Dünən, 12:30 0 Sağlamlıq

Uşaqlıq boynu xərçənginə səbəb ola bilər?!...

Uşaqlıq boynu xərçənginə səbəb ola bilər?!...
Alimlər müəyyən ediblər ki, Schistosoma haematobium adlı parazit uşaqlıq boynu xərçənginin inkişafı ilə bağlı olan genlərin aktivləşməsinə səbəb ola bilər. Hətta müalicədən sonra bu genetik dəyişikliklərin daha qabarıq şəkildə özünü göstərdiyi müşahidə olunub. Bu barədə Avropa Kliniki Mikrobiologiya və Yoluxucu Xəstəliklər Cəmiyyəti (ESCMID) məlumat yayıb.

Schistosoma haematobium — əsasən təmiz suya və kanalizasiya sisteminə çıxışı məhdud olan ölkələrdə yayılmış, 110 milyondan çox insanı təsir edən parazitar infeksiya olan şistosomiazın əsas səbəbkarıdır. Bu parazitin sidik kisəsi xərçəngi ilə əlaqəsi əvvəldən bilinsə də, onun uşaqlıq boynu xərçəngi ilə mümkün rolu indiyədək tam aydın deyildi.

Tədqiqat çərçivəsində alimlər Tanzaniyadan olan və bəziləri bu parazitin daşıyıcısı olan 39 qadının uşaqlıq boynundan götürülmüş toxuma nümunələrini analiz ediblər. Qadınlar prazikvantel preparatı ilə müalicə aldıqdan bir neçə ay sonra yenidən nümunələr götürülüb. RNT ardıcıllığının təhlili nəticəsində elm adamları, xüsusilə iltihab və zəifləmış toxuma müdafiəsi ilə əlaqəli gen ifadələrində mühüm fərqlər aşkar ediblər.

Maraqlısı odur ki, müalicə almış qadınlarda belə xərçəng proseslərinə aid gen aktivliyi, infeksiya hələ də davam edən qadınlara nisbətən daha yüksək olub. Bu dəyişikliklər toxumada qan dövranının artması, hüceyrələrin proqramlaşdırılmış ölümünün (apoptoz) zəifləməsi və hüceyrələrarası bağların pozulması ilə müşayiət olunub. Bu isə, öz növbəsində, uşaqlıq boynu xərçəngi üçün əsas risk faktoru sayılan insan papillomavirusunun (HPV) orqanizmə daxil olmasını və orada uzunmüddətli qalmasını asanlaşdıra bilər.

Tədqiqatın rəhbəri, doktor Anna Maria Mertelsmann bildirib ki, bu nəticələr Schistosoma haematobium diaqnozu qoyulmuş qadınların, hətta müalicədən sonra da diqqətlə izlənməsini zəruri edir. Xüsusi narahatlıq doğuran məqam isə budur ki, infeksiya aradan qaldırılsa belə, onkogen aktivlik hüceyrə səviyyəsində davam edə, hətta arta bilər. Bu isə, müalicəyə əlavə olaraq iltihabəleyhinə və ya immun sistemini tənzimləyən preparatların istifadəsinin vacibliyini gündəmə gətirir.

Alimlər bu nəticələri daha geniş miqyasda təsdiqləmək məqsədilə artıq 180 qadını əhatə edən yeni tədqiqata başlayıblar. Tədqiqatın məqsədi əvvəlki şistosomiaz infeksiyasının HPV-yə uzunmüddətli təsirini və nəticə etibarilə xərçəngə tutulma riskini araşdırmaqdır.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: