BDU-nun sabiq müəllimi Haqverdi Tapdıqov 72 yaşını qeyd edir.
O ömrünün 50 ilini müəllimlik fəaliyyətinə həsr edib.
Tapdıqov Haqverdi Hüseyn oğlu 5 avqust 1952-ci ildə Kürdəmirin Axtacı kəndində dünyaya göz açıb. Elə həmin kənddə də orta məktəbi bitirib. Haqverdi müəllim 1969-1973-cü illərdə ADPU-da təhsil alıb. Daha sonra öz rayonuna qayıdıb 13 il Kürdəmirdə riyaziyyat müəllimi işləyib. 1986-89-cu illərdə Mərkəzi Statistika komitəsində iqtisadçı, böyük iqtisadçı vəzifələrində çalışıb. Ölkəmizdə 7 nəfər kvant qalibi yetişdirən müəllimdən biri də Haqverdi müəllim olub. Respublika Fizika-Riyaziyyat-İnformatika təmayüllü liseydə 9 il müəllim işləyib və bu müddətdə onun 3 kvant qalibi tələbəsi olub. Haqverdi müəllim 2008-ci ildən etibarən BDU-da riyaziyyat müəllimi olaraq akademi-elmi fəaliyyətinə davam edib.
Qeyd edək ki, Haqverdi müəllim həm də 2010, 2015 və 2020-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə qeydə alınmış namizədlərdən olub. Təhsildə müasir reformaların hazırlanması Haqverdi müəllimin hər zaman əsas amalı olub. Bu gün təqaüddə olsa da, yenə də təhsilimizin inkişafı istiqamətində çalışmalar aparmaqdadır. Özü də bir dəfə söhbət zamanı “Həyatda ən böyük uğurum müəllim olmaqdır. Tələbələrimi sərhədsiz sevmişəm. Ona görədir ki, bu gün də tələbələrim davamlı zəngləşir, axtarır, gəlir görüşürlər. Şagirdlərim mənim canlı əsərlərimdir. Bundan daha böyük bəxtəvərlik tanımıram”- demişdi. Biz Haqverdi müəllimə bu bəxtəvərliyinin qürurunu daima yaşamağını diləyir və bir daha "ulusum.az" ailəsi adından təbrik edir, Ona uzun ömür, can sağlığı arzu edirik.
Rübabə SAHİB