Bu gün, 15:41 0 Cəmiyyət / Gündəm

ATV-yə xəbərdarlıq edildi

ATV-yə xəbərdarlıq edildi
Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda ATV televiziya kanalının efirində 13 noyabr 2025-ci il tarixdə yayımlanan "Gün ortası" proqramında baş vermiş hal müzakirə olunub.

Bu barədə ulusum.az Şuradan məlumat verilib.

Qeyd olunan proqramda qonaq qismində dəvət edilmiş şəxs studiyada aparıcıya məsafədən "enerji ötürmə" üsulunu tətbiq edib, aparıcı isə seansdan sonra bu hərəkətləri müsbət formada qiymətləndirib.

Audiovizual Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Reklam haqqında" Qanunun 29.8-ci maddəsinin (kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir) pozulması kimi qeydə alınıb. Həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu kimi təsdiq olunub.

Audiovizual Şuranın üzvləri məsələni ətraflı müzakirə edib və yekdilliklə belə qənaətə gəliblər ki, proqramda nümayiş etdirilən məsafədən "enerji ötürmə seansı" və aparıcının bu "seans"a müsbət reaksiyası həmin üsulun müalicəvi xüsusiyyətə malik olması barədə təsəvvür yarada bilər. Bu isə, "Reklam haqqında" Qanunun 29.8-ci maddəsində təsbit olunan – kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklam edilməsinə yol verilməməsi tələbinin pozulması kimi qiymətləndirilib. Həmçinin, aparıcının nümayiş olunan hərəkətlərin mümkün müalicəvi təsirinə dair fikirləri təşviq edən ifadələr işlətməsi, faktiki olaraq qanunvericiliyin qeyd olunan normasına zidd olaraq belə təsirlərin reklamına şərait yaradan hal kimi dəyərləndirilib.

Sonda Audiovizual Şuranın üzvləri kanalın efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq ATV televiziya kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlib, bütün yayımçılardan proqramların yayımı zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub.

R.D

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.