Bu gün, 09:00 0 Cəmiyyət / Gündəm

8 Noyabr — Zəfər Günüdür!

8 Noyabr — Zəfər Günüdür!
Bu gün hər bir azərbaycanlının qürurla, göz yaşları içində sevinərək qeyd etdiyi gündür



8 Noyabr sadəcə bir zəfərin deyil, ədalətin bərpasının, haqqın yerini tapmasının, şəhidlərin ruhunun dinclik tapmasının günüdür.

Bu tarix birliyin, inamın, qorxmayan ürəklərin və sarsılmaz iradənin zəfəridir.


Uğurla qazandıq bu bayramı biz,
Üçrəngli bayrağı Qarabağ səmasında dalğalandırıb,
İlhamla, əzmlə, qətiyyətlə tarixdə qoymuşuq bir iz...

Hər kəs bu zəfərin yazılmasında öz payını verdi — ön cəbhədə igid əsgərlərimiz, arxa cəbhədə fədakar xalqımız, diplomatik masalarda isə dövlətin ləyaqətli mövqeyini qoruyan lideri.

Bu zəfər ali baş komandan İlham Əliyevin siyasi uzaqgörənliyi, əzmkarlığı və dəmir iradəsi ilə mümkün oldu. O, təkcə cəbhəni yox, beynəlxalq informasiya və diplomatiya meydanlarını da qələbə arenalarına çevirdi.


Ən çətin suallara soyuqqanlılıqla cavab verdi, beynəlxalq medianın qarşısında sarsılmaz durdu.

Dediklərinə əməl etdi. Hər açıqlamasında Azərbaycan əsgərinə güvəndi, xalqına inandı, dünyaya isə bir həqiqəti dedi: “Qarabağ Azərbaycandır!”

Bu zəfər minlərlə şəhidin canı, yüzlərlə qazimizin qanı bahasına əldə olundu. Bu gün biz azad torpaqlarda addımlayırıqsa, bu, o müqəddəs qurbanların sayəsindədir.

O torpaqlar ki, indi azaddır — amma hər qarışı şəhid qanı ilə yoğrulub.

Asta basın o torpağa — orada şəhid qanı var...
O palçıq sadəcə torpaq deyil, içində susmuş arzular, yarımçıq qalmış gülüşlər var.
Yavaş gəzin o dağlarda, o daşlarda,
Çünki orada qara şalına bürünüb dağlar boyda dərd daşıyan anaların göz yaşı hələ qurumayıb...

Analar, bacılar, həyat yoldaşları... Onlar oğullarını vətən yolunda fəda etdilər, amma bu gün başları dikdir. Çünki bilirlər ki, oğullarının canı ilə bir xalqın haqqı qaytarıldı.

Onların göz yaşları bu gün qürurla qarışır — həm yanır, həm ucalır...


Bu zəfər bizə yalnız torpaq deyil, həm də kimliyimizi, ləyaqətimizi, milli ruhumuzu qaytardı. 44 günlük Vətən müharibəsi bir millətin necə güclü olduğunu, necə səfərbər ola bildiyini sübut etdi. Bu müharibə sübut etdi ki, haqq gec də olsa, qalib gəlir.

Biz indi yalnız bir qələbəni deyil, bir ruhun dirçəlişini yaşadırıq. Bu gün “Zəfər Günü” dedikdə təkcə sevinc yox, həm də vəfa hissi yaşayırıq. Qazandığımız bu Zəfəri yaşatmaq — hər birimizin borcudur.

Yaşasın Azərbaycan! Yaşasın qəhrəman Ordumuz! Qoy Zəfərimiz əbədi olsun!



8 Noyabr — Zəfər Günüdür!

Ulusum.az / R. İkramlı


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.