Bu gün, 21:07 0 Cəmiyyət / Gündəm

Lənkəran Regional Elmi Mərkəzinin 2025-ci il üzrə fəaliyyəti müzakirə olunub

Lənkəran Regional Elmi Mərkəzinin 2025-ci il üzrə fəaliyyəti müzakirə olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclası keçirilib. İclasda AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (REM) 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat dinlənilib.

Bu barədə Ulusum.az-a AMEA-dan məlumat verilib.

Bildirilib ki, hesabatı Lənkəran REM-in direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti edən, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev təqdim edib. O diqqətə çatdırıb ki, hesabat ilində mərkəzin əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işləri Azərbaycanın Cənub-Şərq regionunun tarixi, folkloru, yazılı ədəbiyyatı, etnoqrafiyası, arxeoloji və numizmatik abidələrinin öyrənilməsinə, həmçinin regionun sosial-mədəni və bioloji xüsusiyyətlərinin tədqiqinə həsr olunub.

Məruzəçi qeyd edib ki, 2025-ci ildə Lənkəran REM-də 20 elmi və elmi-maarifləndirici tədbir – 2 konfrans, 11 seminar, 3 dəyirmi masa və 1 kitab təqdimatı keçirilib. Tədbirlərdə dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin müəllim və tələbələri, region ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. İl ərzində AMEA-nın 80 illiyi, “Konstitusiya və Suverenlik İli”, Milli Qurtuluş Günü, Ümummilli Lider Heydər Əliyevin irsi, milli mətbuatın yubileyi, görkəmli alim və yaradıcı şəxslərin həyat və fəaliyyəti ilə bağlı silsilə elmi tədbirlər təşkil olunub.

Bildirilib ki, 2025-ci ildə Lənkəran REM-in əməkdaşları tərəfindən ümumilikdə 40 elmi əsər – 26 məqalə və 14 tezis nəşr olunub. Onlardan 15 məqalə və 2 tezis xarici ölkələrdə, 11 məqalə və 12 tezis isə respublika daxilində çap edilib. AMEA-nın 80 illiyinə həsr olunmuş
“Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı arxiv sənədlərdə (1813–1828)” adlı monoqrafiya nəşr edilib.
Həmçinin Cənub bölgəsi folklorunda şamanizm elementlərinin tədqiqi, uzunömürlülük problemlərinin öyrənilməsi və digər istiqamətlər üzrə elmi məqalələr beynəlxalq elmi dövriyyəyə daxil edilib.

Məruzədə Lənkəran REM-in elm və təhsilin inteqrasiyası, elmin populyarlaşdırılması və gənclərin elmi fəaliyyətə cəlb olunması istiqamətində görülən işlər də vurğulanıb. Qeyd edilib ki, Lənkəran Dövlət Universiteti və regionun digər təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində elmi seminarlar, görüşlər və maarifləndirici tədbirlər keçirilib.

Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Lənkəran Regional Elmi Mərkəzinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat təsdiq edilib.

Ulusum.az
R.Daşdəmirova


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.