Bu gün, 16:00 0 Dünya

İsrail HAMAS ilə razılaşmanı təsdiqlədi- Bundan sonra nə olacaq?

İsrail HAMAS ilə razılaşmanı təsdiqlədi- Bundan sonra nə olacaq?
İsrail hökuməti bu həftənin əvvəlində Dohada əldə edilmiş HAMAS ilə atəşkəs razılaşmasını təsdiqləyib. Nazirlər kabinetinin iclası gecə yarısına qədər davam edib, iki ultra-sağçı nazir razılaşmaya qarşı səs verib. İndi isə razılaşma planlaşdırıldığı kimi bazar günü, 19 yanvarda qüvvəyə minə biləcək, BBC yazir.

İlk olaraq təhlükəsizlik kabineti razılaşmanı təsdiqləyib. Səsvermənin nəticələri məlum olduqdan sonra İsrail prezidenti İsxak Hersoq ümid etdiyini bildirib ki, Nazirlər Kabineti də müsbət qərar qəbul edəcək.

"Bu, xalqın öz vətəndaşları qarşısındakı əsas öhdəliklərinin yerinə yetirilməsi yolunda həyati bir addımdır," — deyə Hersoq vurğulayıb.

Bununla belə, o əlavə edib ki, bu razılaşmanın həyata keçirilməsi prosesində bir çox "ağrılı və çətin anların" olacağını başa düşür.

İclasdan əvvəl, Netanyahu Dohadan yekun razılaşmanı imzalayıb qayıdan danışıqlar qrupu ilə görüş keçirib. Birlikdə razılaşmanın həyata keçirilməsi ilə bağlı risklərin qiymətləndirilməsi aparılıb.

Razılaşmanın şərtlərinə əsasən, atəşkəs 19 yanvar, bazar günü qüvvəyə minməlidir. Həmin gün HAMAS-ın əsirliyində olan 33 israilli girovun azad edilməsi prosesi başlamalıdır.

Son ana qədər İsrail kabinetinin cümə günü toplaşıb-toplaşmayacağı bəlli deyildi, çünki nazirlərin əksəriyyəti dini qaydalara riayət edir və yəhudi ənənəsinə görə Şənbə günü (Şabat) cümə axşamı günəş batandan sonra başlayır.

Bununla belə, iclas keçirilib. Bir neçə dini nazir Şəbatın başlaması yaxın olduğu üçün iclası erkən tərk edib, lakin səsvermə üçün səslərinin razılaşmanın xeyrinə nəzərə alınması ilə bağlı göstərişlər verib.

Razılaşma böyük əksəriyyətlə təsdiqlənib.

Əsir yaxınlarının təzyiqi

Bu arada, nazirlər Vaşinqtondan razılaşmanın vaxtında qüvvəyə minməsini təmin etməyi tələb edən baş nazir Netanyahunu və əsir yaxınlarını ciddi narahat ediblər. Yaxınlar baş verənlərdən çox narazı idilər.

Cümə günü əsir ailələri Təl-Əvivdəki Girovlar Meydanında (Təl-Əviv İncəsənət Muzeyinin yaxınlığındakı skverin qeyri-rəsmi adı) toplaşıblar.

Onlar bildiriblər ki, bir ildən çox əsirlikdə olan insanların həyat və azadlığı, nazirlərin Şəbat qaydalarına riayət etməsindən daha vacib olmalıdır.

Eynav Zanquker, əsirlikdə olan Matan Zanqukerin anası, bildirib ki, 468 günlük dəhşətdən sonra ilk dəfə oğlunu qucaqlamağa bu qədər yaxın hiss edir.

"Biz heç bir siyasi düşüncənin bu fürsəti əlimizdən almasına icazə verə bilmərik," — deyə o vurğulayıb.

Anat Angrest, 7 oktyabr hücumu zamanı yaralanaraq Qəzzaya aparılmış hərbi qulluqçu Matan Angrestin anası isə, oğlunun adının HAMAS-ın azad etməyə hazır olduğu ilk girovlar siyahısında olmadığını bildirib.

Qətər razılaşmasının şərtlərinə görə, hərbi qulluqçu olan kişilər ikinci mərhələdə azad ediləcək. Buna görə də, Anat üçün birinci mərhələnin mümkün qədər uğurla və gecikmədən başa çatması çox önəmlidir.

Baş nazirin ofisi razılaşmanın gecikmələrə baxmayaraq vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Əsas nazirlər razılaşmaya qarşıdır

Gözlənildiyi kimi, İsrailin Nazirlər Kabineti HAMAS ilə əldə edilmiş razılaşmanı əksəriyyət səs çoxluğu ilə təsdiqlədi. Lakin bu razılaşma ilə birbaşa bağlı olan siyasi böhran hələ yeni başlayır.

Hökumətin bir neçə üzvü razılaşmaya kəskin şəkildə qarşı çıxır, onların fikrincə, bu, HAMAS qarşısında kapitulyasiya ilə bərabərdir.

Maliyyə naziri Betsalel Smotriç və daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir (önəmli portfellərin sahibləri) razılaşmanın təsdiqlənəcəyi təqdirdə istefa verməklə hədələyiblər.

"Likud" və "Dini Sionizm" partiyalarına müraciət edən İtamar Ben-Qvir, "Hələ gec deyil, biz hələ bir kabinə iclası keçirə bilərik, bu sazişi dayandıraq, mənə qoşulun, biz bunu dayandıra bilərik," deyə səsvermədən əvvəl həmkarlarına müraciət edib.

Onun sözlərinə görə, razılaşma əvvəl təsəvvür etdiyindən daha dəhşətli olub. O, İsrailin əsirləri geri qaytarmaq qarşılığında yalnız Fələstinli məhbusları deyil, xüsusi təhlükəsizlik rejimində saxlanılan məhbusları azad etməyi planlaşdırdığını bildirib.

Razılaşmaya qarşı olanların sırasına diaspor məsələləri naziri Amixay Çikli də qoşulub. O, əsirlərin geri qaytarılmasını dəstəkləyir, lakin ilk hərbi məqsədlər yerinə yetirilməzdən əvvəl İsrailin Fələstinlə Misir arasındakı sərhəddən (Filadelfiya dəhlizi) çıxması halında hökumətdən ayrılmaqla hədələyib.

Razılaşmanın ilk mərhələsindən sonra hərbi əməliyyatların davam etdirilməsini tələb edənlər də var.

Razılaşmanın ikinci mərhələsi davamlı sülh sazişinə keçid, qalan əsirlərin azad edilməsi və ordunun Qəzzə sektorunun əksər bölgələrindən çıxarılmasını nəzərdə tutur.

Üçüncü mərhələdə isə Qəzzə sektorunun bərpasına tam diqqət yetiriləcək.

Yalnız ilk mərhələni dəstəkləyənlərə görə, ordunun sektordan çıxması terrorçuları İsrailə qarşı gələcək aksiyalara həvəsləndirəcək və ilk mərhələdən sonra qalan əsirləri İsrail ordusu özü azad edə bilər.

Əgər bəzi nazirlər təhdidlərini həyata keçirsələr və hökumətdən çıxsalar, bu, İsraili yeni bir siyasi böhrana sürükləyəcək. Hakim koalisiya parlamentdə əksəriyyətini itirə bilər və ya tamamilə dağılacaq.


Səidə Mustafa

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: