın içindən kimlərinsə səsi gəlir.
5–6 yaşım olardı… 8-ci mikrorayonda yaşayırdıq. Qonaq otağında bir şəkil vardı, babamın şlyapalı, iri bir portreti. Elə bil evimizin ən ağır, ən sözlü adamı o şəkil idi. Gözümü açandan nənəm “babanı göstər” deyirdi. Onda anlamırdım. İndi bilirəm — bizə babamızın simasını, ruhunu tanıtmaq üçün elə edirmiş.
Mətbəxlə dəhlizin arasında bir ara kəsmə vardı. Həmişə ordan keçəndə diqqətimi çəkən ikinci bir şəkil — ulu öndərin şəkli. Uşaq ağlımla soruşurdum: “Ay nənə, bu kimdi?” – “Heydər baba”, – deyirdi. Mən də həyətə düşəndə uşaqlara deyirdim: “Mənim o biri babamın adı Heydərdi…”
O vaxtdan içimdə iki baba obrazı formalaşmışdı — biri öz babam, biri isə xalqın babası.
Nənəm 36 yaşında 6 uşaqla dul qalmışdı. Babam - Daşdəmirov Həbib Ədil oğlu — dövrünün tanınmış və ilk hakimlərindən idi. O, müxtəlif rayonlarda hakim vəzifəsində çalışmış, sonda isə Naxçıvanda fəaliyyət göstərmişdi. Dəqiq xatırlamıram, amma deyilənə görə, bir müddət Naxçıvan Ali Məhkəməsinin sədri də olub. Təəssüf ki, ömür vəfa etmədi — cəmi 47 yaşında vəfat etdi.
Nənəm danışırdı ki, babam Heydər Əliyevi yaxın qonşu kimi tanıyırmış. Onlar tez-tez görüşər, bir-birinin ailəsi ilə səmimi ünsiyyət qurarmışlar. O dövrdən qalan birgə şəkillər, qəzet kəsikləri vardı. Təəssüf ki, illər sonra həmin arxiv bir müxbirin əlinə keçdi və bir daha geri qaytarılmadı. O xatirələr indi kağız üzərində deyil, yaddaşımızda yaşayır.
Mən isə uşaq vaxtı o qəzetlərə baxanda izdihamı, əllərdəki çiçəkləri, qara lentli əklilləri və tabutun önündə dayanan atamı görmüşdüm...
Babamı öz yurdu — Ağsunun Ərəbsarvan kəndində dəfn etdilər.
Nənəm isə altı uşağı götürüb Bakıya, bir qohum evinə sığınır. O evin xanımına ömrünün sonuna qədər “bacı” deyə müraciət edirdi — çünki o ağır günlərdə evini, çörəyini onunla bölüşmüşdü.
Bir gün nənəm geyinib-keçinir, sanki taleyinin qapısını döyməyə gedirmiş kimi, Heydər Əliyevin yanına yollanır. Danışırdı ki, Heydər Əliyev onu görəndə dərhal soruşub: “Haralardasan? Uşaqlar necədilər?”
Nənəm də özünəməxsus zarafatla cavab verib: “Sən yoxladığından yaxşıdılar.”
Ulu Öndər onunla xeyli söhbət edir. Ailənin vəziyyətini, Bakıda qohum evində yaşadıqlarını öyrənəndə isə sadəcə bir kəlmə deyir: “Get evə… Olacaqlardan xəbər tutarsan.”
Nənəm deyirdi ki, hələ evə çatmamış xəbər gəlib: 8-ci mikrorayonda 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 4 otaqlı mənzil ayrılıb.
Bizim ailənin Bakıda qurduğu ilk ocaq — bu gün hörmətlə andığımız ulu öndərin insani diqqətinin nəticəsi idi.
Atam da, babam da öz dövrlərində nüfuzlu, hörmətli insanlar olublar. Atam polis orqanlarında çalışıb, özü bacarığı və zəhməti ilə yol açıb. O zamanlar təyinatla irəli getmək vardı. Kim nəyə layiqdisə, orda da olardı.
Bütün bu xatirələri niyə danışdığımı indi daha yaxşı anlayıram…
Bu gün mən Heydər Əliyevi təkcə ölkə qurucusu, siyasətçi kimi yox, ailəmizə bir zaman göstərdiyi insanlıqla xatırlamaq istədim. Nənəmin səsi qulağımda, babamın şəklinin baxışları gözümün qarşısında, uşaqlığımın qoxusu içimdə…
Allah hamısına rəhmət eləsin.
Ruhu şad olsun.
Azərbaycanın başı sağ olsun.
Ulusum.az R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Ağstafa RİH başçısı Seymur Orucov tanınmış şair Qurban Həmid oğlu ilə görüşüb
Meksikada partlayış: Ölən və yaralananlar var
Hindistanda gecə klubunda yanğın - Ölənlər Var
Ulu Öndəri Uşaqlıq Xatirəmlə Anıram
Özbəkistanda turizmdən gəlirlər rekord həddə çatıb
Marakeş Coffee & Tea Festival 2025 – Unudulmaz Təcrübə VİDEO
