Bu gün, 14:01 0 Sağlamlıq

Gizli Aclıq Nədir?

Gizli Aclıq Nədir?
Gizli Aclıq: Görünməyən Təhlükə və Onun Sağlamlığa Təsiri

Gizli aclıq sindromu insanın özünü tox hiss etməsinə baxmayaraq, orqanizmin vacib vitamin və minerallardan məhrum qalması ilə xarakterizə olunur. Bu vəziyyət bəzən fərqinə varılmadan inkişaf edir və qəbizlik, depressiya, quru dəri, ümumi halsızlıq kimi əlamətlərlə özünü büruzə verir.

Ulusum.az xəbər verir ki, diyetoloq və qastroenteroloq Nuriyyə Diyanovanın sözlərinə görə, gizli aclıq hüceyrə səviyyəsində biokimyəvi prosesləri pozur, bədənin müdafiə sistemini zəiflədir və vaxtından əvvəl qocalma riskini artırır. Belə hallar uzunmüddətli dövrdə xroniki xəstəliklərə, o cümlədən ürək-damar problemlərinə yol aça bilər.

Bu sindromun yaranmasında əsas səbəblərdən biri müasir həyat tərzidir. İnsanlar kalori baxımından zəngin, lakin qida dəyəri aşağı olan məhsullarla qidalanır. Məsələn, maqnezium, sink, dəmir, selenyum və A, D, B, K vitaminlərinin çatışmazlığı ürək ritm pozğunluğu, yüksək təzyiq və ürək çatışmazlığı kimi ciddi fəsadlara səbəb ola bilər.

Mütəxəssislər bildirir ki, müasir kənd təsərrüfatı metodları nəticəsində meyvə-tərəvəzlərin mikroelement tərkibi zənginliyini itirib. Xüsusilə son 50 ildə torpaq keyfiyyətinin zəifləməsi qida maddələrinin azalmasına gətirib çıxarıb.

Bu səbəbdən də balanslı, təbii və müxtəlif qidalanma tövsiyə olunur. Həmçinin, orqanizmin mikroqida maddələrinə olan tələbatının vaxtaşırı yoxlanılması və ehtiyac olduqda uyğun şəkildə qarşılanması gizli aclığın qarşısını almaqda mühüm rol oynayır.

R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.