2-07-2024, 00:17 0 Cəmiyyət

2 iyul - Azərbaycanda Polis Günüdür

2 iyul - Azərbaycanda Polis Günüdür
İyulun 2-si Azərbaycanda Polis Günüdür. Azərbaycan Prezidentinin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Məhz 1918-ci ilin bu günündə Azərbaycan Demokratik Respublikasında ilk polis orqanları təsis edilib.


Azərbaycan polisi həm 1918-1920-ci illərdə, həm 70 illik sovet dövründə, həm də dövlət müstəqilliyinin bərpa edilməsindən sonrakı illərdə ölkəmizdə ictimai asayişin qorunmasında, dövlət maraqlarının, qanunçuluğun təmin edilməsində böyük rol oynayıb və zəngin təcrübə qazanıb.

Müstəqilliyimizin bərpasından sonra da polisin fəaliyyəti uğurlu və şərəfli olub. Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 100-dən çox polis əməkdaşı və hərbi qulluqçu dünyasını dəyişib, 2700-dən çox şəxs xəsarət alıb.


Azərbaycan polisi görülən davamlı tədbirlər hesabına hazırda güclü maddi-texniki bazası olan, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə peşəkar kadr korpusu olan mərkəzləşdirilmiş peşəkar hüquq-mühafizə orqanına çevrilib.
Davamlı inkişafda olan polis orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Həmçinin vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.


Azərbaycan polisinin torpaqlarımızın işğaldan azad edilməsində də böyük xidmətləri olub. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü dəf edən ilk nizami qüvvə məhz milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhid olub, 1710 nəfər yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 polis Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.
Daxili İşlər Nazirliyinin əməkdaşları II Qarabağ müharibəsində də fərqlənib. Müharibə zamanı və sonra 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşən Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Bu gün polisimiz müstəqil və suverən Azərbaycanın bütün ərazisində dövlətin və vətəndaşların qanuni haqlarının qorunmasında, asayişin təmin edilməsində böyük əzmlə xidmət göstərir.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: