Yarım əsrlik ilham: Tanınmış şairin ıv kitabı və şərəfinə jurnal buraxıldı
Tanınmış şair və teleaparıcı Çiçək Mahmudqızının növbəti kitabı işıq üzü görüb.
Ulusum.aza kitabın tərtibçisi Gülnar İsrafilova xüsusi açıqlamasında bildirdi ki, “Üzü sənsizliyə” adlanan bu kitabda müəllifin həm yeni, həm də bir sıra mətbu orqanlarda çap olunmuş şeirləri və publisist məqalələri yer almaqla bərabər, eləcə də şairin yaradıcılığı haqqında müxtəlif fikir adamlarının yazıları, müəllifə ithaf olunan şeirlər toplanılıb. Kitabın redaktoru publisist-yazar Elman Tovuz, məsləhətçisi isə tanınmış şair İbrahim İlyaslıdır.
Kitab müəllifin oxucularla sayca 4-cü görüşüdür. Bu görüşün məhz şairin 60 illik yubileyi ərəfəsində nəşr olunmağı, həmçinin “Üzü sənsizliyə” adlandırılması əbəs yerə deyil. Müəllif bu adla oxucularına üzü irfani ömrə yolçuluğun başladığını işarə edir.
Qeyd edək ki, Çiçək xanımın yubileyinə həsr olunan jurnal da işıq üzü görüb. Tanınmış qələm adamı Ehtiram İlham və Sultanxanım Nəsibovanın təşkilatçılığı ilə “Anadil.az” ədəbiyyat və mədəniyyət portalı iyun sayını ömrünü sazla-sözlə üyüdən şairə təşəkkür məqsədilə xüsusi buraxılış jurnalı çap etdirib.
Ulusum.az xəbər verir ki, adı çəkilən kitabın və jurnalın təqdimatı Çiçək Mahmudqızının 60-cı yaş dönümü qutlaması ilə birgə bu ilin iyunun 17-də Göygöldə baş tutacaq.
Son olaraq qeyd edim ki, Çiçək Mahçudqızı uzun illərdir “Könül körpüsü” telelayihəsi ilə sözün qulluğunda durub, sazın nazını çəkib, sənət adamlarının inkişafında dəyərli töhfələr verib.
Rübabə SAHİB